Əkinlər optimal müddətdə suvarma suyu ilə təmin olunur
Region

Əkinlər optimal müddətdə suvarma suyu ilə təmin olunur

Fermerlər əldə olunan  məhsuldarlıqdan razılıq edirlər

İl başa çatır. Təsərrüfat rəhbərləri, əmək kollektivləri il ərzində görülən işləri nəzərdən keçirir, yaxşı göstəricilər təqdir olunur, çatışmazlıqlar, nöqsanlar müzakirə edilir. Qlobal istiləşmənin yaratdığı bir çox fəsadlar suvarma sistemlərini çətinliklərlə üz-üzə qoymuşdur. Muğan-Şirvan bölgəsinin əsas su mənbəyi Kür və Araz çaylarında suyun səviyyəsinin xüsusilə yay aylarında aşağı düşməsi melioratorlardan çevik təşkilatçılıq işi tələb edir.

Respublikamızın ən iri kənd təsərrüfatı rayonlarından olan Sabirabadda cəmi bir il bundan əvvəl suvarma işi bir neçə idarə kollektivi tərəfindən həyata keçirilirdi. Bütün sahələrdə olduğu kimi, idarəetməni daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən hazırlanan yeni layihəyə əsasən Sabirabad rayonunda əvvəllər fəaliyyət göstərən Mexaniki Suvarma İdarəsi və Meliorasiya İdarəsi ləğv edilərək Sabirabad SSİ-nin tərkibinə keçirildi. Bununla da Sabirabad Suvarma Sistemləri İdarəsinin öhdəsində olan suvarma kanalı, hidrotexniki qurğu, nasos stansiyası, aqreqatların sayı iki-üç qat artdı.

İdarənin rəisi Şafiq Heydərov söhbət zamanı vurğuladı ki, çətinliklərə baxmayaraq, yola saldığımız ildə rayon ərazisindəki əkinlər optimal müddətdə suvarma suyu ilə təmin olundular. Bunun nəticəsində fermerlər taxılçılıq, pambıqçılıq, bostan-tərəvəz və ümumiyyətlə, bütün əkin sahələrindən yüksək məhsuldarlıq əldə etdilər. Məsələn, taxıl sahələrində hektarın məhsuldarlığı 40-50 sentnerdən aşağı düşmədi. Pambıq, bostan-tərəvəz də onun kimi.

Bildiyiniz kimi, hazırda idarəmizdə böyük bir kollektiv çalışır. Xidmət etdiyimiz ümumi kanalların uzunluğu 2314, kollektor-dren şəbəkəsinin uzunluğu 3365 kilometrdir. Öhdəmizdə 7391 ədəd hidrotexniki qurğu var. 91 ədəd nasos stansiyasına texniki xidmət göstəririk. İl ərzində 923 kilometr suvarma kanalı, 321 kilometr uzunluğunda kollektor-dren şəbəkəsi lildən təmizlənmişdir. 81 ədəd texniki qurğuda, 12 ədəd nasos stansiyasında təmir işləri görülmüşdür.

Araz və Kür çaylarında suyun səviyyəsinin aşağı düşməsi işimizi çətinləşdirsə də, çıxış yolları axtarıb tapırıq. İdarənin 21 ədəd səyyar dizel nasos stansiyası kollektor və kanallara quraşdırılmaqla fermerlərin su təminatını yaxşılaşdırmışdır.

Dövlət başçımız cənab İlham Əliyevin aqrar sahədə, suvarma təsərrüfatlarında çalışan işçilər qarşısında qoyduğu vacib tələb - su ehtiyatlarından səmərəli istifadə etmək, mövcud sututarlarda itkinin qarşısını almaq barədə tövsiyə və tapşırıqları işimizə əməli köməklik göstərir. Bəli, bir sıra mövcud suötürücü kanallarda su itkisinə yol verilir. Əksəriyyəti torpaq örtüklü olduğundan suvarma suyunu qənaətlə işlətməkdə problemlər yaranır. Həmin kanalların beton örtüklə üzlənməsi günün vacib məsələsidir. Razılıqla deməliyəm ki, dövlət başçımızın təşəbbüsü ilə bir sıra suötürücü kanallara beton örtüklər qoyulmuşdur. Rayonumuzun ərazisində yerləşən "H" kanalını buna misal göstərmək olar. Ən müasir xarici tipli nasoslar vasitəsilə Kür çayından su götürən və uzunluğu 25 kilometr olan, betonla üzlənmiş "H" kanalı 14.198 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Uzun illər sudan korluq çəkən Moranlı, Sarxanbəyli, Əliləmbəyli, digər kəndlər fasiləsiz axıdılan sudan həm məişətdə, həm də suvarmada istifadə edirlər. Başlıcası isə itkiyə yol verilmir. Əlbəttə, bu əhəmiyyətli layihə yaxın illərdə də davam etdiriləcək, suvarma suyunun əkin sahələrinə çatdırılmasında problemlər aradan qaldırılacaqdır.

İl ərzində həyata keçirdiyimiz bir sıra texniki-təşkilati işləri misal göstərmək istəyirəm. Kür və Araz çaylarında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən idarənin 22 ədəd səyyari dizel nasos stansiyası kollektor və kanallara quraşdırılmaqla fermerlərin su təminatını yaxşılaşdırdı. Şıxsalahlı, Surxayoba, Moranlı, Sarxanbəyli kəndlərindən keçən kollektorlar üzərində quraşdırılan elektrik nasos aqreqatları suvarma təminatını normal hala gətirdi. Bundan əlavə, ilin əvvəlində cədvəl tərtib olundu, suyun qənaətlə işlədilməsi üçün fermerlər arasında izahat işləri aparıldı, çətinlikdən çıxış yolları müzakirə edildi. Problemin aradan qaldırılması üçün birgə səy göstərdik. Hazırda 67.212 hektar əkin sahəsini suvarma suyu ilə təmin edirik. Bu qədər sahənin 11.620 hektarında buğda, 9.380 hektarında arpa, 8.354 hektarında pambıq, 3099 hektarında bostan-tərəvəz, digər bitkilər becərilmişdi. İl ərzində hər bir əkin sahəsində ən azı 3-4 dəfə suvarma işi həyata keçirildi.

Tofiq HÜSEYN,

"Respublika".