Azərbaycan növbəti dəfə Türkiyənin “Gələcəyə nəfəs!
Ekologiya

Azərbaycan növbəti dəfə Türkiyənin “Gələcəyə nəfəs!" adlı ağacəkmə aksiyasına qoşulub

Azərbaycan "Gələcəyə nəfəs!" şüarı altında kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə növbəti dəfə qardaş Türkiyənin genişmiqyaslı kampaniyasına qoşulub. Qardaş ölkənin bu nəcib aksiyasına töhfə vermək məqsədilə bu gün ölkəmizdə 111 min 111 ağac əkiləcək.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində noyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, nazirliyin və IDEA İctimai Birliyinin könüllüləri, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri aksiya zamanı Müşfiqabadda 11 min 111 ədəd zeytun və şam ağacı əkiblər.

Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ölkəmiz Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına 2020-ci ildən qoşulub. Bu illər ərzində aksiyaya dəstək çərçivəsində respublika ərazisində yüz minlərlə ağac əkilib.

"Biz şadıq ki, digər türk dövlətləri də Azərbaycan və Türkiyə ilə birlikdə bu aksiyada iştirak edirlər. Eyni zamanda, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının liderlərinin IX Zirvə Görüşü çərçivəsində bu aksiya baş tutdu", - deyə nazir qeyd edib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı aksiyada iştirak etdiyi üçün xoş hisslər keçirdiyini bildirib. Diplomat deyib ki, "Gələcəyə nəfəs!" şüarı altında həyata keçirilən ağacəkmə kampaniyası Türkiyənin təşəbbüsü ilə başlayıb. Gələcəyi, iqlimi, təbiəti qorumaq üçün Türkiyə bu aksiyaya start verib. Artıq bu aksiya digər türk dövlətlərində də keçirilir.

Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağac əkiblər.

Səmərqənddə keçirilən ağacəkmə mərasimi ilə eyni vaxtda Azərbaycandan başqa, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Macarıstanda, Özbəkistanda və Türkmənistanda da ağacəkmə aksiyaları təşkil olunub.

Xatırladaq ki, bu aksiyaya 2019-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü elan edilməsindən sonra start verilib.

AZƏRTAC