Dünya azərbaycanlıları qürur hissi keçirir
Siyasət

Dünya azərbaycanlıları qürur hissi keçirir

Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. 2003-cü il prezident seçkiləri ölkəmizin yeni intibah dövrünün və xalqın azad, xoşbəxt, firavan gələcəyinin XXI əsrdə yeni mərhələdə davamı kimi tarixə yazıldı. Cənab İlham Əliyev islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını müəyyənləşdirdi.

Bu illər ərzində həyata keçirilən siyasi kursun əsas hədəfi  dövlətimizin müstəqilliyinin etibarlı şəkildə qorunması və ən əsası isə ərazi bütövlüyünün təmin edilməsi oldu. Ötən 20 il ərzində ulu öndərin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri daha da inkişaf etdirildi, şanlı qələbəmiz üçün zəmin yarandı. İqtisadi yüksəliş səviyyəsinə görə dünyanın inkişaf edən dövlətlərindən birinə çevrilən Azərbaycan hərbi quruculuğu yüksək səviyyədə apardı, silahlı qüvvələrimiz dünyanın müasir, qüdrətli orduları siyahısına daxil oldu.

2016-cı ilin Aprel zəfəri, 2020-ci ilin Tovuz qələbəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya bəyan etdi. 2020-ci il sentyabr ayının 27-də bədnam qonşularımız növbəti dəfə hərbi təxribat törədərək ölkəmizin yeni ərazilərini ələ keçirmək istədilər. Amma öz siyasi və hərbi gücünü, daha doğrusu, gücsüzlüyünü və rəzilliyini düzgün hesablaya bilməyən faşist xislətli, terrorçu Ermənistan dövləti və Paşinyan hakimiyyəti bu dəfə biabırçı məğlubiyyətə uğradı. Müzəffər ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə  başlayan müqəddəs Vətən savaşımız böyük qələbə ilə nəticələndi. Vətən müharibəsinin ilk anlarından Ali Baş Komandanımız İlham Əliyevin müdrik və cəsarətli qərarları, bütün dünyaya örnək olan xalq-iqtidar birliyi, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyi, ən başlıcası isə  komandanlığın əmrlərini ən yüksək səviyyədə yerinə yetirən zabit və əsgərlərimizin rəşadəti hesabına 30 ilə yaxın əsarətdə qalan torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edildi.

Noyabr ayının 8-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etməyə hazırlaşdığımız bir məqamda isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini  xalqımıza çatdırmaqla şanlı tariximizin ən şərəfli, ən qürurlu səhifələrindən birini yazdı.

Erməni vandalları Vətən müharibəsində tarixi qələbəmizdən sonra ayrı-ayrı vaxtlarda Qarabağın müxtəlif ərazilərində mütəmadi olaraq təxribatlarını davam etdirdilər, xoş növrağımızı pozdular. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu növbəti dəfə gücünü göstərdi. Cəmi 23 saat ərzində antiterror tədbiri uğurla başa çatdı, ərazilərimizdəki erməni separatçıları və onların hərbi bazaları Azərbaycan ordusu tərəfindən zərərsizləşdirildi. Ermənilərin başına dəmir yumruq dəydi, terrorçu dəstələrin əksəriyyəti Qarabağ ərazisini tərk etdi, qəddar, şovinist, vəzifə başında olan erməni terrorçuları yaxalandı...

Oktyabrın 15-də xoş bir xəbər xalqımızın, Dünya azərbaycanlılarının diqqətini qədim yurd yerimiz doğma Xankəndiyə yönəltdi. Xankəndinin səması başdan-başa açıq idi. Şəhərin mərkəzində illərlə həsrətində olduğumuz üçrəngli Azərbaycan bayrağı dalğalanırdı.

Ölkə başçımız iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifəsini icra etməyə başlayanda qarşısına məqsəd qoymuşdur ki, Azərbaycan bayrağı işğal olunmuş bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılacaqdır. Məqam, vaxt yetişdi, oktyabrın 15-də möhtərəm Prezidentimiz İlham Əliyev erməni terrorçularından azad olunan Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Dövlət Bayrağı ucaldıqdan sonra Prezident İlham Əliyev dedi: "Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin  addımları  nəinki bölgədə, daha böyük coğrafiyada  böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır".

Ölkə başçısı sözünə davam edərək vurğuladı ki, bu qələbə, Xankəndidə Azərbaycan bayrağının ucaldılması bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Oktyabrın 15-də həmçinin Xocavənd şəhərində, Sərsəng Su Anbarının ərazisində, Xocalı şəhərində, Əskəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldı.

Prezident İlham Əliyev Xankəndidə olarkən vurğuladı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.

Əfsanələri reallığa çevirən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və sərkərdəlik məharəti sayəsində Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması Dünya azərbaycanlılarını ürəkdən sevindirir. Bu tarixi qələbədən qürur hissi keçiririk.

Nuran ABDULLAYEV,

Almaniya Azərbaycanlıları Alyansının

sədri, tibb elmləri doktoru, dosent.