Dağıdılan abidələrimiz
Digər xəbərlər

Dağıdılan abidələrimiz

Göyçə mahalı Qərbi Azərbaycan ərazisində olan  ən böyük yaşayış məskənlərimizdən biri olmaqla bərabər, həm də Azərbaycan aşıq sənətinin ən mükəmməl şəkildə təşəkkül tapdığı bölgələrimizdəndir.

Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndələrindən olan Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Ozan aşıq sənətinə yeni nəfəs gətirən ustad istedadlı şagirdləri ətrafına yığaraq məktəb yaratmışdır. Həmçinin Aşıq Ələsgərin poeziyası Azərbaycan aşıq sənətinin dünya qeyri-maddi-mədəni irs siyahısında yer almasında böyük rol oynayıb. Aşıq Ələsgərin olduqca zəngin irsinin geniş şəkildə təbliğ edilməsində ulu öndər Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Dədə Ələsgərin 150 illik yubileyi dövlət tərəfindən yüksək səviyyədə keçirilmişdir. Həmin ərəfədə Aşıq Ələsgərin Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində abidəsi ucaldılmışdır. Uzun illər bu abidə və Aşıq Ələsgərin məzarı insanların ən çox ziyarət etdiyi yerlərdən birinə çevrilmişdir. Lakin 1988-ci ildən etibarən ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycan ərazisində bir nəfər belə azərbaycanlı qalmamışdır. İnsanlar öz yurd-yuvalarından didərgin düşdükləri kimi, doğmalarının məzarlarına da həsrət qalmışlar. Bu məzarlar arasında ustad aşığın da məzarı,  Azərbaycan hökuməti tərəfindən ucaldılmış abidəsi var.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyi keçirilmişdir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə isə Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi ustad sənətkarın yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynamışdır.

Təəssüflər olsun ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən dağıdılan tarixi-mədəni abidələr içərisində Aşıq Ələsgərin abidəsi də var. Xalqımıza məxsus minlərlə mədəni abidələr, tarixi binalar və məzarlar erməni vandallığının qurbanı olub. Artıq 30 ildən çoxdur ki, Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarından, məcburi köçkün düşüblər. Öz yaxınlarının, doğmalarının məzarlarını ziyarət edə bilmirlər. Məsələ ilə bağlı Azərbaycan dəfələrlə beynəlxalq qurum və təşkilatlara, o cümlədən UNESCO kimi mötəbər bir təşkilata müraciətlər etsə də hələ ki, buna heç bir reaksiya verilməyib. Ermənistanın mədəni abidələrimizə qarşı törətdiyi terror əməlləri UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşıq sənətinə böyük zərbədir. 

Aşıq Ələsgər yaradıcılığının əsas qollarından biri Vətən sevgisi olmuşdur. O, yaradıcılığı boyu vətənpərvərliyə,  milli-mənəvi dəyərlərin təbliğinə xüsusi yer vermiş, öz şeirlərini bədii təxəyyülün gücü ilə dilə gətirmişdir. Maraqlı məqamlardan biri də odur ki, ustad özü də köçkünlük həyatı yaşamışdır. 1918-ci ildə erməni daşnaklarının Göyçə mahalında törətdiyi qırğınlar nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə əvvəlcə Kəlbəcərin Yanşaq kəndində, sonra isə Tərtərdə məskunlaşmışdır. Yaşadığı köçkünlük həyatı nəticəsində ustad Vətəndə vətən həsrəti yaşamalı olmuşdur. Əlbəttə ki,  bütün bunlar onun yaradıcılığında özünü bariz şəkildə göstərir. "Adım Ələsgərdir, Göyçə mahalım", - deyən aşıq doğma torpağında uyuyur. Gün gələcək azərbaycanlılar Qərbi Azərbaycanda ustad aşığı  ziyarət edəcəklər. 

Ramidə YAQUBQIZI,

"Respublika".