Dövlət qayğısının əməli ifadəsi
Region

Dövlət qayğısının əməli ifadəsi

Birinci və İkinci Qarabağ müharibəsində, 30 ilə yaxın davam edən atəşkəs dövründə Ağdam rayonundan 6 min nəfərə yaxın insan Ermənistan silahlı qüvvələri tərəfindən şəhid olub. Bu torpaq şəhid qanı ilə suvarılıb, Ağdamda ata oğlu, qardaş qardaşı ilə amansız müharibədə erməni işğalçılarına qarşı mərdliklə, cəsarətlə döyüşüb. İki evdən birinə şəhid atəşi düşüb, Ağdamda üç Şəhidlər Xiyabanı salınmışdı.

Ağdam torpağında hər addımda şəhid şəkilləri ilə rastlaşırsan, hər küçədə şəhid bulaqları çağlayır, hər kənddə şəhidlərin xatirəsinə ucaldılan abidələrlə rastlaşırsan, şəhid ailələri üçün tikilən evlər dövlət qayğısından, doğma münasibətdən xəbər verir. Ağdam rayonunun Çəmənli kəndində rayon icra hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidi Emil Qurbanovun ailəsi üçün tikilmiş 2 otaqlı fərdi yaşayış evinin açılış mərasimi keçirilib.

Emil Rafael oğlu Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub, ən ali məqama yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Fərdi evin açılış mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, icra hakimiyyəti aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının üzvləri, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəhrəmanın ailə üzvləri üçün inşa edilən yeni və müasir evin açılış mərasimində iştirak edənlər bildiriblər ki, respublikamızda şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı hər bir azərbaycanlının ürəyindən xəbər verir. Şəhidin ailə üzvləri diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Salman ALIOĞLU,

"Respublika".