Əbədi ömür
Sosial həyat

Əbədi ömür

Masallının Ərkivan qəsəbəsində anadan olan şəhid mayor Anar Gülverdi oğlu Novruzov Tovuz döyüşlərində 44 yaşında əbədiyyət adlı dünyasına qovuşub. Cismən aramızdan gedən, ürəklərdə yaşamaqla millətinə iftixar mənbəyi, qürur yeri olan ölümsüz qəhrəman ucaldığı əlçatmaz, ünyetməz zirvələr boyunca yerə nur səpə-sərə 48 yaşına çatdı. Bu münasibətlə masallılılar onun ad gününü keçirdilər, uyuduğu müqəddəs yeri ziyarət etdilər və məzarına təzə güllər düzdülər.

Mərasim iştirakçıları şəhid mayor Anar Novruzovun keçdiyi şərəfli döyüş yolundan qürurla danışdılar.

Masallının mərd oğlu orta məktəbi əla qiymətlərlə qurtarıb, Bakı Neft Texnikumunda (indiki Neft-Energetika Kolleci) 6 ay oxuyub, sonra isə ordu sıralarına gedib. Cəbhə bölgəsində nümunəvi xidməti cəsur əsgərə hörmət qazandırıb. Yaxşı hərbçi olub düşməndən qisas almaq məqsədilə Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) oxuyub. "Taktiki motoatıcı qoşunları komandiri" ixtisasına yiyələnib.

Anar Novruzov 2016-cı ilin Aprel döyüşlərində qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində Vətənin keşiyində durub. Türkiyədə mükəmməl təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Snayperdən atdığı dəqiq atəşlə ermənilərin kabusuna çevrilib.

Anar bizim xoşbəxt gələcəyimiz naminə gözünü qırpmadan canından keçib. Qərinələr keçəcək, onun doğma Azərbaycana bəslədiyi sevgisi gələn nəsillər üçün də örnək olacaq. İndi adı qürurla çəkilən Anar iki övlad yadigar qoyub.

Sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan şəhid mayor Anar Novruzov Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə və ləyaqətli xidmətə görə müxtəlif illərdə "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Doğulduğu Ərkivan qəsəbəsində küçələrdən biri onun adını daşıyır. Vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub.

Zəfər ORUCOĞLU.