DÜŞMƏNIN MINA TERRORU DAVAM EDIR
Digər xəbərlər

DÜŞMƏNIN MINA TERRORU DAVAM EDIR

Ətraf mühitin qorunması bütün dünya üçün prioritet məsələdir. Bu, insanların sağlamlığına və təhlükəsizliyinə böyük təsir göstərir. Lakin son illərdə Ermənistanın Qarabağda ətraf mühitə təcavüzü böyük bir təhlükə kimi qarşımıza çıxır. Ermənilər işğal etdikləri torpaqlarda təbii gölləri kimyəvi maddələrlə çirkləndirib və su resurslarını zəhərləyib. Ermənistanın cinayət əməllərindən biri də meşələrin qırılması və bilərəkdən yanğınlar törətməsidir. Bütün bunlar ekosistemin pozulmasına səbəb olur.

İşğaldan azad edilən bölgələrdə mina terroru davam edir. Ümumilikdə, İkinci Qarabağ müharibəsindən bu günədək 306 nəfər mina qurbanı olub, onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İşğaldan azad olunmuş rayonlarda 2020-ci ilin noyabrından bu günədək 95 min hektardan çox ərazi minalardan təmizlənib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu sentyabrın 10-u Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin son vaxtlarda Qarabağ iqtisadi rayonundakı ərazilərimizə kütləvi şəkildə yeni minalar basdırması, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilir.

"Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. 2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub. Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik", - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.  

Azərbaycan öz məqsədini, sülh məramını hər fürsətdə bildirir, lakin Ermənistan tərəfi torpaqlarımıza 1 milyondan çox mina basdırıb və bu mina xəritələrini təqdim etməyərək öz terrorçu mövqeyini nümayiş etdirir. Ermənistanın Laçın yolundan istifadə etmək istəməsinin də xüsusi səbəbləri var. Onlar buradan minaları, hərbi texnika və silahları, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarını daşımaq niyyətindədirlər, lakin bu qətiyyən yolverilməzdir.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında bildirib: "Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı". Fransa üçün mina terroru tanış məsələdir. Elə buna görə də itirilən canlar onlara heç nə ifadə etmir və bu səbəbdən də Ermənistanın əməllərini dəstəkləyir. Fransanın ermənipərəst mövqeyinin, erməni lobbisinin təsirilə hərəkət etməsinin səbəbi aydındır. Bu iki ölkənin xislətinin oxşarlığı onları yaxınlaşdırır.

Görünən odur ki, Ermənistanın Qarabağda törətdiyi provokasiyalar bölgədə sülh və sabitliyə təhlükə yaradır. Separatçılar bu kimi təxribatçı cəhdlərlə beynəlxalq ictimaiyyətin dəstəyini ala bilməz.

Nurcan SÜLEYMANOVA,

"Respublika".