DƏYİŞMƏYƏN QƏRƏZ, MƏNFUR XİSLƏT
Digər xəbərlər

DƏYİŞMƏYƏN QƏRƏZ, MƏNFUR XİSLƏT

Son vaxtlar İran açıq şəkildə ölkəmizə qarşı düşmən mövqeyi nümayiş etdirir. Təlim adı ilə sərhədlərimiz boyu 50 min nəfərlik qoşun yığır, hərbi təyyarələri təxribatçı uçuşlar edir, hərbi katerləri su sərhədlərimizi kobud şəkildə pozur.

Əlbəttə, bunlar təkcə bu gün baş vermir. Müstəqillik əldə etdikdən sonra İran ölkəmizə qarşı qərəzli, bədnam siyasət yürüdür. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, regionda güc, söz sahibinə çevrilməsi ilə barışa bilmir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, dostu, qardaşı Hayastanın biabırçı məğlubiyyəti cənub qonşumuzun gizli niyyətlərini üzə çıxardı. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini özünün qırmızı xətti elan edərək Ermənistanı silahlandırır, tarixi düşmənimizə hərtərəfli dəstəyini getdikcə gücləndirir. Adı İslam dövləti olsa da, Qarabağda ziyarətgahlarımızı, inanc yerlərimizi dağıdan, viran qoyan, məscidlərimizdə donuz saxlayıb təhqir edən haylara məhəbbəti bitib-tükənmir.

Güney Azərbaycanda yaşayan soydaşlarımıza ögey münasibət bəsləyən rejim tərəfindən onların hüquqları tapdanır. Keçən ilin sentyabr ayında 22 yaşlı qızın əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq qətlə yetirilməsi soydaşlarımızın dərin qəzəb hiddətinə səbəb olmuşdur. İranı etiraz, iğtişaş dalğaları bürüyüb. İran dinc etirazların qarşısını almaq üçün ən qəddar, vəhşi üsullara əl atır. Nəticədə yüzlərlə soydaşımız qətlə yetirilib, minlərlə yaralı həbs olunanlar var. Soydaşlarımıza qarşı qəddarlıq, amansızlıq faktları mövcud İran hakimiyyətinin üzünü aydın göstərir.

İranın xüsusi xidmət orqanları müstəqillik dövründə dəfələrlə ölkəmizdə təxribat xarakterli əməllər, sui-qəsdlər törədib. Akademik Ziya Bünyadovun jurnalist Rafiq Tağının qətli, deputat Fazil Mustafaya qarşı edilən silahlı hücumun arxasında da İran rejimi dayanır.

Azərbaycanın Tehrandakı səfirliyinə olunan silahlı basqına da İran tərəfi bu günə kimi hüquqi qiymət verməyib. Səfirliyimizin bir əməkdaşını odlu silahla qətlə yetirən, iki əməkdaşını ağır yaralayan qatı terrorçu havadarları cəzalandırılmır.

İran mətbuatı gecə-gündüz Azərbaycana qarşı böhtan, hədyan kampaniyası aparır. Cənub qonşumuz müxtəlif yollarla ələ aldığı dindarlar vasitəsilə ölkəmizdə təxribat törətməyə, daxili sabitliyi pozmağa çalışır. İşinin yüksək peşəkarı olan Azərbaycanın güc nazirliklərinin apardığı uğurlu əməliyyatlar nəticəsində İranın casus şəbəkələri aşkarlanır, cinayətkar ünsürlər ifşa olunur.

İran hakimiyyəti təkcə bunlarla kifayətlənmir. Ədəbiyyatımıza, dünyaşöhrətli ədiblərimizə, şairlərimizə qarşı qərəzli mövqedən çıxış edir. Təbrizdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin heykəli təhqir olunur, Xorasanda şair İzzəddin Həsənoğlunun məzarı dağıdılır, Gəncə "İran şəhəri" adlandırılır, Nizami "fars zadəganlarından olan İran şairi" kimi təqdim edilir.

Tarixi təhrif etmək, qonşuluq münasibətlərini gərginləşdirmək İran dövlətinə başucalığı gətirmir. Bugünkü reallıqları nəzərə almaq, sabaha aydın nəzərlərlə baxmaq hələ gec deyil.

Səyavuş SÜLEYMANLI,

Lənkəran Şəhər Ağsaqqallar Şurası

idarə heyətinin üzvü, yazıçı-publisist,

Prezident təqaüdçüsü.