Daim bir-birinin yanında
Digər xəbərlər

Daim bir-birinin yanında

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkədə tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Respublikaları arasında müttəfiqlik barədə qəbul edilmiş Şuşa Bəyannaməsi həm siyasi-iqtisadi, həm də hərbi baxımdan çox mühüm sənəddir.

Xalqımız iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilən Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünü qeyd edir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj idi. Bu bəyannamə ilə iki ölkə Cənubi Qafqazda təhlükəsizliyi daha da möhkəmləndirmiş, regional və beynəlxalq sabitliyə mənfi təsir edən çağırışlara, xüsusilə terrorçuluğa qarşı mübarizəni dərinləşdirilməklə yanaşı, yeni dünya düzəninə mühüm töhfə vermişdir.

Bəyannamə Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyi rəsmi şəkildə təsdiq edir. Sənəddə ilk olaraq 1921-ci il Qars müqaviləsinə istinad edilir və göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 100 il bundan öncə imzalanan tarixi müqaviləyə əsaslanır. Yəni Türkiyə və Azərbaycan münasibətlərini tarixi-hüquqi təməl üzərində müstəqil dövlət olaraq qururlar.

İki dövlət arasında hərtərəfli müttəfiqlik münasibətləri barədə Prezident İlham Əliyev demişdir: "Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu belə olacaq".

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması da tarixi nailiyyətdir. Qardaş ölkələr hər zaman bir-birinin təhlükəsizliyini təmin etməklə yanaşı, müdafiə sənayesi sahəsində də hərbi qüdrətlərini artıracaqlar.

Eləcə də hər iki ölkənin iqtisadi qüdrətini artıran Bəyannamə işğaldan azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırıb. Vətən müharibəsində olduğu kimi, bu ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Regionun artan investisiya potensialı isə gələcəkdə yeni iqtisadi münasibətlərin formalaşmasına zəmin yaradacaq.

Şuşa Bəyannaməsində yer alan müddəalardan biri də böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin bərpasıdır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Bu dəhliz həmçinin Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə birliyi 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Xoş və dar gündə də Azərbaycanın yanında olan Türkiyə haqlı mübarizədə xalqımızı dəstəklədi. Vətən müharibəsi zamanı dünya bir daha buna şahidlik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında iştirakı, xalqlarımızın birliyini, qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Hazırda işğaldan azad edilmiş torpaqlarda Türkiyə-Azərbaycan bayraqlarının birgə dalğalanması böyük qürur hissi doğurur.

İki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olarsa, tərəflər bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bəyannamədə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.

Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Şuşa Bəyannaməsi şanlı qələbəmizin təntənəsi olaraq bütün dünyaya sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir.

M.MİRZƏ,

"Respublika".