COP29:
Ekologiya

COP29: "yaşıl enerji" siyasətimizin dünya ictimaiyyətinə təqdimatı

Hazırda dünyada iqlim dəyişmələrinin, qlobal istiləşmənin, ekologiyanın xeyli çirklənməsinin böyük fəsadlara yol açması ciddi narahatlıq doğurur. Təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması bu gün dünyada qlobal çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlərin görülməsini, ölkələrin və beynəlxalq təşkilatların səylərinin gücləndirilməsini, koordinasiyalı fəaliyyət göstərilməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır.

Ölkəmizdə ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən Dövlət proqramları təsdiqlənib, müvafiq fərman və sərəncamlar imzalanıb, Milli Məclis müvafiq qanunlar qəbul edib. Görülən işlər nəticəsində ekologiyamızın, təbiətin və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə olunub. Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Lakin qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişmələri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulub. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Milli Məclis 14 aprel 2015-ci ildə Doha əlavəsini ratifikasiya edib və ölkə başçısı tərəfindən təsdiqlənib. Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Azərbaycan parlamenti bu istiqamətdə milli səviyyədə "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanunlar qəbul edib.

Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibi seçilməsi Prezident İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsi, həmçinin son zamanlar ölkəmizə qarşı qərəzli kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə böyük etimad göstərir. İnanırıq ki, COP29 Azərbaycan üçün qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı, həm də ölkəmizin iqlim dəyişmələri ilə mübarizəyə verə biləcəyi töhfələri nümayiş etdirəcək.

Ölkəmiz qlobal problemlərdən olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu istiqamətdə töhfə vermək üçün dünyanın diqqət mərkəzində olacaq. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Ölkəmizdə "yaşıl enerji"nin istehsalı sahəsində böyük imkan və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə müqavilələr bağlanılıb. Qonşu ölkələrin və Avropa dövlətlərinin "yaşıl enerji" ilə təmin olunması üçün böyük layihələr işlənilir. Beləliklə, ölkəmizdə keçiriləcək COP29 "yaşıl enerji" siyasətimizin dünya ictimaiyyətinə təqdimatı baxımından da çox önəmli beynəlxalq platforma olacaq.

Fatma YILDIRIM,

Milli Məclisin deputatı.