EANA-nın seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb
Digər xəbərlər

EANA-nın seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb

İyunun 11-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Post-COVİD dövründə xəbər agentliklərinin işinin təşkili” mövzusuna həsr olunmuş onlayn seminarı keçirilib.

Seminarı açan EANA-nın baş katibi Aleksandr Giboi minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılmasını təklif edib.

Alyansın İdarə Heyətinin üzvü, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və yerli icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin faciəvi şəkildə həlak olmaları ilə bağlı EANA-nın rəhbərliyi və “Press Association”ın kollektivi adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova başsağlığı verib.

Klayv Marşal qeyd edib ki, dünyanın bir çox münaqişə zonalarında jurnalistlərin həyatları risk altındadır. Əfsuslar olsun ki, hətta sülh dövründə media işçiləri gözlənilməz ölümlə qarşılaşırlar. Məhərrəm İbrahimov və həmkarları da belə faciə ilə üzləşdilər. Onlar öz peşə vəzifələrini qəhrəmancasına yerinə yetirərək həyatlarını itirdilər.

“Press Association” agentliyinin baş icraçı direktoru həlak olan azərbaycanlı media işçilərinin ailələrinə səbir və dözüm diləyib.

Qeyd edək ki, AZƏRTAC azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə əlaqədar EANA-ya müraciət ünvanlayıb və üzv ölkələrin informasiya agentliklərini jurnalist həmrəyliyi nümayiş etdirməyə, Ermənistan tərəfindən mina xəritələrinin verilməsi məsələsini daim gündəmdə saxlamağa çağırıb.

EANA-ya üzv olan informasiya agentliklərinin, o cümlədən AZƏRTAC-ın nümayəndələrinin iştirak etdiyi seminarda Portuqaliyanın LUSA xəbər agentliyinin nümayəndəsi Monika Qarsia və Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal post-COVİD dövründə xəbər agentliklərinin işinin təşkilinə dair təcrübələrini bölüşüblər.

Seminarda iştirakçıların sualları cavablandırılıb.

Avropa Xəbər Agentlikləri Alyansı qitənin 32 aparıcı xəbər agentliyini birləşdirir. AZƏRTAC 2008-ci ildən Alyansın üzvüdür.

AZƏRTAC