Dövlət idarəetməsində əhəmiyyətli təsisat
Siyasət

Dövlət idarəetməsində əhəmiyyətli təsisat

"Heydər Əliyev əlçatmaz, ideal və mənim həyatımda əsas müəllimdir".

Mehriban ƏLİYEVA,

Birinci vitse-prezident.

Müstəqil Azərbaycanda dövlət siyasi-idarəetmə institutunda dövrün tələblərinə uyğun təkmilləşdirilmənin daha operativ və effektivliyi yolunda demokratik yenilənmələrin milli qanunvericilik əsasında ölkədə çoxsahəli islahatlar kursu aparılır. Bu zəmində dövlət və hakimiyyət  sferasındakı islahatlar hədəfinin daxili sosial əsası dayanıqlı inkişaf yolu, modern güclü dövlət, milli strateji xətti milli təhlükəsizliyin qorunması, daxili siyasəti - vətəndaşın rifahlı cəmiyyətdə yaşamı, xarici siyasəti qarşılıqlı beynəlxalq əməkdaşlıq amalı, sülh və həmrəylikdir.

XXI əsrin dəyişən nizamı hər bir dövlət idarəçilik sistemində zamana adaptik islahatlar və yenilənmə mexanizmlərini tələb edir. Dünyanın geosiyasi yeni reallıqları zəminində prezidentlik institutunun strateji-siyasi xəttində ictimai-mədəni-humanitar tələblər də islahat mexanizmində çevikliyi zəruri edir. Bu mənada da idarəetmə sahəsində yeni dövrdə tələblərə uyğun nailiyyətlərin əldə edilməsində institusional qurumlarda da yenilənmələrə ehtiyac yaranır. Bu baxımdan, Prezidentlik institutunun əsas və mühüm tərkib hissəsi - Birinci vitse-prezidentlik təsisatının yaradılması ölkədə islahatlar mexanizmində önəmli fəaliyyəti ilə dəstəkverici struktur vahidi olaraq Azərbaycanın modernləşməsində əhəmiyyətli komponentdir.

Dünya siyasi sistemində vitse-prezidentlik təsisatı prezident institutu kimi ilk dəfə ABŞ-da formalaşmış,  ilk vitse-prezident 1789-cu ildə Con Adams olmuşdur. Vitse-prezident ABŞ federal hökumətinin icraedici strukturunda ABŞ prezidentindən sonra ikinci məsul şəxsdir, ABŞ Konqresinin yuxarı palatasından Senata rəhbərlik edir, hakimiyyətin həm qanunverici, həm də icraedici qoluna mənsubdur. ABŞ-da və bir sıra ölkələrdə prezident seçkilərində vitse-prezident də seçilir. Belə ki, prezident işləmək istədiyi vitse-prezidentin adını  seçkidə təqdim edir.

Vitse-prezident təsisatı siyasi-nəzəri, elmi-tədqiqi baxımdan bir sıra vacib istiqamətləri ehtiva edir. Bu, birincisi, prezidentdən sonra ikinci məsul şəxs olması və bəzi hallarda prezidenti əvəz etməsi; onun vəzifə səlahiyyətlərini icra etməsi; ikincisi, vəzifə səlahiyyətlərini müəyyən sahələr üzrə prezident köməkçisi rəhbərləri arasında istiqamətləndirməsi; üçüncüsü, vitse-prezident kimi öhdəsinə düşən vəzifələrin də yerinə yetirilməsidir.

Azərbaycanda 2017-ci il fevralın 21-dən etibarən  vitse-prezidentlik institutu konstitusion əsaslarla formalaşdırılıb. Belə ki, 2016-cı ilin sentyabrında Konstitusiyaya dəyişikliklər və əlavələrlə bağlı keçirilən referendumda vitse-prezident təsisatı da öz təsbitini tapmışdır.

Prezident İlham Əliyevin "M.A.Əliyevanın Azərbaycan Respublikasının vitse-prezidenti təyin edilməsi haqqında" Sərəncamı müstəqil respublikada ilk vitse-prezidentlik institutu, yenilənən Azərbaycanda islahatların yeni siyasi fəlsəfəsidir.

Müasir Azərbaycanda konstitusion əsaslarla ilk dəfə yaradılan Birinci vitse-prezidentlik təsisatı 2017-ci ildən başlayaraq yeni və faydalı bir dövlət siyasi idarəetmə sistemi olaraq ölkədə Mehriban Əliyevanın rəhbərliyi ilə səmərəli, çevik fəaliyyət aparır. Prezident İlham Əliyevin söylədiyi kimi: "Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavinidir".

2017-ci ildən Birinci vitse-prezidentin katibliyi yaradılmış, çevik yeni təsisat kimi geniş fəaliyyətə start verilmişdir. Onun bu illər ərzində - Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO və  ICESCO-nun xoşməramlı səfiri olaraq çoxşaxəli fəaliyyətindən irəli gələn təcrübəsi də önəmli əhəmiyyət daşıyır. Həmçinin bacarıqlı idarəçilik qabiliyyəti, təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni rəhbər obrazıdır.

Burada digər bir önəmli məsələyə də nəzər yetirək. Belə ki, müstəqil Azərbaycanda Birinci xanım statusu Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı dövrdən Mehriban xanım Əliyevanın şəxsində reallaşıb. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı və silahdaşının respublikanın mədəni-humanitar, ictimai-siyasi, eləcə də beynəlxalq müstəvidə tanınmasında təkzibolunmaz ictimai-diplomatik fəaliyyəti çoxspektrlidir. Bu kontekstdən Birinci vitse-prezidenti Azərbaycan xalqı Birinci xanım missiyasında - bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, münasibəti, vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür və həyatlarında hiss edirlər.

Mehriban Əliyevanın Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən müsbət dəstək qazandı. Bu dəstək onun onilliklər ərzində formalaşan rəhbər qadın, rəhbər birinci xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının Vətənsevər övladı kimi "Sizin Mehriban" imzasında təsdiq olundu. Ölkə vətəndaşları mütəmadi olaraq birinci xanımı öz yaxınlıqlarında görməyə alışıblar. Bu isə onun  insanpərvərliyindən, daşıdığı Ali statusa rəğmən genetik xarakterindən, ziyalılığından və yüksək kübar keyfiyyətlərindən irəli gələn elit mədəniyyətidir. Məhz bu komponentlər də onu xalqının ümid, inam ünvanına çevirmişdir. Birinci vitse-prezident Mehriban Əliyeva vurğulayır ki,  "Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam".       

Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın yenidən qurulması və dirçəldilməsində fəaliyyətinin əsasında onun xalqa xidmət siyasi fəlsəfəsinin təməli, məhz sevdiyi xalqının xoş gələcəyi, firavan həyat tərzi ulu öndər Heydər Əliyev dərslərinin təcrübəsi dayanır.

Həm Vətən müharibəsindən öncə, həm də postmüharibə dövründə dünyada Azərbaycanın ali statuslu qadın rəhbəri və xalqının sülhməramlı elçisi olaraq sabitlik, sülh, mədəniyyətlər və dinlərarası dialoq müstəvisində, bərabər dinc yaşamaq, təhlükəsiz, müharibəsiz dünya, insanlığın sivil tərəqqisini dəstəkləyən, haqq-ədalətin reallaşdırılmasına dair çağırışlarla ölkə Milli Məclisinə müraciət ünvanlayan, beynəlxalq ictimaiyyətə "Sülh, həmrəylik, bərabərlik"  ideyaları ilə səslənən Birinci vitse-prezidentin ölkə sərhədlərindən də uzaqlarda təhsil, sağlamlıq, təbii fəlakətlər zamanı yardım və xeyriyyəçilik missiyası, həm Qərb, həm də Şərq məkanı ölkələrini əhatə edir. Onun təşəbbüs və rəhbərliyi ilə gerçəkləşdirilən humanitar-mədəni aksiyalar məhz bu qəbildən olan fəaliyyət komponentləridir. 

Türkiyədə 2023-cü il fevral zəlzələsində ilk yardım edilməsi, Pakistanda səhiyyə ocağına yardım, qızlar üçün məktəb tikilməsi və köhnə tədris ocağının  təmiri, Versal sarayının bir tərəfi, Strasburqda kilsə Konfederalı, Luvr muzeyi qalereyasının müəyyən hissəsi, İtaliyada Roma katakombalarının yenidən təmiri, Rusiyanın Həştərxan şəhərində dostluq körpüsünün tikilməsi, eləcə də Rusiyada Müqəddəs Mələksima Knyaz Vladimirə ilk dəfə abidə qoyulması, Belçikada Şahzadə Xanqızı Natəvanın heykəlinin ucaldılması və s. çoxsaylı mədəni aksiyalar humanizmin gerçək göstəriciləri, xeyriyyəçilik yoludur.

Ölkənin Birinci vitse-prezidenti Cənubi Qafqazda geniş fəaliyyət dairəsi, İslam ölkələrində mənəvi dəyərlərə hörmət, mədəni irsi yaşatmaq diqqəti Qərbdə yüksək intellektli, kübar davranışlı modern və sivil dünyagörüşlü qadın - rəhbər, siyasi-ictimai, idarəedici funksiyası ilə beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərli bir Qadın Lider kimi səciyyələndirilir.

Mehriban Əliyevanın Azərbaycanın və dünyanın çoxsaylı nüfuzlu adları və mükafatları ilə təltif olunması çoxşaxəli fəaliyyətinə verilən qiymətin siyasi fəlsəfəsidir. Təbii ki, bu mükafatlar savad, zəka və qətiyyətlilik, idarəetmədə peşəkarlıq və bilgi, işində iradəli prinsipiallıq və humanitarlıq missiyası ilə bahəm yaradıcı ağıl, millətinə, ölkəsinə, dünya insanlığına olan ülvi yanaşma əksinin siyasi fəlsəfəsidir.

Birinci vitse-prezidentin yüksək dəyəri, Azərbaycan xalqına "Sizin Mehriban" imzalı müraciəti, ali mükafatı isə Azərbaycan xalqının  "Bizim Mehribanımız" rəğbətindən doğan hörmət və məhəbbətdir.

Mehriban Əliyeva istər siyasi motivdə, istər ictimai yöndə, yaxud mədəni-sosial zəmində də hər hansı bir fəaliyyətini əzmlə və yüksək səviyyədə həyata keçirir.

Fikrimizi Birinci vitse-prezident Mehriban Əliyevanın sözləri ilə bitirək: "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq, ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar". Və... "Bizim Mehribanımızın" dediyi kimi: "Tanrı Azərbaycanımızı qorusun!".

Rəna MİRZƏZADƏ,

AMEA-nın şöbə müdiri, professor.