Dostluq və qardaşlıq əlaqələrinin yeni perspektivləri
Gündəm

Dostluq və qardaşlıq əlaqələrinin yeni perspektivləri

Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə "Daşnaksütyun" partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib. Bundan başqa, Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər isə 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə", eləcə də ümummilli liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib. Həmin səfər zamanı Daşkənddə 19 sənəd imzalanıb. Bu sənədlər arasında "Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə" böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: "İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır".

Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycanla Özbəkistan arasında daşınan yüklərin həcmi də dinamik şəkildə artır. Bu prosesdə Orta Dəhliz mühüm rol oynayır.

Tarix boyunca siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. 1979-1980-ci illərin ədəbi-mədəni panoramında Azərbaycanda keçirilən Özbəkistan ədəbiyyatı və incəsənəti dekadalarının, eləcə də Özbəkistandakı Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün bu xalqların mədəniyyətinə bəxş etdiyi ədəbi töhfə xüsusilə qabarıq görünür. İki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafına zaman-zaman Özbəkistanda yaşayan, öz talelərini bu ölkə ilə bağlayan azərbaycanlı ziyalılar da mühüm töhfələr veriblər. Bu sırada özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi - əslən Qazaxın Salahlı kəndindən olan Maqsud Şeyxzadənin, görkəmli jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim Seyid Rza Əlizadənin, Özbəkistanın və Azərbaycanın Xalq artisti Firudin Səfərovun, Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltəraşı Eynulla Əliyevin adlarını çəkmək olar. Eyni zamanda, Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb. Müxtəlif dövrlərdə isə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Zəlimxan Yaqub kimi görkəmli mütəfəkkir, şair və yazıçılarımızın əsərləri qardaş Özbəkistanın ədəbi-bədii orqanlarında özbək dilinə tərcümə edilərək çap olunub. Son illər Özbəkistan universitetləri ilə Azərbaycan elminin və təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti arasında əməkdaşlığa xüsusi önəm verilir. Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov BDU-nu ziyarət edib, elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb. BDU ilə Daşkənd Hüquq Universiteti və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Yekunda onu qeyd etmək lazımdır ki, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr bundan sonra da yüksələn xətlə davam edəcək. Çünki ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur.

Jalə QASIMZADƏ,

"Respublika".