İkinci Qarabağ müharibəsində sinəsini yanar od edib düşmənin bağrını çatladan Tərzan Qəhrəman oğlu Həşimov 13 aprel 1989-cu ildə dağlar diyarı Lerik rayonunun Bibiyoni kəndində dünyaya göz açmışdır.
Vətənini, doğma yurdunu ürəkdən sevən elin mərd oğlu Azərbaycanın əzəli, əbədi torpaqlarını düşməndən azad etmək üçün hərbçilik peşəsini özünə seçir. Odur ki, xidməti başa vurub orduda qalır. 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmrinə əsasən gizir hərbi rütbəsi alır. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə rabitəçi gizir rütbəsində verilən bütün tapşırıqları ləyaqətlə, mərdliklə yerinə yetirir, zabit heyəti qarşısında həmişə özünü doğruldur. Hərbin sirlərinə mükəmməl yiyələnir, düşmənin dilini səlis öyrənir.
2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə düşmənə qan udduran qəhrəman Tərzan burada yaralanır. Buna baxmayaraq, xüsusi iradə göstərib neytral zonadan döyüş zamanı həlak olan şəhidləri çıxarır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Cəbrayıl, Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə dığalara sarsıdıcı zərbələr endirməklə qələbəyə yol açır. Füzuli rayonunda gedən ağır müharibədə şəhidlik zirvəsinə ucalıb adını tarixə yazır. Dövlət tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda”, “Cəsur əsgər” və digər medallara layiq görülür.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri birlikdə şəhidin doğma kəndində şəhadətə qovuşmasının ikinci ildönümü ilə bağlı məzarını və şəhidlərin əziz xatirəsinə ucaldılmış bulaq kompleksini ziyarət edib, üzərinə gül dəstələri qoymaqla xatirəsinə ehtiramlarını bildirdilər. Sonra rayon icra hakimiyyəti başçısı şəhid Tərzanın ailəsinə baş çəkdi, onların qayğılarını öyrəndi. Bildirdi ki, Tərzan kimi qəhrəmanlar cismən aramızdan getsələr də, mənən qəlblərdə yaşayırlar, hər an ehtiramla xatırlanırlar.
Şəhidin ailəsi isə bütün göstərilən qayğılara görə dövlət başçısına razılığını bildirdi.
Zəfər ORUCOĞLU.