Cənub Qaz Dəhlizi Avrasiyada icra olunan ən böyük layihələrdən biridir
Gündəm

Cənub Qaz Dəhlizi Avrasiyada icra olunan ən böyük layihələrdən biridir

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirildi. Prezident İlham Əliyev tədbirdə bir sıra maraqlı məsələlərə toxundu. İlk növbədə onu qeyd etməliyik ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır.

Təsadüfi deyil ki, Azərbaycan qazının əsas alıcıları da elə Avropa ölkələridir. Bu əməkdaşlığın genişləndirilməsi, digər dövlətlərə də qaz ixrac olunması məsələsi isə aktuallığı ilə seçilir. Ölkəmizə bu barədə çoxlu müraciətlər var. Bu səbəbdən, Azərbaycan Cənub Qaz Dəhlizini inkişaf etdirmək istəyir. Hazırda qlobal səviyyəli layihəyə əlavə investiyalar cəlb edilir. Bununla yanaşı, Trans-Balkan boru kəmərindən istifadə etməklə bu layihənin şaxələndirilməsi nəzərdə tutulur. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın təhlükəsiz şəkildə enerji daşımalarını reallaşdıran ölkə kimi imicini artıracaq.

Bununla yanaşı, Azərbaycanda ötən il "Abşeron" layihəsinin ilk fazası təsdiq edildi. Orada illik qaz hasilatının 1.5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə etdikdən sonra isə daha 4-5 milyard kubmetr bu rəqəmin üstünə əlavə olunacaq. Qeyd edək ki, bu hasilatın böyük əksəriyyəti xaricə nəql olunacaq. Bu, artıq onu göstərir ki, Azərbaycan mavi yanacağı dünya bazarlarına çıxarmağa qadir ölkədir. Hətta bir çox yeni qaz yataqlarının aşkarlanması üçün işlər həyata keçirilir. Yəni hələ uzun illər Azərbaycan qaz ixracatçısı kimi dünya bazarında yer tutacaq.

Bununla yanaşı, "Azəri", "Çıraq" və "Günəşli" yataqları da mövcuddur ki, artıq burada qazın nəqli ilə bağlı ilkin məlumatlar var. "Şahdəniz" və "Abşeron" yataqlarından hasil edilə biləcək qazla yanaşı, sözügedən yataqların da qaz ixracatına əsaslı töhfəsi olacaq. Təbii ki, resurslarımız bununla da bitmir. Bildiyiniz kimi, "Ümid" yatağının ikinci fazasının işlənməsi ilə bağlı da planlar mövcuddur. Sözügedən yataqda potensial olaraq 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək mütəxəssislər tərəfindən proqnozlaşdırılır.

Bir sözlə, ölkəmiz Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır. Qarşılıqlı əməkdaşlıq çərçivəsində bu işin öhdəsindən əminliklə gələcəyik. Bununla yanaşı, Azərbaycan "yaşıl enerji"yə keçid prosesində yaxından iştirak edir. Azərbaycanda bu il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Ən əsası, ölkəmiz bu il COP29 kimi qlobal tədbirə ev sahibliyi edəcək. Düşünürəm ki, bu kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi birbaşa olaraq Azərbaycanın iradəsini ortaya qoyur. Bununla da Azərbaycanın "yaşıl enerji"yə keçid prosesini aktiv reallaşdıra bilməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində yaxından iştirak etməsi ölkəmizin ətraf mühitin qorunması ilə bağlı layihələri də uğurla həyata keçiriləcək. Təsadüfi deyil ki, Azərbaycanın bir çox mötəbər tədbirlərə ev sahibliyi etməsi, ona olan güvən və etimadın, artan nüfuzumuzun nəticəsidir.

Hazırda Azərbaycan "yaşıl enerji" potensialı ilə diqqət mərkəzindədir. 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının ərsəyə gətirilməsi, bu prosesdə əməkdaşlıq edən şirkətlərin yatırımları bunu bir daha təsdiq edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi nəzərdə tuturuq. Əminliklə qeyd edə bilərik ki, "yaşıl enerji"nin ixracı yaxın illərdə mümkün olacaq. Bu çərçivədə bir sıra layihələr hazırlanır. Gündəmdə isə Qara dənizin dibi ilə enerji ixracının reallaşdırılmasıdır. Qara dəniz sualtı kabel layihəsi Avropanın enerji təhlükəsizliyini artıracaq, Azərbaycan önəmli ixracatçılardan birinə çevriləcək.

Cənub Qaz Dəhlizi artıq üç ildir fəaliyyət göstərir. Avrasiyada icra olunan ən böyük layihələrdən biri kimi Azərbaycanın qürur mənbəyidir. Xüsusilə layihənin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olması bu layihənin daha da inkişaf etməsini təmin edəcək. Əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan dünənin, bu günün və sabahın etibarlı enerji təminatçısıdır.                                   

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.