Ələt Azad İqtisadi Zonası regional investisiya mərkəzinə çevrilir
İQTİSADİYYAT

Ələt Azad İqtisadi Zonası regional investisiya mərkəzinə çevrilir

Bu, ixracyönümlü iqtisadiyyata malik ölkəmizin uğurlu siyasətinin real ifadəsidir

Ölkəmizdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real ifadəsidir.

Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqeyini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Ümumi sahəsi 850 hektar olan bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.

 Ələt Azad İqtisadi Zonasının yaradılması barədə Qərar 2017-ci ildə, bununla bağlı müvafiq Qanun isə 2018-ci ildə qəbul edilib. Bu proses uğurla davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin 22 may 2020-ci il tarixli, "Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərmanının icrası istiqamətində Ələtdə 1 iyul 2021-ci ildə iqtisadi zonanın təməli qoyulub.

Təməlqoyma mərasimində iştirak edən dövlət başçımız deyib: "Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir". Prezident qeyd edib ki, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.

Mütəxəssislər qeyd edirlər ki, müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı, ixrac səbətinin həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və dolayısı ilə valyuta daxilolmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə də milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması xüsusi əhəmiyyət kəsb edir.

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. İstəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Biz öz işlərimizi bu istiqamətdə aparmalıyıq, o cümlədən qonşu ölkələrlə təmaslar əsnasında. Hüquqi baza var, sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib və biz bunun nəticələrini görürük.

Qeyd edək ki, iyunun 9-da ölkə başçısının iştirakı ilə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı olub. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Ərazinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub. Ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzində investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.

Azad zonalar ən çox beynəlxalq və ya yerli hava və dəniz limanları yaxınlıqlarında yaradılır. Belə ki, bu cür ərazilərdə fəaliyyət göstərən sahibkarlar malların idxalı və ixracı zamanı limanlara yaxın olmaqla daha əlverişli imkanlara malik olurlar. Sahibkarlar tərəfindən idxal edilən mallar, işlər və xidmətlər üçün heç bir gömrük rüsumu və vergi tətbiq edilmir. Həmçinin, sahibkarlar ixracata və ya təkrar ixracata görə də gömrük rüsumu və vergilərdən azaddırlar.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.

Mustafa KAMAL,

"Respublika".