Ekofəalların dinc aksiyası Azərbaycan gənclərinin vətənpərvərliyinin göstəricisidir
Digər xəbərlər

Ekofəalların dinc aksiyası Azərbaycan gənclərinin vətənpərvərliyinin göstəricisidir

Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycanın Qarabağ ərazisində ekoloji soyqırımı, terror törədib. Düşmən bu torpaqlarda bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurmuş, eyni zamanda İran kimi qonşu dövlətlərlə birləşərək öz hərbi məqsədlərini və narkobiznes ticarətini həyata keçirmişdir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllü gənclərin iştirakı ilə Laçın-Xankəndi yolunda artıq bir aydan çoxdur ki, dinc aksiya davam edir. Ekofəallar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınmasını, həmin ərazilərdə monitorinq keçirilməsinə şərait yaradılmasını tələb edirlər. Gənclərin tələbi qətidir: ekoloqlar "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yatağına buraxılmayanadək, eləcə də qeyri-qanuni istismarla bağlı tələblər  yerinə yetirilməyənə qədər aksiya davam edəcəkdir.

Dünyanı fakt qarşısında qoyan ekofəalların aksiyası Qarabağda təbii sərvətlərimizin talanmasına narazılığın ifadəsidir. Dinc aksiyanın başladığı ilk gündən Ermənistan tərəfi Rusiya və qərb ölkələrindən dəstək istəsə də, az müddət sonra beynəlxalq aləm Azərbaycanın haqlı olduğunu və öz ərazisinin ekoloji istismarına son qoyulmasını tələb etdiyini anladı. Lakin İran və Fransa kimi dövlətlər Ermənistanın müdafiəsinə qalxaraq BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamə qəbul etdirməyə çalışsalar da, heç nəyə nail ola bilmədilər. Bir aydan artıqdır keçirilən etiraz aksiyasında iştirakçılar öz məqsədlərinə  addım-addım yaxınlaşırlar. Ötən bu müddət ərzində Xankəndiyə daşınan silah-sursatın, eyni zamanda,  Qarabağdan qeyri-qanuni şəkildə aparılan əlvan metal filizlərinin Ermənistana daşınmasının qarşısı alınıb.

Azərbaycan gənclərinin, ekofəalların dinc aksiyası beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Çünki ötən müddət ərzində dünya ictimaiyyəti də şahid oldu ki, azərbaycanlı gənclərin, ekofəalların keçirdikləri aksiya dinc, humanitar məqsəd daşıyır. Və əlbəttə ki, burada mülki əhaliyə qarşı heç bir qərəz yoxdur. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanılması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizləmə həyata keçirilməsi barədə əsassız iddiaları böhtandan başqa bir şey deyil. Azərbaycan ekofəalları sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz yollarla daşınmasının qarşısını almaq məqsədilə dinc aksiya keçirir. Belə ki, Ermənistan tərəfindən aparılan qazıntı işləri zamanı 20 hektar meşə zolağı məhv edilmişdir. Məqsəd dünya ictimaiyyətinə bir daha erməni yalanlarını, vəhşiliyini açıb göstərməkdir. Məlumdur ki, Ermənistan və onları müdafiə edən qüvvələr beynəlxalq aləmə car çəkirdilər ki, guya, Azərbaycan tərəfi Xankəndidə yaşayan erməniləri blokadaya alıblar. Halbuki, aksiya keçirilən gündən  indiyə kimi həmin yoldan sülhməramlıların dörd yüzə yaxın yük avtomobili keçib.

Artıq İran avtomobillərinin humanitar yardım adı ilə Ermənistana silah-sursat və narkotik maddələr daşımasının da qarşısı alınıb. Hansı ki, vaxtilə bəzi İran vətəndaşları maşınlarına saxta erməni nömrələri taxaraq bu yolla qeyri-qanuni işlərlə məşğul olur, həm bizi, həm də beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Elə bütün bunları dünya ictimaiyyətinə çatdıran ekofəallar haqlı olduqlarını beynəlxalq aləmə sübut edirlər. Bəli, bu vaxta kimi Laçın-Xankəndi yolunda özbaşınalıq hökm sürürdü. Ermənistan Qarabağda təbii sərvətlərimizi talamaqla yanaşı, İran ilə əlbir olub bu ərazilərdən tranzit yol kimi də istifadə edirdi. 20-yə yaxın İran vətəndaşının qanunsuz olaraq Xankəndiyə getməsi bu özbaşınalığın təsdiqi idi. Bir aydan artıqdır keçirilən dinc aksiya qışın qarlı-şaxtalı havasında Azərbaycan gəncliyinin iradə və mətanətini göstərir.

Xankəndidə yaşayan ermənilər Vardanyanın yalançı vədlərini anlayaraq Azərbaycana ümid bağlayırlar. Əlbəttə ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan bayrağı altında sülh və əmin-amanlıq şəraitində yaşayacaqlarını vurğulayıb. Ekofəalların keçirdikləri dinc aksiyaya isə blokada donu geyindirmək düşmənlərimizin bizə qarşı ədalətsiz mövqeyidir. Artıq dünya ictimaiyyəti,  beynəlxalq aləm bunu çox gözəl başa düşür və Azərbaycan gənclərini dəstəkləyir. Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin keçirdiyi dinc aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə yaratmır. Əksinə, gənc ekofəalların etiraz aksiyası bölgənin təbii sərvətlərinin qorunması ilə yanaşı,  sülhə və əmin-amanlığa çağırışdır. Gənclərin bu addımını yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: "Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Azərbaycan gəncliyi sülh tərəfdarı olduğunu bir daha bütün dünyaya sübut etdi. Aksiyalarda müəyyən nəticələr əldə edilib. Qarabağdakı sözügedən faydalı qazıntı yataqlarının xarici şirkətlər tərəfindən istismarı artıq dayandırılıb. Həmçinin sülhməramlılar bu aksiyalar zamanı Azərbaycan tərəfinin haqlı olduğunu anlayaraq yolu özləri bağlayıb və məsuliyyəti öz üzərlərinə götürüblər. Humanitar yüklər üçün yolun açıq olduğu etiraf edilib. Bir sözlə, gənc ekofəalların etiraz aksiyası əsl vətənpərvərlik nümunəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".