Çöl Beşdəlidə nə qaz, nə də işıq var
Region

Çöl Beşdəlidə nə qaz, nə də işıq var

Sabirabad rayonunun Zal Qarağac, Çöl Beşdəli kəndləri eyni ərazi vahidliyində birləşib. Hər iki kəndin problemi də bir-birinə oxşayır. Qış aylarında kənd sakinləri əzab-əziyyətə qatlaşmalı olurlar. Kənddə qaz yoxdur.

- Yayın ortasından odun tədarükünə başlayırıq. Bir maşın odun isə 200-250 manata gətirilir. Torpaqlarımız bərəkətlidir. Həyətlərimizdə əvvəllər hər cür meyvə ağacı var idi. İndi gedib baxın, hamısını kəsib odun kimi istifadə etmişik. Çöl Beşdəli kənd sakini Haşımalı Hacıyev öz narazılığını bu sözlərlə ifadə edir.

Zal Qarağac kənd ərazi vahidliyinin nümayəndəsi Qalib İbrahimov isə deyir:

- Magistral qaz xətti hər iki kəndin düz ortasından keçir. Ətrafımızda olan kəndlərin hamısında qazlaşma gedib, bizim kəndləri isə elə bil unudublar. "Azəriqaz"a məktub yazmaqdan, müraciət etməkdən yorulmuşuq. Nəticə yoxdur ki, yoxdur. İşıq məsələsi isə ondan da betərdir. Yenə əksər kəndlərdə kabelləşmə getsə də, "Azərişıq" bizim kəndlərdə bu həyat əhəmiyyətli işi ildən-ilə ötürür. Qış aylarında elektrik xətlərində baş verən qəzalar əsl qorxu-həyəcan mənbəyinə çevrilmişdir.

Çöl Beşdəli, Zal Qarağac kəndləri Sabirabad rayonunun, bir az geniş götürsək, Mərkəzi Aranın tən ortasında yerləşir. Hər iki kənddən həm magistral qaz xətti, həm də işıq kabeli keçir. Respublikamızın ən ucqar kəndlərində buna bənzər problemlər aradan qaldırıldığı halda, adıçəkilən kəndlərdə yaşayan sakinlərin çətin vəziyyəti ilə bağlı əlaqədar təşkilatlar, yəqin ki, aydınlıq gətirəcəklər.

Tofiq HÜSEYN,

"Respublika".