Dünyanın diqqəti bir daha Bakıda
Siyasət

Dünyanın diqqəti bir daha Bakıda

Məlum olduğu kimi, Bakı Enerji Həftəsi üç mötəbər tədbiri özündə birləşdirdi. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 12-ci Xəzər beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji forumu. Hər kəs razılaşar ki, 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan və Bakı Enerji Həftəsi adlanan tədbir təkcə Azərbaycanın enerji gündəliyinin deyil, eyni zamanda geosiyasi gücünün müzakirə edildiyi mühüm bir beynəlxalq platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə cənab Prezidentə ünvanlanan təbrik məktubları və eləcə də tədbirdə 37 ölkədən 300-dək dünyanın aparıcı şirkətlərinin iştirakı bunu bir daha təsdiqləyir.

Bu il keçirilən Bakı Enerji Həftəsini önəmli edən məqamlardan biri də tədbirin "Əsrin müqaviləsi"nin imzalanmasının 30 illiyi ərəfəsinə təsadüf etməsidir. Açılış mərasimində çıxş edən cənab Prezident də son 30 ildə görülən nəhəng işlərə, əldə olunan nailiyyətlərə, dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı əhəmiyyətli rola qiymət verərək ölkəmizin etibarlı tərəfdaş olduğunu təsdiqlədiyini bildirdi.

Prezidentin də qeyd etdiyi kimi, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və ölkəmiz faktiki olaraq humanitar fəlakətlə üzləşmişdi. Ölkədə olan vətəndaş müharibəsi isə Azərbaycanı uçuruma aparırdı. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və dönüş nöqtəsi oldu. İrimiqyaslı iqtisadi islahatlara, yeni demokratik Konstitusiyanın qəbul edilməsinə, senzuranın ləğvinə və enerji sektoruna investisiyaların cəlbinə şərait yaratdı. Beləliklə, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı.

Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün deyil, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini göstərir.

Prezidentin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi önəmli mesajlardan biri də "Bizim sözümüz imzamız qədər dəyərlidir" çağırışı oldu. Bunun bir həqiqət olduğu artıq hər kəs tərəfindən qəbul olunur və təqdir edilir. Belə ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr üzrə öhdəliklər ölkəmiz tərəfindən tam şəkildə icra olunub. Cənab İlham Əliyevin də dediyi kimi, onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində sürətli inkişafın şahidiyik.

Son olaraq qeyd edim ki, keçirilən tədbirlər və Prezidentin çıxışı Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin imkanlarının dünya birliyinə çatdırılması, Azərbaycanın uğurlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər kəs ölkəmizin necə sürətlə inkişaf etdiyini, öz imkanlarına görə olduqca böyük uğurlu layihələr həyata keçirdiyini görür.

Yusif BAĞIRZADƏ,

politoloq.