Elin fəxri
Region

Elin fəxri

Vətən müharibəsi iştirakçısı, I qrup əlil Əfsər Ataxanlıya  yaşadığı Yardımlı rayonunun Horonu kəndində  böyük hörmət göstərirlər.  Burada böyük də, kiçik də  Əfsəri özlərinə iftixar mənbəyi, qürur yeri bilirlər.  O, erməni faşistlərin işğal etdiyi əzəli, əbədi yurd yerimiz olan Qarabağın hər qarışı uğrunda ilk gündən  ağır müharibə meydanında   qeyrətlə, kişi kimi vuruşmuşdu.

Əfsər bir neçə gün ərzində cəsurluq, igidlik, mərdlik göstərməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını məhv edib.  Hər dəfə odun-alovun içinə atılanda son nəfəsə qədər düşmənlə mübarizə aparmağa   and içib. Təəssüf ki, oktyabrın 6-da Füzuli rayonunda    ağır   döyüşlərin  birində boynundan  və sol dizindən qəlpə yarası alıb. Ölümcül yaralanan  Yardımlının qəhrəman oğlu “YAŞAT” Fondu tərəfindən  qardaş Türkiyə Respublikasında müalicə olunaraq  doğma kəndinə  qayıdıb. Dövlət müharibə zamanı göstərdiyi şücaətini nəzərə alıb Əfsər Ataxanlını  “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, Füzulinin, Xocavəndin azadlığına görə  medalları ilə  təltif edib.

İndi elin fəxri Əfsər Ataxanlı doğma kəndində  ömrünün  21-ci ilini yola salır. Adəti üzrə bütün arzularının zirvəsində Vətənin, xalqın xoşbəxtliyi dayanır. Qəhrəmanlığı, yüksək əxlaqı, insanpərvərliyi nəsillərə nümunə ola bilən bir həyat məktəbidir.

Yardımlı RİH başçısı Ayaz Əsgərov Vətən müharibəsinin qəhrəmanı Əfsərin evində olub və onunla görüşüb. Aralarında səmimi söhbət zamanı Əfsər  öz şərəfli döyüş yolundan danışıb.  Onu da bildirib ki,  hər Vətən övladı kimi, mənim də arzum Qarabağı azad edib ölkəmizin bütövlüyünün  təmini idi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər çalaraq 30 ildən sonra 44 günə bu əvəzsiz sevinci xalqına yaşatdı. İndi belə bir qüdrətli ölkənin vətəndaşı olmaqla şərəf duyuram.

İcra başçısı onun  və ailəsinin problemləri ilə maraqlanıb və şəhid ailələri,  Vətən, torpaq uğrunda sağlamlığını itirən  qazilər  ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə tam şəkildə əhatə olduğunu vurğulayıb.

 Zəfər ORUCOĞLU.