Dünyanın ən yaşıl şəhərləri...
Ekologiya

Dünyanın ən yaşıl şəhərləri...

Dünya dəyişir. Dəyişən təkcə dəyərlər deyil, həm də təbiətin özüdür. İnsan əməlinin əziyyətini çəkən təbiət artıq dilə gəlib. İndi insanlar da öz günahlarını yumaq üçün təbiətin "könlünü almaq" istəyir. "Yaşıl texnologiya", "yaşıl enerji" layihələrini reallaşdırmaqla təbiətin çirklənməsinin qarşısını almağa, onu qorumağa çalışan insanlar, hətta dünyanın "yaşıl şəhərlər"ini də seçib müəyyənləşdirir, bu layihənin daha da genişlənməsi üçün səy göstərirlər. Çünki təbiəti qorumaq elə dünyanı qorumaq deməkdir...

2021-ci ildə 2020-ci il üzrə Avstriyanın paytaxtı Vyana şəhəri "Dünyanın ən yaşıl şəhəri" seçilib. Belə ki, bu qərar Kanada-Amerika konsaltinq şirkəti "Resonanse" tərəfindən dünyanın 100-dən artıq şəhərində park və ictimai yaşıllıqların şəhərin ümumi sahəsində pay nisbəti, bərpaolunan enerji mənbələrindən istifadə, havanın təmizliyi, piyadalar üçün yollar, ictimai nəqliyyat və eləcə də regional məhsulların təqdim olunduğu bazarlarla bağlı vəziyyət araşdırıldıqdan sonra verilib. "Dünya günü"nün 50 illiyi münasibətilə tərtib olunan siyahının ilk onluğunda Vyana, Münxen, Berlin, Madrid, San- Paulu, Mançester, Lissabon, Sinqapur, Amsterdam və Vaşinqton şəhərləri yer alıb.

Vyana şəhərinin birinci yerə layiq görülməsində şəhərdə tətbiq olunan müasir mobillik ideyaları və ictimai parkların çoxluğu kimi faktorlar əsas rol oynayıb. Dunay Subasarı Milli Parkının bir hissəsinin şəhər ərazisinə düşməsi, onun Vyana meşələrinin əhatəsində olması da hər metropolda rast gəlinməyən hal kimi dəyərləndirilib. Şəhər ərazisinin 53 faizi "yaşıl zona"dan ibarətdir.

Həmin il Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Avropa İttifaqının Azərbaycanda "yaşıl şəhər" layihəsini həyata keçirməyə qərar verdiyini açıqlayıb. Onun sözlərinə görə, layihə Mingəçevir və Sumqayıtda icra edilə bilər. Nümayəndə deyib: "Layihə yaşıl ətraf mühitin yaradılmasını, rəqəmsal əlaqələndirməni özündə ehtiva edir". "Yaşıl şəhər" Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramının növbəti işçi sənədi 2020-ci ildən sonrakı dövr üçün 5 prioritetdən ibarətdir. Bu prioritetlərə xırda və orta biznesə birbaşa dəstək vasitəsilə dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyatın dəstəklənməsi, kənd ərazilərinin innovativ inkişafı, Bakı limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildir. Sənəddə deyilir ki, Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları seçilmiş bölgələrdə enerji səmərəliliyini nəzərdə tutan ağıllı və yaşıl şəhərləri dəstəkləməyə hazırdır. Burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir.

2022-ci ilin iyulunda isə respublikanın ikinci şəhərinin ekoloji durumuna əhəmiyyətli dərəcədə təsir edəcək "Gəncə - yaşıl şəhər" layihəsinin təqdimat mərasimi keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyilə reallaşdırılacaq uzunmüddətli layihə üçün əsas fəaliyyət istiqamətləri üzrə proqram hazırlanıb. Gəncədə keçirilən görüşdə də AYİB-in ekspertləri bu haqda ətraflı məlumat verib.

300 min nəfərdən çox əhalisi olan Gəncə Azərbaycandan bu layihədə iştirak edən ilk şəhərdir. Avropada isə "yaşıl şəhərlər" şəbəkəsinə 56 şəhər qoşulub. Layihə iki istiqamət üzrə həyata keçiriləcək. Bunlardan biri bərk məişət tullantılarının idarə edilməsidir. Bu yöndə, Gəncədə tullantıların utilizasiyasını həyata keçirmək üçün poliqonun inşası nəzərdə tutulur. Digər istiqamət isə küçə işıqlandırılması ilə bağlıdır. Bu proqram çərçivəsində ölkənin ikinci böyük şəhərində 900-dən çox küçənin işıqlandırma sistemi müasir səviyyədə yenidən qurulacaq və bu zaman alternativ enerjidən istifadəyə üstünlük veriləcək. Artıq hər iki layihə üzrə işlərə başlanılıb. Hər iki layihənin reallaşdırılması məqsədilə ilkin mərhələdə Avropa İttifaqının qrantı şəklində bərk məişət tullantılarının idarə olunması üçün 10, küçə işıqlandırılması üçün isə 2,5 milyon avro nəzərdə tutulub. Ümumi olaraq 25 milyon avro civarında məbləği əhatə edən "Yaşıl şəhər" layihəsi çərçivəsində şəhərin bütün infrastruktur prioritetləri öyrənilərək uzunmüddətli proqram tərtib ediləcək.

Ötən ilin noyabrında isə Gəncə Şəhər İcra Hakimiyyətində Yaşıl Şəhər Fəaliyyət Planının (YŞFP) ilkin təqdimatı olub. Layihə rəhbəri Katalina Qalleqo deyib: "Biz yaşıl şəhərin ana xətti üzərində işləyirik, şəhərin mövcud ekoloji vəziyyətini əks etdirən və ətraf mühitin abadlaşdırılmasına, vətəndaşların, yerli ictimaiyyətin yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edəcək bir sıra prioritet məsələləri əks etdirən göstəriciləri qiymətləndiririk. Seminarın məqsədi texniki qiymətləndirmənin nəticələrini təqdim etmək və bu nəticələri maraqlı tərəflərlə birgə yoxlamaq, şəhərin problemlərini prioritetləşdirmək və Gəncə Yaşıl Şəhər Fəaliyyət Planının vizyonunu, məqsədlərini və hədəflərini müəyyənləşdirməkdir".

Dekabrda Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planının (YŞFP) hazırlanması üzrə Layihə İşçi Qrupunun iclası keçirilib. İclasda layihə çərçivəsində görülmüş işlər barədə danışılıb.

Beləliklə, ölkəmizdə "ən yaşıl şəhər" layihəsinin reallaşdırılmasına start verilib. Məqsəd dünyanın ən yaşıl şəhərlərinin sırasına düşməyə layiq olan bölgəni müəyyənləşdirməkdir. İnanırıq ki, dünyada böyük nüfuz qazanan Azərbaycan digər bir çox sahələrdə olduğu kimi, bu istiqamətdə də fərqlənən ölkələrdən olacaq. Çünki bu məmləkətdə "ən yaşıl şəhər" statusu almağa layiq şəhərlərimiz çoxdur...

Zümrüd QURBANQIZI,

"Respublika".