Ermənistan beynəlxalq təşkilatların
Digər xəbərlər

Ermənistan beynəlxalq təşkilatların "qanadı" altına sığınır

Ermənistanın hər zaman olduğu kimi, yenə də əməlləri ilə sözü düz gəlmir. Qərb qonşumuz yalan məlumatlar yaymaqla, durmadan dünya ictimaiyyətini yanlış istiqamətə yönləndirməyə cəhd edir. Belə ki, Hayastan bu dəfə utanmazcasına Qarabağda "humanitar böhran"ın hökm sürdüyünü iddia edərək BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət ünvanlayıb. Hətta qurumun ali orqanından "Qarabağdakı mövcud vəziyyətlə bağlı" təcili iclasın çağırılmasını da istəyib. Əslində qeyd etdiklərimiz Ermənistanın beynəlxalq təşkilatların qanadının altına ilk sığınma cəhdi deyil. Riyakar haylar elə əzəldən beynəlxalq qurumlardan imdad diləyib. Bütün bunlar erməni fitnəkarlığını, onun regionda sabitliyə təhlükə yaratdığını göstərir.

Maraqlıdır ki, Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında qalan ərazilərinin azad olunması ilə bağlı qəbul etdiyi qətnamələri sadəcə kağız parçası adlandıran haylar indi BMT-yə üz tutur. Ermənistan iclas çağırılmasını istəməklə Laçın yolunda yaratdığı süni "humanitar böhran" şousunu dünya birliyinin diqqətinə çatdırmağa çalışır. Xatırladaq ki, Ermənistan ötən ilin dekabrında da "bacısı" Fransanın təşəbbüsü ilə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı aksiyası ilə əlaqədar olaraq TŞ-nin fövqəladə iclasını çağırmışdı. Amma həmin vaxt üzv dövlətlər arasında konsensus olmadığından Fransanın irəli sürdüyü bəyanat layihəsi qəbul edilməmişdi. Çox güman ermənilərin bu cəhdi də uğursuz nəticələnəcək. Çünki bu barədə yenidən TŞ-də məsələ qaldırılması həm siyasi, həm də hüquqi baxımdan doğru deyil. Daha dəqiq desək, Azərbaycanın erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamadığı hər kəsə məlumdur. Bundan başqa, mövzunun TŞ-də müzakirəyə çıxarılması qurumun formatından sui-istifadə edərək yalan dolu narrativlər əsasında BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gəlir. Digər bir tərəfdən ölkəmiz öz suveren hüquqlarından istifadə edərək Laçında sərhəd-keçid məntəqəsi qurub. Məntəqənin qurulmasının əsas məqsədi Ermənistanın üçtərəfli Bəyanata zidd olaraq həmin yol vasitəsilə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçusunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurması, qaçaqmalçılıq kimi qeyri-qanuni fəaliyyətlərinin qarşısını almaqdır. Ölkəmizin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, son iki il ərzində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçiriblər. Bunu düşmən tapdağından azad edilmiş ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal edilən minaların aşkarlanması da təsdiqləyir.

Laçın yolu açıldığı gündən etibarən 2 mindən çox erməni əsilli şəxsin Qarabağdan Ermənistana, yaxud geriyə gediş-gəlişi baş tutub. Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin də hərəkətinə heç bir maneə törədilməyib. Bütün bu reallıqlara baxmayaraq, həm haylar, həm də Qarabağdakı separatçı tör-töküntülər burada yaşayan ermənilərin gediş-gəlişi üçün problemlər yaradıldığını iddia edir. Məsələnin ən gülünc tərəfi isə hayların mətbuatında yayılan təkcə avqustun 12-də BQXK-nın iştirakı ilə 10 xəstənin Ermənistana aparılması ilə bağlı məlumatlardır. Bir faktı da qeyd edək ki, Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə Beynəlxalq Ədalət Məhkəməsinə etdiyi müraciət də yekdilliklə rədd edilmişdi. Bütün bunlar Ermənistanın "blokada" ilə bağlı iddialarının saxta olduğunu açıq şəkildə sübut edir. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət qarşısında rəzil duruma düşən Ermənistan hələ də ölkəmizin haqlı mövqeyinə təsir edəcəyini düşünür. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı məlumatında bildirib ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərə qərb qonşumuz məqsədyönlü şəkildə maneələr yaradır. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti də elə həmin kampaniyanın bir hissəsidir. Bu, həmçinin Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə xələl gətirir. Bundan başqa, ölkəmizin suveren ərazilərində qanunsuz şəkildə yerləşdirilən radioelektron mübarizə vasitələrindən istifadə də xüsusi narahatlıq doğuran məqamlar sırasındadır. Düşmənin bu cür mənfur əməlləri işğalçı dövlətin Azərbaycana qarşı ərazi iddialarına son qoymadığının bariz nümunəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".