Erməni-fars “qardaşlığı”nın izi
Digər xəbərlər

Erməni-fars “qardaşlığı”nın izi

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən hücuma münasibət bildirərkən başqa bir araşdırma mövzusunun da yoluna işıq saldı. Şimali Atlantika Müqaviləsi Təşkilatının yüksək kürsüsündən çıxış edən siyasətçi Tehrandakı hadisənin son 2 ildə Azərbaycanın diplomatik missiyalarına edilən 5-ci hücum olduğuna diqqət çəkdi.

Molla rejiminin hələ də araşdırmasını yekunlaşdıra bilmədiyi sonuncu terror aktı ilə bağlı yerli və xarici mətbuat orqanlarında kifayət qədər yazılar dərc olundu, reportajlar yayımlandı. Bunlarla yanaşı, yüksək səviyyəli rəsmilərin, tədqiqatçı alimlərin də şərhlərinə əsaslanaraq deyə bilərik ki, İranda elçiyə zaval yoxdur fikrinə məhəl qoyulmur və səfirliklərə hücum birbaşa olaraq rejimin istəyi ilə baş tutur. Təbii ki, dövlət istəmədikcə belə hallar baş verə bilməz. Bu səbəbdən də İran diplomatik missiyaların fəaliyyəti üçün əlverişli ölkə hesab olunmur.

İran dövlətinin terrora əl atmasına hətta hadisələrin onun ərazisindən kənarda baş verməsi də mane olmur. Belə ki, ötən ilin 5 avqust tarixində Britaniyadakı səfirliyimizə edilən hücumda da İranın izi var. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı diplomatik nümayəndəliyinə bir qrup radikal dini dəstə daxil olaraq binanın eyvanında dini bayraqlar qaldırıb, dini şüarlar səsləndirmişdilər. O zaman İran bundan yayınmağa çalışsa da, vandalizm aktı törədənlərin “Mehdinin xidmətçiləri birliyi” olduğu ortaya çıxmışdı. Qeyd edək ki, bu birlik molla rejiminin öz pozucu fəaliyyətlərini icra etməsi üçün müəyyən büdcə ayıraraq müxtəlif ölkələrə göndərdiyi şəxslərdən ibarətdir. Onların Azərbaycanın diplomatik təmsilçiliyini hədəf alan hücumunun isə iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmasından qısa müddət sonra baş verməsi diqqət çəkir. Görünür, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola sahib olması ehtimalı Yasir Əl-Həbibin sifarişini icra etdiyi mərkəzi narahat edən məqamlardan biri idi.

Əslində, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın səfirlik və konsulluqlarını hədəf alan hücumların başlanğıcı hələ 16 iyun 2022-ci ildə Fransada qoyulmuşdu. Belə ki, Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Parisdə fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi zamanı erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan assosiasiyaların üzvləri Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışmışdılar. Sözsüz ki, bu təxribatlar da səbəbsiz deyildi. Hadisənin baş verdiyi məkanı və dövrü nəzərə alsaq, xeyli məqam da ortaya çıxır. İnsident məhz “Şuşa İli” çərçivəsində Parisdə yaşanmışdır. Hadisəni törədənlər mənfur düşmənlərimiz, hücuma göz yumanlar isə fransız polisi. Buradan da məlum olur ki, Azərbaycanlı hərbçilərin böyük qəhrəmanlıqla geri qaytardığı Şuşanın adı gələndə rəsmi İrəvan belə təxribatçı addımlarla ürək bulandırmağa çalışır. Bunun üçün də ən ideal məkan elə Paşinyan Administrasiyasının bütün alçaq əməllərinə göz yuman Fransa ola bilərdi.

Bu hücumdan cəmi 3 ay sonra, 2022-ci il sentyabrın 16-da Livandakı Azərbaycan səfirliyinə də hücum edildi. Yenə ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərdi. Digər hücumlardan fərqli olaraq, bu dəfə yerli təhlükəsizlik qüvvələri ilə ermənilər arasında qarşıdurma yarandı. Radikal erməni birləşmələri təhlükəsizlik orqanlarının əməkdaşlarına da hücum etdi.

Fransadan başqa yerdə istədiklərini edə bilməyən ermənilər ötən il sentyabrın 18-də Azərbaycanın Fransadakı diplomatik korpusunun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışdılar. Livandakı hadisədən fərqli olaraq bu dəfə diplomatik missiyamızın təhlükəsizliyini Fransa polisi əvəzinə diplomatik korpusun əməkdaşı təmin etdi. Nəticədə, gözü dönmüş radikal ermənilərin binaya daxil olmasına imkan verilmədi. Fransa digər ölkələrdəki missiyalarımıza edilən hücumları pisləsə, hətta qəti şəkildə yolverilməz adlandırsa da, öz ərazisində hüquqlarımızın tapdalanmasına göz yumaraq ikiüzlü siyasətini bir daha sübut etdi. Eyni ölkədə 2 dəfə Azərbaycanın diplomatik korpusunun hədəf alınması isə siyasətdə olduğu kimi, törədilən terror hücumlarında da Ermənistan hökumətinin Yelisey sarayı ilə əlbir olduğuna işarə edir.

Maraqlı məqam ondan ibarətdir ki, diplomatların binasına edilən basqınlardan 4-ü ötən il baş verib. Bu faktlar son 1 ildə Azərbaycanın siyasi arenada artan nüfuzu və Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətilə izah edilə bilər. Hökumətimizin uğurlu yerli və xarici siyasətini, qlobal nailiyyətlərini həzm edə bilməyən qüvvələr isə beynəlxalq ictimaiyyət tərəfindən terror yuvası kimi təsdiqlənməyə məhkumdurlar. Çünki beynəlxalq hüquq normalarının başlıca prioritet kimi qəbul olunduğu dövrdə səfirliklərin binalarına, diplomatik personala hücum yolverilməzdir və birmənalı şəkildə beynəlxalq cinayət hesab olunur.

Jalə QASIMZADƏ,

“Respublika”.