Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımovun dəfn mərasimi
Digər xəbərlər

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımovun dəfn mərasimi

Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, döyüş yoldaşları, Xətai rayon sakinləri, hökumət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.

Şəhid Veysəl Qasımov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb.

Şəhidin nəşinin büküldüyü üçrəngli bay

rağımız həyat yoldaşı Mərziyyə Qasımovaya təqdim edilib.

Dəfn mərasimində çıxış edən Milli Məclisin deputatı Adil Əliyev Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun suverenliyimizi və konstitusion quruluşumuzu tam bərpa etdiyini, məcburi köçkünlərin öz yurd-yuvalarına mərhələli şəkildə geri döndüyünü, bu yolda canını qurban verən bütün şəhidlərin ruhunun nəhayət ki, dinclik tapdığını bildirib.

Şəhidin döyüş yoldaşı ehtiyatda olan polkovnik-leytenant İlyas İsmayılov AZƏRTAC-a müsahibəsində deyib: "Veysəllə yalnız Daşaltı əməliyyatında çiyin-çiyinə döyüşmüşəm. 1992-ci il yanvarın 26-da səhər tezdən 6-ya 10 dəqiqə qalmış döyüşə başladıq. Veysəl bir ağaca söykənib döyüşürdü. Elə oradaca güllə sinəsindən dəymişdi. Saat 11 radələrində Veysəl şəhid oldu. Saat 12-nin yarısına qədər qrupun döyüşçülərinin hamısı demək olar ki, şəhadətə ucalmışdı. Mən isə ağır yaralanmışdım. Məni digər qrupun üzvləri döyüş meydanından çıxardılar. Təəssüf ki, Veysəl və digər şəhid silahdaşlarımızın nəşini uzun illər götürə bilmədik. Lakin şükürlər olsun ki, torpaqlarımız düşməndən azad edildi. Nəticədə biz şəhidlərimizin nəşinin qalıqlarını tapıb adlarına layiq şəkildə dəfn edirik. Həmin qrupdan itkin şəhidlərin çoxu dəfn olunub. Yalnız dörd nəfər qalıb. Ümid edirəm ki, tezliklə onlar da tapılar, ailələrinin nisgilinə son qoyular.

Veysəl 31 il 8 ay 9 gündən sonra qurban getdiyi torpağa tapşırıldı. O, idmançı idi, ona görə də gücünə, dözümünə söz ola bilməzdi. Həm də qorxmaz, ürəkli biri idi. Ölümdən qorxusu yox idi, irəli atılanda düşünmürdü ki, düşmən gülləsinə tuş gələ bilər. Yaralananda belə bildirmədi, ağrılarını gizlətdi. Səssiz-sədasız da şəhid oldu. Veysəl kimi qəhrəmanlardan örnək alan, onun yolunun davamçıları olan gənclər sonrakı dövrlərdə, istər Aprel döyüşlərində, istər Vətən müharibəsində, istərsə də son antiterror tədbirləri zamanı elə bir şücaət, igidlik göstərdilər ki, həmin şəhidlərimiz sağ olsa idilər, onlarla qürur duyardılar. Həm qəhrəmanların qisası alındı, həm də ərazi bütövlüyümüz bərpa olundu. Son əməliyyatlardan sonra xalqımıza qarşı cinayət törədən, qorxularından qaçıb zirzəmilərdə gizlənən terrorçular bir-bir həbs olunurlar. Onlar nəhayət ki, cəzalandırılacaq, etdikləri vəhşiliklərin cavabını verəcəklər. Dünyanın etmək istəmədiyi ədaləti gənclərimiz öz canları, qanları ilə bərpa etdilər".

Qeyd edək ki, 1963-cü il noyabrın 17-də Bakıda anadan olan Veysəl Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı şəhid olub.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.