Dünya ictimaiyyətindən ekofəallara dəstək
Digər xəbərlər

Dünya ictimaiyyətindən ekofəallara dəstək

Bildiyimiz kimi, ötən il dekabrın 12-dən başlayan ekoaksiya artıq 79 gündür ki, davam edir. Aksiya tələblər yerinə yetirilənə qədər davam edəcək. Aksiya iştirakçıları Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasını tələb edirlər.

“O gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir”. Bu sözləri yerli televiziya kanallarına  müsahibəsində Prezident İlham Əliyev bildirib. O, Azərbaycan gəncliyini yüksək səviyyədə dəyərləndirərək deyib: “Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar. Öz haqlarını tələb edirlər və bir də Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.

Dinc etiraz aksiyasına Gürcüstan, Qırğızıstan, İsveçrə, Avstriya, həmçinin Pakistandakı Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut və Gənc Diplomatlar Forumu, İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı, Gürcüstan Müsəlman Gənclər Mərkəzi, Qırğızıstanın Gənclər Təşkilatı da dəstək bəyanatı ilə çıxış ediblər.

Avstriyadakı həmyerlilərimiz Vyana şəhərində BMT bölməsinin yerləşdiyi mərkəzin qarşısında ekofəallara dəstək aksiyası keçiriblər. Onlar: “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” və s. kimi şüarlarla çıxış ediblər.

İsveçrənin Davos şəhərində də küçə boyu davam edən yürüşdə “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!” və s. şüarlar yer alıb.

Həmçinin gürcüstanlı politoloq da dinc aksiyaya dəstəyini bildirib: “Mən sıravi bir Gürcüstan vətəndaşı olaraq, Azərbaycan ərazilərindəki olan vəziyyətdən olduqca narahatam. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Xankəndi-Laçın yolunda ekoloji fəalların keçirdikləri aksiya olduqca haqlı aksiyadır. Bu ərazilər Azərbaycan ərazisidir və buradakı təbii sərvətləri heç kim mənimsəyə bilməz. Nə ermənilər, nə də ki rusiyalı oliqarxlar.  Mən aksiyanı dəstəkləyirəm və davam etməsinin tərəfdarıyam. Bütün dünyaya ermənilərin Azərbaycan ərazilərindəki təbii sərvətləri oğurladıqlarını göstərmək və onları cəzalandırmaq lazımdır”.

Qeyd edək ki, aksiya iştirakçıları soyuq hava şəraitinə baxmayaraq, öz haqlı mübarizələrindən geri dönmür və tələbləri yerinə yetirilməyənə qədər dönməyəcəklər.  Onlar günlərini  Azərbaycan Himni ilə açıb, vətənpərvər mahnılarla davam etdirirlər. Aksiya iştirakçıları:  “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” və s. kimi şüarlar səsləndirirlər. Azərbaycan gəncliyi bir daha dünyaya öz gücünü göstərəcək.

Töhfə SƏMƏDOVA,

“Respublika”.