Dövlətimiz gənclərə böyük dəstək göstərir
Sosial həyat

Dövlətimiz gənclərə böyük dəstək göstərir

Hər il avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd gənclərə lazımi diqqət göstərmək, cəmiyyətin bütün sahələrində onların iştirakına təkan verməkdir. Azərbaycanda da ölkəmizi dünyada layiqincə təmsil edən kifayət qədər gənc var. Belə istedadlı gənclərdən biri də Prezident mükafatına layiq görülmüş Reyhan Camalovadır. O, 2017-ci ildə qurulan Reynerci (Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.

Hazırda ABŞ-ın məşhur Pensilvaniya universitetinin üçüncü kurs tələbəsi olan Reyhan Camalova burada kompüter elmləri üzrə tam təqaüdlü təhsil alır. O, "Forbes" jurnalının 30 yaşdan aşağı 30 gənc araşdırmaçı siyahısına düşən ilk azərbaycanlıdır. Reyhan Camalova, həmçinin 2019-cu ildə Türkiyədə "TRT" tərəfindən gənclər mükafatına, 2021-ci ildə isə Almaniyanın paytaxtı Berlində keçirilən "Greentech" festivalı nəzdində gənclər kateqoriyası üzrə "yaşıl" mükafata layiq görülmüşdür. Bundan başqa, dünyanın ən böyük gənclər sammiti olan "One young world" sammitinin səfiri və BP-nin "Net zero" təqaüdçüsü kimi sammitin Azərbaycan təmsilçisidir. Eyni zamanda ABŞ, Hindistan, İsrail, Honkonq, Fransa, Vyetnam, BƏƏ, Türkiyə, Rusiya və İngiltərə kimi ölkələrdə keçirilən sammit və konfranslarda Azərbaycan gəncliyini layiqincə təmsil etmişdir.

 Beynəlxalq Gənclər Günü ərəfəsində bizimlə söhbətində Reyhan Camalova deyib: "Çox sevindirici haldır ki, gənclərin uğurlarını dövlətimiz çox yaxından izləyir və onları dəstəkləyir. Deyə bilərəm ki, mən də bir çox gənclərimiz kimi, bu dəstəyi görmüşəm. 2018-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşümüz baş tutdu. Görüş çox səmimi, gözəl keçdi. Mehriban xanım həmin görüşdə bütün Azərbaycan gənclərinə, o cümlədən mənə dəstək olduğunu vurğuladı. Bu, həqiqətən də mənim üçün çox böyük bir qürur hissi idi. Belə bir görüşün baş tutması, eləcə də görüş çərçivəsində Leyla xanım Əliyeva ilə də söhbət etməyə imkan yaranması dövlətin gənclərə göstərdiyi diqqəti, qayğını özündə əks etdirir. Dövlətimiz biz gənclər üçün hər cür şərait yaradıb. Buna misal olaraq, gənclərin xaricdə təhsil almaları üçün Dövlət Proqramını göstərə bilərik. Bilikli, istedadlı hər bir gənc bu təqaüddən yararlanaraq öz istədiyi sahə üzrə dünyanın ən məşhur universitetlərində təhsil ala bilir. Bundan əlavə, öz biznes ideyasını reallaşdırmaq, biznes modelinə çevirərək startap qurmaq istəyən gənclər üçün də ölkədə müxtəlif inkubasiya, akseperasiya mərkəzləri var ki, onlardan yararlana bilərlər. Bundan başqa, Azərbaycanda müxtəlif qrant layihələr həyata keçirilir ki, bu da yenə də öz ideyalarını gerçəkləşdirmək istəyən gənclər üçün böyük fürsətdir. Əslində indiki dövrdə özünü inkişaf etdirmək, öyrənmək istəyən hər bir kəs üçün çox resurslar var. Sadəcə internetə nəzər yetirsək, bir çox resursların olduğunu görərik. Bundan başqa, tamamilə ödənişsiz kurslar da mövcuddur. Düşünürəm ki, öyrənmək sinif otağı və ya universitetdə dərs otağı çərçivəsində məhdudlanmamalıdır. Biz hər zaman özümüzü inkişaf etdirməliyik. Həyatda hər şey mümkündür. Əgər biz istəyiriksə öz məqsədimizə nail ola bilərik. Buna görə də özümüzü, öz potensialımızı limitləyən düşüncələri bir kənara qoymalıyıq. Yəni böyük xəyallar qurmaqdan qorxmamalıyıq. Ölkəmizin - Azərbaycanımızın gələcəyi biz gənclərin əlindədir. Biz gənclərə yaradılan şəraitdən hərtərəfli yararlanaraq özümüzü daim inkişaf etdirməli və dövlətimizin xoş gələcəyi üçün var gücümüzlə çalışmalıyıq.

Nəzrin ELDARQIZI,

"Respublika".