Cənubi Qafqazda sülhün bərqərar olması səyləri pozulmamalıdır
Siyasət

Cənubi Qafqazda sülhün bərqərar olması səyləri pozulmamalıdır

Regiona aid olmayanların hər hansı “uzaqgörən” bəyanatı gərginliyi daha da artıra bilər

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. ABŞ-ın Dövlət katibi Blinkenlə telefon danışığında olduğu kimi, bu söhbət zamanı da Brüsseldə keçirilməsi nəzərdə tutulan ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün təfərrüatları müzakirə olunub. Prezident İlham Əliyev bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

Aprelin 5-də Brüsseldə N.Paşinyan, A.Blinken və Ursula Fon der Lyayen arasında üçtərəfli görüş keçiriləcək. Siyasi icmalçılar üçtərəfli görüşü bölgə üçün yeni təhlükəli mərhələnin başlanğıcı kimi dəyrləndirirlər. Regionda mühüm aktorlar olan Azərbaycan, Türkiyə və Gürcüstan rəsmilərinin danışıqlara dəvət olunmaması şəffaflıqdan uzaq olmaqla, normal qiymətləndirilə bilməz. Hazırda Yaxın Şərqdə dünyanın bir nömrəli problemlərindən sayılan İsrail və Fələstin (HƏmas) arasında müharibənin və Rusiya-Ukrayna savaşının getdiyi bir vaxtda Blinken və Fon der Lyayenin vaxt taparaq aprelin 5-də N.Paşinyanla Ermənistanın "təhlükəsizliyi və gələcəyi" ilə bağlı görüşə gəlmələri Cənubi Qafqazda qlobal güclərin ciddi planlarının olduğunun göstəricisidir. Hətta deyə bilərik ki, son zamanlar bəşəriyyətin mühüm qlobal çağırışlarla üz-üzə qaldığı bir vaxtda Qərbin ayrı-ayrı təsisatları tərəfindən Ermənistanla bağlı verilən bəyanatlar və müntəzəm görüşlərin keçirilməsi Cənubi Qafqazın böyük güclər arasında növbəti "rəqabət-çəkişmə" coğrafiyası olduğuna dəlalət edir.

Telefon danışığında Fransanın anti-Azərbaycan mövqeyi əsas mövzulardan olub. Çünki Fransanın xarici işlər naziri Stefan Sejurne Antoni Blinkenlə  birgə mətbuat konfransında "Azərbaycan ritorikası nəzarətdən çıxır" deyərək rəsmi Bakını şantaj etməyə çalışıb. Odur ki, Blinken təkcə Brüssel görüşünə deyil, həm də Fransa XİN başçısı ilə keçirdiyi görüşdəki məsələyə də aydınlıq gətirməli olub. Fransa və Ermənistan guya Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edir. Prezident İlham Əliyev Fransanın yalan danışdığını, Ermənistan-Fransa cütlüyünün Cənubi Qafqazda pozuculuq fəaliyyətini, saxta açıqlamalar verməklə vəziyyəti gərginləşdirdiklərini Blinkenin diqqətinə çatdırıb. 30 il ərzində olduğu kimi, yenə də Ermənistanın başını tumarlamaqla Fransa ilə birlikdə onların yalanlarına əsaslanıb, rəsmi Bakı ilə yeni hərbi əməliyyatların başlamaması məsələsini müzakirə etməsi Cənubi Qafqazın təhlükəsizliyinə, bölgədə sülh və əməkdaşlığa xeyirdən çox ziyan vurur. Bu, həm də Ermənistanla birbaşa danışıqlara, habelə tərəflər arasında etimad mühitinin və dayanıqlı sülhün yaranmasına mənfi təsir göstərir.

 Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyənin narahatlıq ifadə etməsi bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu sübut edir. Brüsseldə Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bu barədə Türkiyə XİN-in yaydığı məlumatda bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq. Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Mariya Zaxarova aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşünü "Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri" kimi qiymətləndirib. Rusiya bu cür görüşlərin Qərbin həddindən artıq destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da möhkəmlənməsinə, orada yeni bölücü xətlər yaratmasına, region ölkələrini anti-Rusiya yolunda getməyə məcbur etməsinə imkan yaratmağa yönəldiyi üçün narahatlıq doğurduğunu bildirib. Regionda hələlik susan yeganə ölkə İrandır. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox "qırmızı xəttdən" danışan məhz İran idi. Görünən odur ki, Rusiya "əyaləti" olan Ermənistan indi də Fransa başda olmaqla, Qərbin savaş meydanına çevriləcək. Ukraynada olduğu kimi, Ermənistanda da Amerika Rusiya ilə savaşmağa hazırlaşır. Eyni zamanda, Ermənistanda başlayacağı savaşla Cənubi Qafqazda Azərbaycanı də zəif düşürməyi hədəfləyir. Odur ki, öz sərhədində baş verənlərə İranın susqunluğu, Gürcüstanın arxayınlığı da maraq doğurur.

Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir. Bu baxımdan İtaliya məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib. İtaliya tərəfindən yürüdülən siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin açıqlaması yayılıb. Bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneçilik törədən addımlardan çəkinməyə çağırış edilib. Həmçinin qeyd olunub ki, Azərbaycan tərəfi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi qismində məsuliyyətli davranış sərgiləyir və bununla əlaqədar, Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı verdiyi bəyanatlar prosesə mənfi təsir göstərir.

Azərbaycan XİN 27 mart tarixli bəyanatı ilə bu görüşün mahiyyəti haqda ölkəmizin məlumatlı olduğunu göstərib. Odur ki, Blinken Xəzər dənizində ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanın  yeni geosiyasi dünya düzənində sözünə sadiq, qətiyyətli dövlət başçısına hesabat vermək məcburiyyətində qalıb. O bildirib ki, müzakirə mövzusu iqtisadi əməkdaşlıq olacaq və hər hansı narahatlığa əsas yoxdur. Eyni zamanda, Blinkenin vəziyyəti şəxsən izah etmək üçün zəngi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevlə telefon danışığı ölkə başçımızın qlobal müstəvidəki nüfuzundan xəbər verir.

Mustafa KAMAL,

"Respublika".