Əbədi ehtiram ifadəsi
Sosial həyat

Əbədi ehtiram ifadəsi

Respublikanın hər yerində olduğu kimi, Qobustan rayonunda da şəhidlərimizin xatirəsi əbədiləşdirilir və silsilə tədbirlər həyata keçirilir.

Qobustan rayonunun Bəklə kəndindən olan iki əmioğlunun I Qarabağ müharibəsində Ağdam uğrunda gedən  döyüşlərdə şəhid olmuş, xüsusi təyinatlı əsgər  Gərayev Kənan Valeh oğlu və  II Qarabağ müharibəsində, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kəşfiyyatçı Gərayev Tural Şahin oğlunun xatirələrini əbədiləşdirmək  məqsədilə inşa olunmuş bulağın açılış mərasimi keçirilib. 

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, bir qrup qazi, müharibə iştirakçısı, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə hər iki şəhidin məzarları ziyarət olunub, ruhlarına dualar oxundu. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə çıxış edənlər 30 illik işğal altında olan torpaqlarımızın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışıblar.

Diqqətə çatdırılıb ki, Kənan və Tural kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazıb. Bizə Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daima yaşayacaq.

Şəhid Tural Gərayevin atası Şahin Gərayev çıxış edərək ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Məktəblilər bədii kompozisiya ilə çıxış edərək Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Gərayev Kənan Valeh oğlu 1974-cü il sentyabrın 1-də Qobustan rayonunun Bəklə kəndində anadan olub. 1993-cü ilin əvvəllərində hərbi xidmətə çağırılıb, I Qarabağ müharibəsində  xüsusi təyinatlı əsgər kimi döyüşlərə qatılıb. Kənan Ağdam uğrunda gedən döyüşlərdə ömrünün gənc çağında  1993-cü il iyulun 8-də şəhadətə qovuşub.

Birinci Qarabağ müharibəsində şəhid olan əmisi oğlu Gərayev Kənanın qisasını almağı qarşısına məqsəd qoyan Azərbaycan Ordusunun kiçik çavuşu Gərayev Tural Şahin oğlu kəşfiyyatçı idi. O, 1991-ci il aprelin 29-da anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı böyük rəşadət göstərərək oktyabrın 1-dən 2-nə keçən gecə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid  olmuşdur. Bir oğlu yadigar qalıb.

Şəhid Tural Gərayevin  döyüş yoldaşı qazi Xanlar Məmmədəliyev Turalla bağlı xatirələrini bölüşərək dedi: "Turalla mən neçə il "N" saylı hərbi hissədə xidmət etmişik. Döyüşlərin başladığı ilk günlərdən biz torpaqlarımız uğrunda mübarizədə birlikdə döyüşmüşük.  Füzuli səddi deyilən ərazidə biz  93 nəfərdən ibarət kəşfiyyatçılar ermənilərin qurduqları postları alaraq irəliləyirdik. Beləliklə, öz bölməmizdən 10 kilometrədək irəliyə getmişdik. Onu deyim ki, Tural böyük qəhrəmanlıq göstərərək  aldığı postlardan götürdüyü qənimətlər indi "Qənimətlər parkında" nümayiş olunur. Müharibənin 4-cü günü düşmənin açılan tank mərmisindən Tural şəhid oldu, mən isə qazi oldum".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Tural Gərayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Zəfər bayramınız mübarək əziz şəhidlərimiz!..

Nurəngiz  ADİLQIZI,

"Respublika".