ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİNDƏ HEYDƏR ƏLİYEV SİYASƏTİ
Digər xəbərlər

ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİNDƏ HEYDƏR ƏLİYEV SİYASƏTİ

Müasir həyatımızı elmsiz təsəvvür etmək olmaz. Artıq elm və texnologiya ölkələrin beynəlxalq səviyyədə mövqeyini, güc faktoru və söz sahibliyini müəyyən edən əsas vasitədir. Müasir elmi biliklər etaplarla inkişaf edərək bugünkü səviyyəyə çatıb. Dünya ölkələrinin hazırkı durumunun analizi göstərir ki, inkişaf etmiş ölkələr yüksək elmi, elmi-texniki və texnoloji potensiala və onların da əsasında yüksək iqtisadi, hərbi qüdrətə malikdirlər. İnkişafda olan ölkələr də elmi biliklərin, texnika və texnologiyaların öz milli və beynəlxalq mənafelərinə müvafiq inkişafı əsasında yüksək yaşayış tərzi, enerji, iqtisadi və hərbi təhlükəsizliyin təmin edilməsi üçün ciddi siyasət yürüdürlər.

Türkiyə, Pakistan kimi qardaş ölkələr də daxil olmaqla onlarla inkişaf etməkdə olan ölkələri buna misal göstərmək olar. Bu ölkələr artıq dünya miqyasında yüksək elmtutumlu texnika və texnologiyalar ixrac edən ölkələr sırasına daxildirlər. Elmin, elmtutumlu texnika və texnologiyaların ölkələrin iqtisadi və hərbi qüdrətində rolunu dünya miqyasında aparıcı yerlərdə duran Rusiya və Çinin timsalında çox açıq şəkildə görmək olar. Dünyanın 10-dan çox inkişaf etmiş ölkələrinin hərbi texnika və texnologiyalarına davam gətirən Rusiyanın elmi və texnoloji suverenliyin əldə edilməsi sahəsində siyasəti diqqətəlayiq olub, öyrənilməsinə və milli mənafeyə uyğun tətbiqinə ehtiyac duyulur.

Müdrik rəhbərimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qələbəmiz qəhrəman ordumuzun müasir elmtutumlu müharibə taktikası nəticəsində qazanılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün azğın erməni işğalçılarına qarşı apardığı müharibə taktikasının dünya ölkələri tərəfindən genişmiqyaslı təhlili aparılır və artıq Rusiya-Ukrayna konfliktində tətbiq olunur. Qalibiyyətli Vətən müharibəsindən sonrakı tarixi dövrün analizi göstərir ki, öz havadarlarına arxayın olan ermənilər sülh müqaviləsindən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bundan başqa, ermənilərlə strateji əməkdaşlıq edən İranın da Azərbaycana münasibəti birmənalı deyil. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin qardaş Türkiyə Respublikası ilə ulu öndərin "Bir millət iki dövlət" prinsipi əsasında respublikamızın iqtisadi, hərbi qüdrətinin yüksələn xətt üzrə inkişafına istiqamətlənmiş siyasəti ilə bu və ya digər təhlükələrin qarşısı uğurla alınır.

Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu gün də qalib mövqeyimizi təmin edən uzaqgörən siyasət yeridir. Azərbaycanda yeni texnoloji inqilabın tələblərinə uyğun elmtutumlu texnika və texnologiyalar geniş tətbiq olunur, xammal iqtisadiyyatından biliklər texnologiyalarına əsaslanan iqtisadiyyata keçid uğurla reallaşdırılır. Azərbaycan regionda deyil, artıq dünya miqyasında söz sahibi olan ölkələr sırasındadır.

Tarixi qələbədən sonra Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni reallığa qədəm qoyub və bu reallığa uyğun inkişaf strategiyası hazırlanır. Yuxarıda qeyd etdiyim kimi, yaranmış reallıqda respublikamızda elmin, müasir elmi biliklərə əsaslanan texnika və texnologiyaların inkişafı xüsusi yer tutur. Bu məqsədlə, son illərdə elm və təhsilin bir-biri ilə sıx əlaqəli inkişafına və bu sahədə əməli fəaliyyətin nəticəliliyinə xüsusi diqqət yetirilir.

Məlumdur ki, respublikamızda dövlətçiliyin dayanıqlılığı, siyasi sabitlik, iqtisadi inkişaf, elmin və təhsilin dövrün tələblərinə uyğun təşkili ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" kimi qeyd edilir. Belə bir hər hansı məsələ üzrə fikir yürütdükdə Heydər Əliyevin respublikaya rəhbərliyinin hər iki dövrünü nəzərdən keçirmək lazımdır.

Heydər Əliyevin respublikamıza rəhbərlik dövrü ölkəmizin elm, təhsil, sənaye, kənd təsərrüfatı sahəsində ən geridə qalmış respublikadan SSRİ-nin inkişaf etmiş respublikaları səviyyəsinə keçid dövrü kimi səciyyələnir. Respublikamızın təhsil sisteminin o dövrdəki durumu real qiymətləndirilərək, kadr potensialının formalaşmasında inkişaf etmiş respublikaların imkanlarına üstünlük verilmiş və Azərbaycan Elmlər Akademiyası yenidən dövrün tələblərinə uyğun təşkil edilmişdi.

Elmin inkişafına ulu öndər həmişə xüsusi diqqət yetirmiş və Azərbaycan Milli Elmlər Akademiyasına respublikamızın milli sərvəti statusu vermişdi. Lakin son illərdə AMEA-nın fəaliyyətinin nəticələri ilə yeni reallıqlar kontekstində inkişaf tempi arasında kəskin uyğunsuzluqlar yaranmışdı. Bu uyğunsuzluğun əsas səbəblərindən biri Akademiyanın strukturunun, fəaliyyət sahələrinin, elmi nəticələrin qiymətləndirilməsi üsullarının keçmiş SSRİ-nin iqtisadi, hərbi və elmi-texnoloji tələblərinə uyğun formalaşdırılmasıdır. Həmçinin Akademiyanın elmi-tədqiqat istiqamətləri postsovet dövründə ölkənin iqtisadi, hərbi, elmi-texnoloji tələbatından çox uzaqlaşmış ,maddi-texniki bazası köhnəlmiş, bəzən isə yararsız hala düşmüşdür.

AMEA-da iş şəraiti və əməkhaqlarının aşağı olması üzündən gənc kadr potensialının zəifləməsi və yüksək hazırlıqlı kadr potensialının yaşlanması, eyni zamanda maddi çətinliklərlə əlaqədar olaraq beynəlxalq elmi-texniki əlaqələrin zəifliyi də bu uyğunsuzluqların səbəblərindəndir. AMEA-nın fəaliyyətinin uyğunsuzluğu, elmi-fəaliyyətin nəticələrinin respublikamızın iqtisadi, hərbi və sair tələblərinə tam cavab verməməsi yeni islahatların aparılmasını zəruri etmişdir. Son dövrlərdə yaranmış vəziyyətdən istifadə edərək elmi "işbazlar" və şəxsi ambisiyaları rəhbər tutanlar AMEA-nın ünvanına tənqidi çıxışlar edirdilər. Orta və yaşlı nəslin nümayəndələrinin yadındadır ki, Azərbaycanda hələ tam sabitlik bərqərar olmadığı bir dövrdə Heydər Əliyev EA-nın üzvləri ilə çox çətin vəziyyətdə olan elmimiz, Akademiyanın durumu və gələcək inkişafı üzrə məsələlərin açıq müzakirəsini apararaq mövcud potensialı qiymətləndirmiş, Akademiyanı Azərbaycanın Elmlər Akademiyası adlandırmaqla elmə Heydər Əliyev münasibətini açıq elan etmişdi. Ulu öndərin SSRİ dövründə elmin, elmi-texniki və elmtutumlu texnologiyaların inkişafında apardığı siyasət dövrünü qabaqlayaraq suveren ölkənin maraqlarına yönəlmişdi.

Ümummilli liderin rəhbərliyinin hər iki dövründə elm, təhsil, elmi fəaliyyət və onun nəticələrinin qiymətləndirilməsi sahəsində həyata keçirdiyi siyasət bu gün də aktualdır. Belə ki, Elmlər Akademiyasında ovaxtkı SSRİ-nin və respublikamızın iqtisadi, texnoloji maraqlarına uyğun problemlərin həlli istiqamətlərində fəaliyyət göstərən, həmçinin respublikamızda sənaye, kənd təsərrüfatı, tibb və xüsusi məqsədli sahələr üzrə texniki və texnoloji məsələlərin həlli üçün sahə elmlərinə aid edilən elmi qurumlar yaradılıb. Elmi fəaliyyət çox kapitaltutumlu olduğundan ən qüdrətli böyük ölkələr də bütün elm sahələrində, xüsusən də, qlobal fundamental məsələlər üzrə elmi qurumlar yaratmaq və yaxud da bu sahədə sərbəst elmi tədqiqatlar aparmaq imkanlarına malik deyildilər. Odur ki, Azərbaycanda müvafiq kadr potensialı olduğu halda qlobal fundamental tədqiqatlar yalnız beynəlxalq elmi kolabrasiyalar çərçivəsində həyata keçirilirdi.

Elmlər Akademiyasının qurumları da tələbat və müvafiq kadr potensialı əsasında yaradılıb. Elmi qurumlara tələbat iqtisadi, hərbi, sosial və digər səbəblərdən formalaşmalı, tələbat faktoru olduğu halda vəsait resursları müəyyənləşdirilməlidir. O dövrdə maliyyə resursları əsasən büdcə tərəfindən problemlər üzrə ayrılırdı. Bütün istehsalat müəssisələrinə elmi-texniki sifarişlər üzrə illik xərclər smetasında müəyyən miqdarda vəsait verilirdi. Bundan başqa, prioritet istiqamətlər üzrə dövlət proqramları təsdiqlənirdi. Bu proqramlara qoşulmaq çox mürəkkəb müsabiqə yolu ilə mümkün olurdu.

Müasir Azərbaycanda milli mənafelər nəzərə alınmaqla elmi-texniki proqram işlənməli və proqramda strateji əhəmiyyətə malik olanlar xüsusi qeyd edilməlidir. Bu proqramlar üzrə elmi fəaliyyətin maliyyə xərcləri müəyyənləşməlidir. Elmi qurumlara vəsait ayırmalar mərkəzləşmiş və yaxud da müsabiqə yolu ilə həyata keçirilə bilər. Dövlət istehsalat qurumlarına cari elmi-texniki məsələlərin həlli üçün əvvəllər olduğu kimi, vəsaitlərin ayrılması üçün qaydalar işlənməlidir.

Elmi qurumların əməkdaşlarının sayı və əlavə kadr yerləri o dövrdə Nazirlər kabineti tərəfindən təsdiq edilirdi. Müasir AMEA-nın qurumlarında işlək kadr potensialı mövcud ştat cədvəlinin ən yaxşı halda 40-50 faizini təşkil edir. Əslinə qalsa, çox mürəkkəb problem olan "şişirdilmiş" yararsız ştatlardan azad olunarsa, elmi qurumlarda maddi texniki təchizat üçün də vəsait kifayət edər. Digər tərəfdən, müasir dövrdə beynəlxalq qrant, layihə və elmi kolobrasiyaların imkanlarından istifadə daha çoxdur.

Elmi qurumların fəaliyyəti əsasən büdcə vəsaitinə görə əldə edilən gəlir, tətbiq, xidmət, çap və istinad kimi fəaliyyətlərlə qiymətləndirilir. Əgər, dəqiq elmlər sahəsində elmi qurum qoyulmuş büdcə vəsaiti müqabilində gəlir gətirmirsə, onun fəaliyyəti müsbət qiymətləndirilmir. Burada uzun müddət fundamental elmi fəaliyyət pərdəsi arxasında gizlənməyə dünyanın heç yerində yol verilmir. Çap olunmuş əsərlər humanitar və riyaziyyat sahəsində əsas kimi götürülə bilər. İstinad faktoru olmayan elmi əsərlər qiymətləndirilmədə əhəmiyyət kəsb etməməlidir.

Elmi qurumlara rəhbərlik əksər istiqamətlər üzrə beynəlxalq səviyyədə tanınmış alimlərdən seçilib təyin edilməlidir və müasir tələblərə uyğun olaraq rəhbərlik strukturu dəyişdirilə bilər. Burada elmi məsləhətçi, menecer və sair vəzifələr də tətbiq oluna bilər. Tətbiq işlərinin sürətləndirilməsi məqsədilə təbiət elmləri institutlarında xüsusi konstruksiya və tətbiq qurumları yaradılmışdı və bu gün də bu məsələ aktualdır. AMEA-da əsasən alim dərəcəli kadr hazırlığı həyata keçirilməlidir. Bu sahədə universitetlərlə sıx əməkdaşlıq edilir. Tabeliyindən asılı olmadan elmi qurumların alimləri, professor və akademikləri respublikada büdcə sistemində ən yüksək əməkhaqqı alanlar siyahısında yer tutur, yüksək kvalifikasiyalı əməkdaşlar mənzil də daxil olmaqla bütün sosial təminatlarla əhatə olunurlar.

Bu misalla göstərmək istəyirəm ki, Heydər Əliyevin apardığı siyasət nəticəsində SSRİ dövründə Azərbaycan Elmlər Akademiyası böyük uğurlar qazanmışdı. Əldə edilən nəticələr və kadr potensialı sonrakı dövrdə AMEA-nın formalaşmasında böyük rol oynamışdır. Həmin dövrdə əldə etdiyimiz biliklər əsasında bugünkü akademik və professorlar dünya miqyasında tanınmış elmi məktəblər yaradıb və respublikamızın elm və təhsil sistemində yararlı fəaliyyətlərini davam etdirirlər. Biz - akademik və professorlar əsasən ölkəmizdə aparılan elm və təhsil islahatlarında elmi məsləhətçi, rəhbər və digər lazım bilinən statusda iştirak etməyə hazırıq. Yeni islahatlarda elmi istiqamətlərin seçilməsi, onların icrası üçün qurumların formalaşması, elmi-tədqiqat fəaliyyətlərinin təşkilində, nəticələrin qiymətləndirilməsində, kadr hazırlığında Ulu öndərimizin rəhbərliyi dövründəki istifadə olunan metodların yeni dövrün tələblərinə uyğun tətbiqi vacibdir.

Elmi fəaliyyətin təşkilində digər mühüm məsələ elmi kadrların attestasiyasıdır. Son dövrlərdə bu sahədə də mətbuatda AAK-ın fəaliyyəti haqqında bir-birinə zidd fikirlər yayılır. Burada artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərən AAK-ın işində çatışmazlıqlar, bəzən nöqsanlara və sair məsələlərə geniş yer verilir. Odur ki, Azərbaycanda elm və təhsil qurumu əməkdaşlarının elmi dərəcə və rütbə üzrə attestasiyasının şəffaf, obyektiv aparılmasını təmin etmək üçün Prezident yanında AAK-ın fəaliyyətinin davam etməsi bütün faktorlara görə məqsədəuyğundur. AMEA-nın üzvləri və bütün yüksək kvalifikasiyalı kadrlar AAK-ın həyata keçirdiyi tədbirlərə əməli fəaliyyətləri, məsləhətləri ilə dəstək olmalıdırlar.

Sonda böyük inamla qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə elm, təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksələcək.

Adil QƏRİBOV,

Akademik.