Rəşadətli döyüş yolu
Region

Rəşadətli döyüş yolu

Zaqatalada "Şəhidlərin Xatirə Abidəsi" rayon icra hakimiyyətinin sifarişi ilə yenidən və əsaslı şəkildə bərpa edilib.

Termoqranit materiallarla abidənin döşəməsi və divar səthləri üzlənib, bu müqəddəs guşə işıqlandırılıb.

Tariximizin qan yaddaşı Xocalı soyqırımı ilə bağlı Zaqatala şəhərindəki "Ana fəryadı" abidəsi də ziyarət yerinə çevrilib.

Müsahibim şanlı Zəfərimizi Azərbaycanımıza bəxş edənlərdən biri - ehtiyatda olan polkovnik-leytenant Anar Seyidovdur.

O, 1983-cü ildə Zaqatala şəhərində dünyaya göz açıb. Ş.Qurbanov adına şəhər 3 saylı orta məktəbdə oxuyub. Arzusu hərbçi olmaq idi. Bu şərəfli yol 1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən başlayır. Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində dinləyici kimi hərbi biliklərini daha da artırıb.

On altı il Azərbaycan Ordusunun müvafiq hərbi hissələrində xidmət edib. 2021-ci ildə isə Dövlət Sərhəd Xidmətində fəaliyyət göstərib.

Vətən müharibəsində şanlı döyüş yolu Füzuli və Xocavənd ərazilərində başlayıb və Füzuli rayonu istiqamətində gedən döyüşlərin birində ağır yaralanıb. 2021-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.

Anar Seyidov "Qüsursuz xidmətlərə görə" 3-cü, 2-ci, 1-ci dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" və 100 illiyi" yubiley, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Müharibə veteranı Anar Seyidov Zaqatala Rayon İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi"nin müdiri vəzifəsində çalışır. Şəhidlərin anım və doğum günləri ictimaiyyətin iştirakı ilə mütəmadi qeyd olunur. Bayram günlərində şəhid ailələrinə baş çəkilir.

Keçmiş döyüşçü Anar Seyidov rayonun ictimai-siyasi həyatında fəal iştirakı ilə hamının hörmət və məhəbbətini qazanıb.

Q.CAMALOĞLU,

"Respublika".