Cənub Qaz Dəhlizinin şaxələndirilməsi imkanları genişdir
Siyasət

Cənub Qaz Dəhlizinin şaxələndirilməsi imkanları genişdir

Martın 1-də paytaxt Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.

2015-ci ildən bəri hər il baş tutan iclasda Məşvərət Şurasının qrup üzvləri görülmüş işlər və qarşıda duran məsələlərin həllinə dair müzakirələr aparır, eləcə də atılacaq birgə addımları dəyərləndirirlər. Ardıcıl olaraq hər il tədbirin keçirilməsi üç il bundan öncə istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsində müstəsna rol oynayıb. Sözügedən Şuranın yaradılması və bu format çərçivəsində müntəzəm iclasların keçirilməsinin təşəbbüskarı məhz Prezident İlham Əliyev olub və bu, Avropa Komissiyası tərəfindən təqdir edilib. 2022-ci ildən Məşvərət Şurasının toplantısı əvvəlki iclaslardan fərqli fonda keçirilir. Bunun da səbəbi ondan ibarətdir ki, TAP-ın istifadəyə verilməsilə layihənin bütün seqmentləri fəaliyyət göstərir. Məşvərət Şurasının VIII toplantısından etibarən istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsinin gələcək inkişafı müzakirə edilir və onun genişləndirilməsi, şaxələndirilməsi imkanları nəzərdən keçirilir. Bununla yanaşı, artıq ikinci ildir ki, yaşıl enerji ilə bağlı Məşvərət Şurasında müzakirələr aparılır.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə Albaniya arasındakı dostluq əlaqələrindən, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının enerjinin şaxələndirilməsi və onun təhlükəsizliyi məsələlərində vacib rol almasından, o cümlədən ölkənin enerji strategiyası və bu xüsusda yaşıl enerjinin əhəmiyyətli yer tutmasından söz açıb. Həmçinin, dövlət başçısı qeyd edib ki, Avrasiyanın bügünkü geosiyasi vəziyyəti məhz Məşvərət Şurasındakı görülən işlərin nə dərəcədə düzgün olduğunu sübut edir: "Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük".

Dövlət başçısının da qeyd etdiyi kimi, CQD materikin həyatında önəmli rol oynayır və Avropanın enerji təhlükəsizliyinin əsas qarantına çevrilib. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi "qoca qitə"nin enerji bazarında ciddi təhdidlər yaradıb. Həmin ildən etibarən, demək olar ki, ölkələr üçün enerji amili milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycanın CQD-nin əsas təşəbbüskarı olması və bu meqalayihəni həyata keçirməsi ölkəmizin Avropaya verdiyi böyük töhfədir. Azərbaycan qazına olan tələbatın göstəricilərindən biri də 2022-ci il 18 iyul tarixində Avropa İttifaqı ilə imzalanan enerji memorandumudur. Bu müqaviləyə əsasən Avropaya ixrac olunan qazın həcmində artım oldu.

Bundan başqa, Azərbaycan həm də dünyada etibarlı tərəfdaş kimi tanınır. Digər enerji ixracatçılarından fərqli olaraq ölkəmiz enerji faktorundan təhdid olaraq istifadə etmir. "Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur", - deyən dövlət başçısı bu məqamı da tədbirdə xüsusi vurğulayıb.

Prezident İlham Əliyev Məşvərət Şurasında Cənub Qaz Dəhlizinin fəaliyyətini uğur hekayəsi adlandıraraq bildirib ki, bu, Avrasiyanın ən böyük infrastruktur layihələrindən biridir. Və onu da qeyd edib ki, Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Qeyd edək ki, 2014-cü ildə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməli qoyulub. Dörd seqmentdən ibarət olan bu boru kəməri beynəlxalq əməkdaşlıq çərçivəsində gerçəkləşib. Bu baxımdan layihənin üç il əvvəl uğurla işə düşməsi iştirakçı ölkələrin, şirkətlərin və buna əmək sərf etmiş hər kəsin nailiyyəti hesab olunur.

Azərbaycan neft-qaz ölkəsi kimi şöhrət qazansa da, son illər enerji startegiyasında yaşıl enerjiyə xüsusi yer verir. Respublikada energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq qarşıya qoyulub. Bu məqam da toplantının əsas mövzularından biri olub və ölkə başçısı nitqində Azərbaycanın yaşıl enerjiyə keçid prosesinin aktiv fazasında olduğunu bildirib, COP29 kimi qlobal tədbirə ev sahibliyi etməyin böyük şərəf olmasını diqqətə çatdırıb. Məhz 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahənin xüsusi diqqətdə saxlandığını göstərir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Ölkəmiz 1990-cu illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub.

Musa BAĞIRLI,

"Respublika".