CƏNUBİ QAFQAZDA ƏN BÖYÜK SƏNAYE PARKI
İqtisadiyyat

CƏNUBİ QAFQAZDA ƏN BÖYÜK SƏNAYE PARKI

Müasir istehsal infrastrukturunun yaradılması ölkəmizin ixrac potensialını artırır

Dövlət başçısı oktyabrın 23-də Sumqayıt Kimya Sənayesi Parkında "Çinar-Servis" firmasının Texniki qazların istehsalı, "Kartaş Kimya" MMC-nin müxtəlif tikinti kimyəv məhsulların istehsalı müəssisəsinin təməlini qoyub. "Novus Plastica" MMC-nin Polimer qatqıları, "Universal Qablaşdırma Sənayesi" QSC-nin Qablaşdırma məhsulları, "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisələrinin açılışında iştirak edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 583,5 hektar olan sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. "Azərbaycan Vanhong Ceramics Co." MMC, "Novus Plastica" MMC və "UPI - Universal Packing Industry" QSC-nin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.

Hazırda burada 6600-dən çox insan daimi işlə təmin olunub. Mövcud layihələr üzrə sənaye parkında əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkda istehsal olunan məhsullar dünyanın bir çox  ölkələrinə ixrac olunub.

Sənaye zonalarının yaradılmasının təməlində sahibkarlar və muzdlu işçilər üçün maksimal komfortlu fəaliyyət mühitinin formalaşdırılması dayanır. Belə ki, sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikalar isə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azaddırlar. Bütün bunlar həmin zonalara investisiya qoyuluşunu stimullaşdırır. Qeyd etmək lazımdır ki, sənaye zonalarında əsasən Azərbaycanda daha çox tələbat olan məhsul istehsal edən müəssisələr yaradılır. Məsələn, bu yaxınlarda Pirallahı Sənaye Parkında damardaxili inyeksiya üçün həyati və zəruri dərman məhlullarını istehsal edəcək "Diamed" əczaçılıq zavodunun açılışı olub. Müəssisənin gücü ildə 20 milyon litrdir, Azərbaycanın isə təxminən 15 milyon litr dərman məhluluna  ehtiyacı var. Beləliklə, zavodun məhsulları yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixrac olunacaq.

Azərbaycanın sənaye zonalarında 57 rezident qeydiyyatdan keçib və 3,959 milyard ABŞ dolları dəyərində investisiya qoyulub. İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsala başlayıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, bütünlükdə bu rezidentlər tərəfindən 12 min daimi iş yeri açılıb.

Sənaye zonaları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata inteqrasiyası prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.Həmin ərazilərin zəngin resurs və infrastruktur potensialı mövcuddur. Onlardan səmərəli istifadə edilməsi əsas prioritetlərdəndir. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması həmin torpaqlarda özəl təşəbbüslərin stimullaşdırılmasında, sənaye potensialının maksimal dərəcədə səmərəli reallaşdırılmasında, müasir və effektiv istehsalın yaradılmasında əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, işğaldan azad edilmiş torpaqlarda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üçün güzəştlər də nəzərdə tutulub. Bu ərazilərdə müxtəlif növ işlər görən sahibkarların da maliyyə resurslarına çıxış imkanları genişləndirilib, bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndirilib.

Qarabağda sənaye parkının qurulması innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaq, bölgədə yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun yüksəldilməsi kimi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyur. Hazırda ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına "Ağdam Sənaye Parkı" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da qoşulub. Beləliklə, bu gün respublikada 7 sənaye parkı var. Təməli dövlət başçısı tərəfindən 2021-ci il mayın 28-də qoyulan "Ağdam Sənaye Parkı" Qarabağın yenidən qurulmasında mühüm rol oynayacaq. Sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Bura 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ADA Universitetinin təşkilati dəstəyi ilə oktyabrın 5-də Ağdamda keçirdiyi Milli Şəhərsalma Forumunda da sözügedən sənaye parkının yaradılmasının əhəmiyyəti vurğulanıb. Ağdamın Baş Planının hazırlanması zamanı müasir "ağıllı şəhər" yanaşmaları, "yaşıl enerji" və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının reallaşdırılması kimi məsələlərlə yanaşı, müasir istehsal infrastrukturunu əhatə edəcək sözügedən sənaye parkının qurulmasının da diqqət mərkəzində saxlanılması yüksək dəyərləndirilib.

Mustafa KAMAL,

"Respublika".