ƏBƏDİLİK QAZANMIŞ MÜTƏFƏKKİR
Mədəniyyət

ƏBƏDİLİK QAZANMIŞ MÜTƏFƏKKİR

Böyük bəstəkar, publisist, dramaturq, akademik, ictimai xadim Üzeyir Hacıbəyov Qarabağın yetirdiyi dahi şəxsiyyətdir. Mütəfəkkir elmi və bədii yaradıcılığı, daha çox Şərqdə opera sənətinin əsasını qoyduğuna görə Azərbaycan, ümumiyyətlə, Şərq mədəniyyəti tarixində misilsiz xidmət göstərmişdir.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi kəndində (indiki Ağcabədi) doğulmuşdur. İlk təhsilini Şuşada almışdır. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmiş, ibtidai məktəb müəllimi ixtisasına yiyələnmişdi. Uşaqlıq illərindən onda musiqiyə maraq yaranmış, Qarabağ musiqi ənənələri ilə tanış olmuşdu. Təhsilini tamamladıqdan sonra Qarabağda müəllimlik etmiş, bir müddət sonra Bakıya köçmüşdür. Burada həm qəzetdə işləmiş, həm də müəllim kimi fəaliyyət göstərmişdir.

O, 22 yaşı olanda, yəni 1907-ci ildə "Leyli və Məcnun" operası üzərində işləyir və tamamlayır. "Leyli və Məcnun" operası 115 il öncə, 12 yanvar 1908-ci ildə ilk dəfə tamaşaya qoyulur, bununla da dahi bəstəkar Şərqdə opera sənətinin banisi titulunu qazanır. Üzeyir bəy operanın yaranma tarixi haqqında yazmışdır: "Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim. Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi".

"Leyli və Məcnun" operasının böyük müvəffəqiyyət qazandığını qeyd edən mütəfəkkir bu müvəffəqiyyətin səbəbini belə izah edərək demişdir ki, Azərbaycan xalqı belə bir operanın yaranmasını gözləyirdi, "Leyli və Məcnun"da isə əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir. Operanın müvəffəqiyyət qazanmasında artistlərin, xüsusən Məcnun rolunu ifa edən Sarabskinin böyük xidməti olmuşdur. Ümumiyyətlə, ilk Azərbaycan operasının tamaşaya qoyulmasında artist Sarabskinin böyük rol oynadığı qeyd edilməlidir.

"XII əsrdə Nizami Gəncəvinin, XVI əsrdə isə Füzuli qələminin qüdrəti ilə bütün dünyada şöhrət qazanmış bu qədim ərəb əfsanəsi XX əsrdə Üzeyir bəy Hacıbəyovun musiqi fırçası ilə bir daha şöhrətləndi" fikrindən çıxış edən Səməd Vurğun "Leyli və Məcnun" operasında eşidilən səsləri, avazları, heyratiləri, şikəstələri və bayatıları Leyli və Məcnunu bizə Azərbaycan oğlu və Azərbaycan qızı kimi təqdim etdiklərini göstərmişdir. "Leyli və Məcnun" dastanı istər bədii söz mətni, istərsə də musiqi baxımından tam mənası ilə Azərbaycan xalqının orijinal mənəvi məhsulu, onun milli şeir və musiqi mədəniyyətinin gözəl bir incisidir.

Səməd Vurğun avropalıların romans dediyi musiqi əvəzində Üzeyir bəyin Azərbaycan musiqisində "qəzəl" janrını yaratdığını göstərmişdir. Nizaminin "Sənsiz" və "Sevgili canan" şeirlərinə yazılan mənalı musiqi qəzəl janrının ilk gözəl nümunələridir.

"Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım", - deyən Üzeyir bəy operanın həm milli, həm də beynəlmiləl məna daşıdığını bildirmişdir ki, Azərbaycan xalq musiqi incəsənətinin əsaslarını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi. Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, "Koroğlu" operası Azərbaycan dinləyicilərinə, Azərbaycan xalq mahnı və melodiyalarını eyni ilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" operası xalqın doğma musiqi dilində yazılmışdır. Azərbaycanlı olmayan dinləyicilərin "Koroğlu" operasına böyük diqqət yetirməsi o deməkdir ki, bu operanın milli xüsusiyyətləri nəinki onu başqa xalqlardan təcrid edir, əksinə, bunlar operanın beynəlmiləl əhəmiyyətini daha aydın göstərir.

Üzeyir Hacıbəyov Azərbaycan mahnılarının yalnız musiqi elmində istifadə ilə məhdud qalmayıb, başqa elmi əsərlər üçün də mövzu ola biləcəyini yazmışdır. Bəstəkar Azərbaycan mahnılarının etnoqrafik, tarixi, psixoloji və sairə bu kimi elmlərə aid bəhs və müzakirələr üçün də zəmin təşkil edə biləcəyini bildirmişdir.

Sovet hakimiyyətinin ilk illərində Avropa musiqisinə üstünlük verilmiş, Şərq, eləcə də Azərbaycanın milli musiqi alətlərinə mənfi münasibət olmuşdur. Həmin dövrdə musiqi aləti kimi tara qarşı hücumlar vardı. Üzeyir bəy Hacıbəyov kimi milli-mənəvi dəyərlərinə bağlı olan bir çox Azərbaycan ziyalıları isə bu hücumlara qarşı çıxırdılar. Təsadüfi deyildir ki, Azərbaycan poeziyasının klassiki, unudulmaz şair Mikayıl Müşfiq (1908-1939) 1932-1933-cü illərdə qələmə aldığı "Tar" şeirində bu münasibətlə yazırdı: "Oxu, tar! Səni kim unutar?.."

Səməd Vurğun Üzeyir bəy Hacıbəyovun Azərbaycanın milli musiqi alətlərinin müdafiəsi yolundakı fəaliyyətini yüksək qiymətləndirmişdir: "Onun 1935-ci ildə milli çalğı alətlərimizdən notlu bir orkestr yaratması, bu orkestr üçün yazdığı 1-ci və 2-ci simfoniya adlı əsərləri tarixi bir rol oynadı. "Rədd olsun tar və kamança!" deyən, Azərbaycan xalqını öz milli musiqi mədəniyyətindən məhrum etmək istəyən bir çox şərəfsiz və satqın xalq düşmənlərinin kütbaş nəzəriyyələrinə qarşı Üzeyir bəy ilk dəfə milli musiqi alətlərimizin notlu orkestrini yaratdı. O, nəzəri və əməli olaraq, tar-kamança, tütək, yastı balaban, qoşa zurnalar vasitəsilə simfonik əsərlərin ifa olunmasını sübut etdi".

Azərbaycan musiqi mədəniyyətinin tərəqqisi naminə çalışarkən bəstəkar milli musiqi alətlərimizi hücumlardan müdafiə etməklə mənəviyyat tariximizə adını əbədi həkk etmişdir.

"Leyli və Məcnun" operası ilə Şərqdə opera sənətinin əsasını qoyan Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə vəfat etmişdir. Bu il dahi bəstəkarın vəfatından 75 il ötür.

Səməd Vurğun Üzeyir bəy Hacıbəyovun vəfatı ilə əlaqədar 24 noyabr 1948-ci ildə qələmə aldığı "Eşq olsun sənətkara!" şeirində bəstəkarın yazdığı qiymətli əsərlərilə həmişəyaşarlıq qazanacağına inanırdı:

Sən ki, həyat aşiqisən...

            qoy bu eşqin var olsun,

Nəsillərdən-nəsillərə

            adın yadigar olsun!

Aytək MƏMMƏDOVA,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.