Diplomatiyamızın daha bir uğuru
Siyasət

Diplomatiyamızın daha bir uğuru

Fransa növbəti dəfə öz meydanında məğlub oldu, özü də biabırcasına

Son zamanlar Fransa Azərbaycana qarşı ədalətsiz yanaşma nümayiş etdirir ki, bu da qəbuledilməzdir. 30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı bu illərdə heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti əslində onun həm də beynəlxalq norma və prinsiplərə, insan hüquq və azadlıqlarına hörmətsizliyinin nümunəsidir.

ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa 44 günlük Vətən müharibəsi dövründə isə iç üzünü tamam açıq göstərdi. Belə ki, Fransa Prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səy göstərdi. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Çünki bütün dünya Azərbaycanın öz torpaqlarını azad etməklə haqlı olduğunu gördü.

2022-ci il noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan bədnam bir qətnamə qəbul etdi. Senat Fransa Konstitusiyasını rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxardı. Qanun layihəsi səs çoxluğu ilə qəbul olundu. Hələ Fransanın ali qanunverici orqanının qətnamə qəbul etməsindən bir neçə gün əvvəl noyabrın 12-də Fransa Prezidenti E.Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmış, tərəflər Bakı və İrəvan arasında münasibətləri müzakirə etmişdilər. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd etmişdi. Xatırladaq ki, Azərbaycan və Ermənistan sərhədində ötən ilin sentyabrında baş vermiş ikigünlük döyüşlərdən sonra rəsmi İrəvan Bakını onun suveren ərazilərinə daxil olmaqda ittiham etmiş, Azərbaycan tərəfi isə iki ölkə arasında sərhədlərin müəyyənləşmədiyini əsas gətirərək Ermənistanın ittihamlarını əsassız saymış və onu sərhədlərin delimitasiya və demarkasiyasına çağırmışdı.

2022-ci il dekabrın 20-də Milli Məclisin iclasında deputatlar da Fransa ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, hər zaman Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən, insan haqları ilə bağlı dünyaya dərs keçmək iddiasında olan Fransa öz daxilində bu dəyərləri pozur, Fransa Korsikada insanların hüquqlarını tələb etməsinə sərt cəza tədbirləri ilə cavab verir. Korsikada insanlar öz dillərində danışa bilmirlər.

Komitə sədri Fransaya Korsikada insan haqlarını qorumağa çağırış edərək deyib ki, bu məsələni bütün beynəlxalq təşkilatlarda, eləcə də BMT-də qaldırmaq lazımdır. Çünki Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür.

Milli Məclisin iclasında Qarabağla bağlı son vəziyyət, azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyalar barədə də müzakirələr aparılıb. Millət vəkili Mahir Abbaszadə deyib ki, ötən iki il müddətində üçtərəfli Bəyanatın maddələrinin icra edilmədiyinin şahidi olmuşuq. Bu, sülhün və təhlükəsizliyin təhdidi kimi qiymətləndirilməlidir. Bu gün Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan ekologiyasına zərər vurulması, təbii sərvətlərin daşınması, Qarabağda fəaliyyət göstərən hərbi xuntanın Ermənistan tərəfindən maliyyə vəsaiti ilə təmin edilməsi beynəlxalq hüquqazidd addımdır. Bunlar dünyanın gözü qarşısında baş verir. Ekofəalların haqlı tələblərinə münasibət bildirənlər isə fərqlidir. Bu işdə də yenə Fransa digərlərindən daha çox seçildi.

Ötən il dekabrın 20-21-də Fransa və Ermənistan cütlüyü Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Ötən ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BM TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdir. Həmin müraciət əsasında Təhlükəsizlik Şurasının gündəliyinə bənd də salınmışdı ki, bu da Fransanın dəstəyi ilə mümkün olmuşdu. Ancaq cütlüyün bu sevdası da baş tutmamışdı, daha doğrusu, 2022-ci il sentyabr hadisələri ilə bağlı BMT TŞ-də sənəd qəbul edilmədi. Ancaq Fransa mövqeyinə arxalanaraq 20-21 dekabr müzakirələrindən dərhal sonra BM TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri kimi (daimi və qeyri-daimi üzvlərin hər biri bir ay sədr ola bilər) Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmasına şərait yaratdı. Mətn üzərində müzakirələr demək olar ki, 10 gün davam etdi. Prosesə bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri nəzarət edirdilər. Fransa bu dəfə çox ümidli idi. Bəyanatın qəbul ediləcəyi təqdirdə onun qətnaməyə çevriləcəyinə əmin idi. Hətta bu ərəfədə Ermənistanın "dahi" diplomatı və "çekisti" kimi tanınan Armen Qriqoryan da Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsini Ermənistanın əsas məqsədlərindən biri kimi müəyyən etmişdi...

Burada deyirlər ki, "Sən saydığını say, gör fələk nə sayır". Bəli, Fransa bu dəfə də dalanda qaldı. Qətnamənin qəbul etdirilməsi üçün böyük diplomatik resurslarını işə salsa da, o, istədiyinə nail ola bilmədi. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihələrdən fərqli olaraq əsaslı şəkildə dəyişdirildi. Mətndən "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı, "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Beləliklə, Fransa növbəti dəfə öz meydanında məğlub oldu, həm də biabırcasına.

Bu, Azərbaycan diplomatiyasının daha bir uğurudur.

Zümrüd QURBANQIZI,

"Respublika".