Dahi şəxsiyyətlə görüş xatirələrdə əbədi iz qoyub
Digər xəbərlər

Dahi şəxsiyyətlə görüş xatirələrdə əbədi iz qoyub

Hərbi kadrların hazırlanması dövlət üçün çox əhəmiyyətli məsələdir və burada hərbi məktəblərin böyük rolu var. Azərbaycanda hərbi məktəblərin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin böyük səyləri nəticəsində 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Lisey yaradıldı. Bundan əlavə, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbuluna da nail olmuşdu. Məhz ulu öndərin bu səyləri nəticəsində Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlandı. Azərbaycanın Milli Ordusunun yaranmasında xidmətləri olan, eləcə də bu gün hərbidə xidmət edən əksər yüksək rütbəli zabitlər elə həmin məktəblərdə təhsil alıblar. Bununla yanaşı, ordu quruculuğunda, müstəqilliyin ilk illərində hərbi kadr hazırlığını həyata keçirən məktəblərin qorunub saxlanmasında bir çox hərbçilərin də rolunu qeyd etməmək mümkün deyil. Bunlardan biri də keçmiş Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin siyasi və tərbiyəvi işlər üzrə rəis müavini, ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovdur.

Qurbanəli İsmayılov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk azərbaycanlı rəhbərlərindən biri olub. Ondan əvvəl sözügedən məktəbdə siyasi və tərbiyəvi işlər üzrə rəis müavini vəzifəsini erməni millətindən olan bir polkovnik tutub. Müstəqillik illərinə qədər məktəbin rəhbərliyində əsasən ruslar təmsil olunurdu.

Belə bir zamanda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə tərbiyəvi işlər üzrə rəis müavini təyin olunan Qurbanəli İsmayılovun qarşısında müharibə aparan ölkə üçün hərbi döyüş sirlərinə mükəmməl yiyələnən kadr hazırlığını həyata keçirmək kimi çətin vəzifə dayanırdı. Təbii ki, o dönəmdə bu vəzifənin öhdəsindən gəlmək asan deyildi. Qurbanəli İsmayılovla bu barədə söhbət edərkən o, həmin illərdə ordu quruculuğunun həyata keçirilməsi üçün hərbi məktəblərin üzərinə böyük vəzifə düşdüyünü bildirdi:

"Biz azərbaycanlı hərbçilərdən bu baxımdan böyük iş tələb olunurdu. Həmin vaxt məktəbdə general Kərim Vəliyev, polkovnik Şair Ramaldanov, general Kərəm Mustafayev və digərləri də bu istiqamətdə səylə çalışırdılar. Biz bir qrup azərbaycanlı zabit hərbi məktəbi qoruyub saxlamağa çalışırdıq. Məhz bizim birgə fəaliyyətimiz nəticəsində indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həm maddi-texniki, həm də tədris bazasını qoruyub saxlamaq mümkün oldu. Biz yalnız maddi-texniki bazanı qorumaqla kifayətlənmir, həm də məktəbdə olan müəllim-komandir heyətinin təcrübəsini öyrənirdik ki, gələcəkdə keyfiyyətli zabit heyəti hazırlamaq üçün təcrübəmiz olsun. Eyni zamanda məktəbə savadlı azərbaycanlı zabitləri də cəlb edirdik ki, ruslar getdikdən sonra tədrisi yüksək səviyyədə davam etdirə bilək. Və buna nail olduq. Bu gün bizim üçün çox sevindirici haldır ki, həmin məktəb ulu öndərimizin adını daşıyır.

Ordu quruculuğundan danışarkən, sözsüz ki, ilk növbədə ümummilli lider Heydər Əliyevin bu sahədə gördüyü işləri qeyd etmək lazımdır. Azərbaycanın müstəqilliyinin ilk illərində orduda vahid komandanlığın olmaması, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da mövcud problemlər müsbət həllini tapdı, orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi də daim ümummilli liderin qayğısı ilə əhatə olunmuşdu. 1939-cu ilin noyabr ayında Bakı Piyada Məktəbi adı ilə yaradılmış müəssisədə yalnız 2 ixtisas üzrə - atıcı və pulemyotçu tağım komandirləri hazırlanıb. 1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin müvafiq qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırıldı. 2001-ci ildən isə Azərbaycan Ali Hərbi Məktəbidir. 1969-cu ildə Heydər Əliyevin birinci dəfə Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra məktəbə dövlət tərəfindən qayğı göstərildi. Təsadüfi deyil ki, 1973-cü il aprel ayının 7-si məktəbin tarixinə ən yaddaqalan günlərdən biri kimi düşüb. Həmin gün məktəbi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ziyarət etmişdi. Ulu öndər mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində məzunlarla bir yerdə olurdu. O zaman orduda azərbaycanlı zabit kadrların sayının artmasında ulu öndərin böyük rolu olmuşdur.

Ümummilli lider xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra da hərbi tədris mərkəzinə xüsusi qayğı ilə yanaşırdı. Məhz bu qayğını hiss edən məktəbimizin zabit və kursantları Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirdilər. Həmin vaxtlar məktəbi qurtaran yüzlərlə gənc zabit hərbi andına sadiq qalaraq müstəqilliyimiz və dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik göstərmişdir. Onlarla məzunumuz vətən naminə öz canlarını fəda etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi igidliyə görə məktəbimizin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" və başqa fəxri adlara layiq görülmüşlər.

Polkovnik-leytenant deyir ki, ümummilli lider işinin çox olmasına baxmayaraq, daim bizimlə maraqlanırdı. 1994-cü ildə məktəbimiz 9 may - Faşizm üzərində Qələbə Gününə hazırlaşırdı. Ağır günlər idi. Həm zabit və kursantların əhvali-ruhiyyəsini yüksəltmək, həm də ulu öndərin səyləri nəticəsində məktəbin 1-ci bölüyünün şəxsi heyətinin siyahısına salınmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları generalı Həzi Aslanovun xatirəsini yad etmək üçün müəyyən tədbirlər həyata keçirmək qərarına gəldim. Müəyyən araşdırmalar apardım və öyrəndim ki, Rəssamlar İttifaqında Həzi Aslanovun tuncdan hazırlanmış böyük bir büstü var. Sonradan məlum oldu ki, həmin büst də məhz ümummilli liderin tapşırığı ilə sovet vaxtı Azərbaycana rəhbərlik etdiyi illərdə hazırlanıb. Ulu öndər Moskvaya getdiyindən unudulub və təyinatı üzrə istifadə edilməyib. Rəssamlar İttifaqının rəhbərliyinə həmin büstü məktəbin həyətində qoymaq istədiyimizi bildirdim. Razılaşdılar və təmənnasız olaraq heykəli məktəbə verdilər. Məktəbdə bir otaqda Həzi Aslanovun xatirə muzeyini yaratdıq. 9 may - Faşizm üzərində Qələbə Gününə həm muzey yaratdıq, həm də Həzi Aslanovun heykəlini məktəbin həyətində qoyduq. Açılış tədbirində iştirak etmək üçün ulu öndərə dəvətnamə göndərdik. Ümummilli lider gərgin iş qrafikinə baxmayaraq, 1994-cü il mayın 9-da səhər saat 10-da məktəbə gəldi. Heydər Əliyev ilə yanaşı, bütün dövlət qurumlarının rəhbərləri və səfirlər də tədbirdə iştirak edirdilər. Ulu öndər Həzi Aslanovun büstünün qarşısındakı lenti kəsdiyi zaman mən büstün onun tapşırığı ilə hazırlandığını xatırlatdım. Ulu öndərin yadına düşdü və bundan çox məmnun oldu. Sonra tədbir başladı. Çox həyəcanlı idim. Tədbirə necə başlayacağımı bilmirdim. Ümummilli lider bunu hiss etdi, əlini çiynimə qoyaraq "həyəcanlanma, hər şey yaxşıdır, başla", - dedi. Bu sözlər bütün həyacanımı yox etdi. Mən o zaman bir daha başa düşdüm ki, Heydər Əliyev nə qədər müdrik, dahi, eyni zamanda bir o qədər də qayğıkeş insandır. Ümummilli lider tədbirdə çıxış edərək bütün dövlət qurumlarına hərbçilərə, o cümlədən hərbi məktəblərə xüsusi diqqətlə yanaşmağı tapşırdı.

Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında zabit və kursantların üzərinə böyük vəzifə düşdüyünü bildirdi və qeyd etdi ki, "müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir".

Ulu öndər Heydər Əliyevlə bircə dəfə görüşmək kifayət idi ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən. Mən belə bir dahi insanla şəxsən görüşdüyüm üçün özümü xoşbəxt hesab edirəm. Bu cür dahilər 100-200 ildə bir dəfə dünyaya gəlirlər. Biz xoşbəxt xalqıq ki, belə bir şəxsiyyət ölkəmizə rəhbərlik edib və dövlətimizi qısa müddətdə dünyaya tanıdıb. Məhz ulu öndərin və onun davamçısı Prezident İlham Əliyevin sayəsində Azərbaycan müstəqilliyini möhkəmləndirdi, dünyanın sayılan dövlətlərindən birinə çevrildi.

Buna görə də 2004-cü ildə möhtərəm Prezident İlham Əliyevin hərbçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adının verilməsi haqda Fərman imzalaması bütün hərbçilərin, xüsusən həmin məktəbə bağlı insanların böyük sevincinə səbəb oldu. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın, o cümlədən milli ordunun memarı olduğunu bildirir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı.

Ən mühümü sülhə daim üstünlük verən ulu öndər ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Ümummilli lider daim qeyd edirdi ki, ordumuzu daha da gücləndirməli, ölkəmizin müdafiə qüdrətini və hərbi potensialını artırmalıyıq. Elə buna görə də o, zabit kadrların hazırlığına xüsusi diqqət ayırır, bu məsələni nəzarətində saxlayır, hər il hərbi məktəblərdə olurdu. Bu da onun nə qədər uzaqgörən bir Ali Baş Komandan olmasından xəbər verirdi.

2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra ordu quruculuğu ilə bağlı işlər daha da gücləndirildi. Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi qayğı, zabitlərin evlə təmin olunması, əməkhaqlarının artırılması, yeni silahların alınması və bu kimi işlərin görülməsi danılmazdır. Məhz möhtərəm Prezident İlham Əliyevin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan dünyada qüdrətli orduya malikdir.

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq səsi, bizim dövlətə, xalqımıza qarşı olan haqsızlıqlar dünya ictimaiyyəti tərəfindən eşidilmədi, torpaqlarımız işğal edildi, insanlar yurd-yuvalarından qovuldular və minlərlə insan qətlə yetirildi və itkin düşdü. Hətta soydaşlarımız, qaçqın və məcburi köçkün oldular. Buna bütün dünya susdu. Ermənipərəst qüvvələr 30 il müddətində əllərindən gələni etdilər ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsin.

Prezident İlham Əliyev ulu öndərin vəsiyyətini qarşısına ən ali məqsəd kimi qoyaraq fəaliyyətə başladı. 20 il ərzində görülən işlər göz qabağındadır.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.

BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi!.

O, Azərbaycanın, xalqımızın ən böyük Milli Qəhrəmanı, müdrik lideridir. Dünya HƏRB tarixinə adını və imzasını qızıl hərflərlə yazmış müzəffər liderdir.

Subut MEHDİYEV.