DÜŞMƏNƏ GÖZ DAĞI, ZƏFƏR SİMVOLUMUZ
Tarix

DÜŞMƏNƏ GÖZ DAĞI, ZƏFƏR SİMVOLUMUZ

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin simvolu olan Hərbi Qənimətlər Parkına böyük maraq onu göstərir ki, xalqımız Aprel döyüşlərindən başlamış, 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləriylə torpaqlarımızın tam bütövlüyü, suverenliyi ilə nəticələnən  qələbənin memarlarını həmişə qəlbində yaşadacaq.

Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik siyasəti və Azərbaycan Ordusunun gücü, qüdrəti, yüksək döyüş ruhu nəticəsində təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad edildi. Bu möhtəşəm Qələbə bütün dünyaya xalqımızın torpaq-yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, milli birliyini nümayiş etdirdi.

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu park Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən hərbi strategiya və taktikanın əyani nəticəsidir. Həmin tarixi gün yaddaşlara əbədi həkk olundu.  

2003-cü ildən indiyədək yürütdüyü siyasətin əsas istiqamətlərini Qarabağ zəfərinə kökləyən, o günün yaxınlaşması üçün daxili və xarici siyasətinin konturlarını düşünülmüş, məqsədyönlü şəkildə müəyyən edən müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman bildirirdi  ki, vaxt gələcək Qarabağ işğaldan azad olunacaq. Bu baxımdan da qürurla deyirik ki, tarixə adını qızıl hərflərlə yazan Ali Baş Komandanımız xalqına verdiyi sözə həmişəki kimi, yenə də sadiq qaldı. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə  müharibədən sonra açıq səma altında muzey – Hərbi Qənimətlər Parkı salındı.

Vaxtilə ermənilər Birinci Qarabağ müharibəsindən sonra ələ keçirdikləri  azərbaycanlılara məxsus şəxsi maşınların nömrələrini işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Ermənilərin uzun illər ərzində bu lövhəni xarici turistlərə nümayiş etdirərək orduları haqqında yaratdıqları mifi Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində yerlə bir etdi. Azərbaycanlılar, əli silahsız əhali, öz şəxsi maşınlarını qoyub çıxmışdılarsa, ermənilər Azərbaycanın Ali Baş Komandanının qətiyyəti, prinsipiallığı, qəhrəman əsgər və zabitlərimizin döyüş əzmi qarşısında tab gətirə bilməyərək postları, ağır texnikalarını, raket komplekslərini, hərbi nəqliyyat vasitələrini, silah və sursatlarını qoyub qaçaraq, fərarilik etdilər. Həmin o sursatların hamısı bu gün Qənimətlər parkında Azərbaycan xalqına və bütün dünyaya nümayiş olunur. Bu, düşmənə ən layiqli cavabdır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib. Belə ki, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Bu gün həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər M” raketinin qalıqları da sərgilənir.

Vurğulamaq lazımdır ki, 44 gün davam edən Vətən müharibəsində döyüş informasiya cəbhəsində də davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlər Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı  qənimət götürülən “T-72” tankı və PDM (piyadaların döyüş maşını) də Hərbi Qənimətlər Parkına gətirilib.

Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə sərgilənən eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa imkan yaradır. Ali Baş Komandan, Prezident  cənab İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan  Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək.  Görəcək ki, bu qələbələri əldə etmək nə qədər çətin idi.  Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı.  Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

Parkın fəaliyyətə başladığı gündən artıq üç il ötür. Lakin buna baxmayaraq, hələ də istər respublikamızın sakinləri, istərsə də ölkəmizə təşrif buyuran qonaqlar buranı dönə-dönə seyr edirlər. Parkı ziyarət edənlər böyük qürur hissi keçirməklə yanaşı, burada mənəvi rahatlıq tapdıqlarını bildirir, Hərbi Qənimətlər Parkının ərsəyə gəlməsi üçün canından-qanından keçən şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə şəfa, dövlət başçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə  sonsuz təşəkkürlərini ifadə edirlər.

Nurəngiz ADİLQIZI,

“Respublika”.