ƏBƏDİ XİLASKARLIQ İDEYALARI
Siyasət

ƏBƏDİ XİLASKARLIQ İDEYALARI

Hər bir xalqın taleyində xüsusi önəm daşıyan, onun gələcək taleyini formalaşdıran əhəmiyyətli günlər vardır. Azərbaycan xalqının hər bir fərdinin yaddaşına həkk olunmuş özəl günlərdən biri də 15 iyundur. Bu, sadəcə bir təqvim günü deyil. Bu günün önəmi və əhəmiyyəti yüz illər, qərinələr keçsə də, Azərbaycan xalqının yaddaşından silinməyəcək.

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etməsinə baxmayaraq, ilk illərdə ölkədə xaos, dərəbəylik, qanunsuzluq, özbaşınalıq hökm sürürdü. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi təhlükəsi, qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərmiş Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük dəstəyi ilə Prezident seçildi.

Hakimiyyət illərində Azərbaycanı daim inkişafa aparan Ulu Öndər ölkənin ictimai və siyasi həyatında önəmli addımlar ataraq ölkəmizi dünyanın nüfuzlu dövlətləri arasında ön sıralara yüksəltməyi bacardı.

Bütün sahələrdə olduğu kimi, hüquq və qanunvericilik sahəsində də önəmli addımlar atan Ulu Öndərin rəhbərliyi ilə 1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu, hüquqi islahatların əsası və normativ bazası yaradıldı.

Konstitusiyamızın müəyyənləşdirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin göstəricisi kimi müstəqil məhkəmə hakimiyyətinin yaradılması oldu. Ümummilli Liderin təşəbbüsü ilə hələ 1997-ci ildə qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni qanun qəbul edilmiş, 1998-ci ildə isə məhkəmə islahatlarına dair proqram xarakterli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə Fərman imzalanmışdır. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində 2000-ci ildən etibarən yeni, insan hüquqlarının daha etibarlı müdafiəsinə təminat verən üçpilləli məhkəmə sistemi fəaliyyətə başladı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarında da əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üçün əhəmiyyətli qərarlar qəbul olundu. Məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-islah işini humanistləşdirmək, insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək məqsədilə penitensiar müəssisələr Ədliyyə Nazirliyinin tabeliyinə verildi.

Ulu Öndər Heydər Əliyev tərəfindən humanist cəza-icra siyasəti həyata keçirildi, ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edildi, Azərbaycan, Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə oldu.

Misilsiz xidmətləri ilə dövlətimizi zirvələrə ucaldan Heydər Əliyev xalqımızın əbədi xilaskarı olaraq tarixin ən mühüm səhifələrinə adını qızıl hərflərlə yazdı. Bu gün Ulu Öndərin zəngin siyasi irsi uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın bağrında qanayan yaraya çevrilmiş düşmən tapdağı altında inildəyən torpaqlarımızı qətiyyətli və uzaqgörən siyasəti nəticəsində xalqımızın birliyi və dəstəyinə, şanlı ordumuzun qəhrəmanlığına arxalanaraq azad etdi.

Bu gün mən gənc bir hüquqşünas və ədliyyə işçisi kimi əminəm ki, qürur hissi ilə yaşadığım vətənim Əbədi Xilaskarın ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Günay MƏMMƏDOVA,

Bakı Şəhər Probasiya İdarəsinin

böyük məsləhətçisi.