“Environewsnigeria”: PACJA Azərbaycan Prezidentinə dəstəyini ifadə edir, iqlim liderliyini alqışlayır
Siyasət

“Environewsnigeria”: PACJA Azərbaycan Prezidentinə dəstəyini ifadə edir, iqlim liderliyini alqışlayır

“Environewsnigeria” yazır ki, Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirdiyinə dair bəyanat yayıb. Qeyd edək ki, 51 ölkədən QHT-ləri özündə birləşən,  Keniyada yerləşən PACJA dünyada iqlimlə bağlı fəaliyyət göstərən nəhəng hərəkatdır. Bəyanat Alyansın rəhbəri Mithika Mwenda və 128 Afrika QHT-si tərəfindən imzalanıb.

Bəyanatda bildirilir: "Biz, aşağıda imzaları qeyd olunan vətəndaş cəmiyyəti təşkilatları COP29 sədrliyini və tədbirə evsahibliyi edən ölkəni - Azərbaycan Respublikasını dünya birliyini davamlı, iqlim dəyişmələrinə qarşı dayanıqlı və ekoloji cəhətdən ədalətli gələcəyə doğru aparmaq üçün əhəmiyyətli missiyanı yerinə yetirməyi öz üzərinə götürdüyü üçün səmimi-qəlbdən dəstəkləyirik. Planetar miqyaslı fövqəladə vəziyyət və planetimizin üzləşdiyi təcili ekoloji problemlərlə bağlı ümumi narahatlığımızı nəzərə alaraq, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə öhdəliyini və qlobal diplomatik, siyasi və iqtisadi qarşılıqlı fəaliyyətlərdə nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək dəyərləndiririk”. O da qeyd olunur ki, Azərbaycan COP29-da qlobal lider rolunu öz üzərinə götürdüyü üçün biz Afrika vətəndaş cəmiyyəti təşkilatları olaraq onun faydalı əməkdaşlığı inkişaf etdirmək, iqlim dəyişmələri ilə mübarizəyə töhfələr vermək əzmində olduğuna inanırıq.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.