Ekoloji terrora son deyirik
Digər xəbərlər

Ekoloji terrora son deyirik

Dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin bu, baş tutmadı.

Artıq 10 gündən çoxdur ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri ermənilərin Azərbaycan ərazilərində təbii sərvətləri talamasına və ekoloji terror törətməsinə etiraz olaraq aksiya keçirirlər. Dinc şəkildə keçirilən etiraz aksiyasında iştirakçılar hər kəsi ekologiyanı qorumağa çağırır.

Xankəndi-Şuşa yolunda keçirilən aksiyada əsas məqsəd və tələb Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji terrorun qarşısının alınması və Azərbaycanın monitorinq qrupunun bölgəyə buraxılmasına şərait yaradılmasıdır. Baxmayaraq ki, günlərdir aksiya davam edir, hələ də aksiya iştirakçılarının heç bir tələbi yerinə yetirilməyib. Elə bu səbəbdən də azərbaycanlı fəallar irəli sürdükləri tələbləri təmin olunana qədər aksiyanı davam etdirəcəklərində israrlıdırlar. Aksiya iştirakçıları, ekofəallar Ermənistan hakimiyyətindən Azərbaycana qarşı törədilən təxribatları, Qarabağ ərazisindən təbii sərvətlərin işğalçı Ermənistan tərəfindən qanunsuz ixracını dayandırmağı tələb edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bildirdiyinə görə, həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrupun göndərilməsi təmin olunmalıdır.

Ermənistan işğal dövründə Azərbaycanın ictimai və mülki obyektlərini, o cümlədən mədəni abidələrini dağıdıb, təbii sərvətlərini talan edib. Hələ də Ermənistanın Azərbaycan ərazilərində təbii sərvətlərimizə qarşı talançılığı və terroru davam edir. Elə bu səbəbdən də aksiya iştirakçıları kontingentin rəhbəri general-mayor Andrey Volkovun onlarla görüşünü tələb etsələr də, qarşı tərəfdən heç bir reaksiya olmayıb.

Qarabağda ermənilər tərəfindən ekoloji terror hələ 1988-ci ildə Topxana meşəsinin qanunsuz şəkildə qırılması ilə başlayıb. Sonrakı 30 illik işğal dövründə isə bu proses daha geniş şəkildə həyata keçirilib. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən və imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfi də regionda sülhün bərqərar olması üçün addım atmalı idi. Əksinə, Ermənistan tərəfi ötən iki il ərzində qəbul edilən Bəyanatın müddəalarını pozmaqla məşğuldur. Onlar atəşkəsi pozmaqla yanaşı, ərazilərimizə, təbii sərvətlərimizə qarşı talançılıq mövqelərini davam etdirirlər.

Aksiya dinc xarakter daşıyır və tələbi də ekoloji terrora son verilməsi, qanunsuz talan edilmiş Azərbaycan sərvətlərinin xaricə daşınmasına imkan verməməkdir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi yenə də Qarabağda yaşayan erməni əsilli sakinləri öz vətəndaşı hesab edir və həmin insanlara hər cür humanitar dəstək verməyə hazır olduğunu bildirir. Bu isə Azərbaycanın nə qədər sülhsevər bir dövlət olduğunun sübutudur. Hazırda yol humanitar məqsədlər üçün açıqdır. Rusiya sülhməramlıların xeyli sayda humanitar yükdaşıyan avtomobilləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını Laçın yolundan maneəsiz şəkildə hərəkət edir. Aksiya sivil şəkildə davam edir, qətiyyən humanitar yükaparan avtomobillərə maneə yaratmırlar. Baxmayaraq ki, Ruben Vardanyan yenə də öz çirkin əməllərini davam etdirərək yalan məlumatlar yaymaqda davam edir. Guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır. Əslində Vardanyanı Qarabağda yaşayan ermənilərin taleyi narahat etmir. Onu düşündürən uğursuzluğa düçar olan qeyri-qanuni biznesinin əlindən çıxması qorxusudur.

Azərbaycanın ekofəallarının məqsədi yalnız sülhə nail olmaq və bu şəraitdə Azərbaycanın təbiətinə, təbii sərvətlərinə qarşı ermənilərin törətdikləri ekoloji terrora son qoymaqdır. Regionda dinc, rahat yaşayışın təmin edilməsini tələb etməkdir. Və onlar öz tələblərini günlərdir davam edən aksiyada sivil, dinc formada bildirirlər. Bu aksiyalarda Azərbaycanın vətəndaş cəmiyyəti mövqeyi nümayiş etdirilir. Bu isə bölgədə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün heç bir təhdid yaratmır. Artıq bu məsələ, Azərbaycan xalqının ümummilli məsələsinə çevrilib. Əslində biz, öz ərazimizdə, haqqımızı və təbii sərvətlərimizin qorunmasını tələb edirik.

R.MƏHƏRLƏMOVA,

"Respublika".