MSK-nın növbəti iclası
Siyasət

MSK-nın növbəti iclası

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 13 yanvar 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasının qərarı ilə qeydə alınmış namizədlər Zahid Məhərrəm oğlu Orucun və Fuad Ağasi oğlu Əliyevin, habelə namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslər təyin edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Komissiya sözügedən namizədlər və siyasi partiya tərəfindən təqdim olunan vəkil edilmiş şəxsləri qeydə alıb.

İclasda Komissiya üzvlərinin və iştirakçıların diqqətinə çatdırılıb ki, Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif seçki subyektlərini əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan layihələrdən biri artıq başa çatıb. Belə ki, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində müvəffəqiyyətlə təşkil olunub keçirilən və seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan regional seminar-müşavirələr yanvarın 9-dan etibarən Bakı, Gəncə, Şəki, Şirvan və Naxçıvanda keçirilib. Yanvarın 18-də Naxçıvan şəhərində keçirilən tədbirlə layihə yekunlaşıb. Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn və yüksək səviyyədə hazırlanıb keçirilən seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin təqdimatında qarşıdan gələn seçkilərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Beynəlxalq müşahidə missiyasının təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib, həmçinin cari məsələlərə baxılıb.

“Respublika”.