Bu qəsəbədə hamı üçün iş yeri var
Sosial həyat

Bu qəsəbədə hamı üçün iş yeri var

Söhbət Şirvan şəhərinin tabeliyində olan Hacı Qəhrəmanlı qəsəbəsindən gedir. Qəsəbə əlverişli coğrafi məkanda - Kür çayının sahilində, Şirvan-Salyan yolunun kənarında yerləşir. Münbit torpaqlar, Kür çayının sahilində yerləşən tuqay meşələr və geniş otlaqlar—əkinçilik və heyvandarlıq üçün yararlıdır. Yaşlı sakinlərin dediyinə görə, əsrin əvvəlində Şamaxı tərəfdən bu yerlərə köçmüş Qəhrəman kişi sonralar Məkkə ziyarətinə yollanmış, kənd onun şərəfinə “Hacı Qəhrəmanlı” adlanmışdır.

1950-ci ilə qədər kənddə 30-40 ev olub. Bir müddət Salyan və Sabirabad rayonlarının tərkibinə verilib. 1970-ci ildən Əli Bayramlı (indiki Şirvan) şəhərinin tərkibinə daxil edilib və 1975-ci ildə kənd bu şəhərin tabeliyində qəsəbə statusu alıb. Şirvan İstilik Elektrik Stansiyası və “Şirvan OYL” Hacı Qəhrəmanlı qəsəbəsinin ərazisində yerləşir.

Qəsəbədə hər cür infrastuktur var. 630 yerlik məktəb, klub, kitabxana, poçt şöbəsi, baytarlıq məntəqəsi, həkim məntəqəsi, qazdoldurma məntəqəsi, digər xidmət obyektləri, o cümlədən sürətli internet xidməti əhalinin ixtiyarındadır. Burada qəsəbə bələdiyyəsi fəaliyyət göstərir. Qəsəbədən Salyana və Şirvan şəhərinə avtobus marşrutu işləyir.

Göründüyü kimi, qəsəbədə kifayət qədər iş yeri var və əhalinin məşğulluğunu təmin etməkdə bir elə problem yarana bilməz. Amma Hacı Qəhrəmanlı sakinləri el arasında deyildiyi kimi, “dövlət işi”ndə işləməyə o qədər də meyili deyillər. Burada müəllim, həkim, energetik, neftçi, digər peşə sahibləri təqaüd yaşını səbirsizliklə gözləyirlər ki, fərdi təsərrüfatlarda işləməyə, təsərrüfatlardan əldə etdikləri məhsulları daxili və xarici bazarlara çıxarmağa normal vaxt tapa bilsinlər. Artıq neçə illərdir ki, Şirvan və Salyan şəhərinin bazarlarına yolu düşənlər alıcılardan mütləq “Hacı Qəhrəmanlı pomidoru”nu soraqlaşırlar. Çoxdan “brend” səviyyəsinə yüksəlmiş keyfiyyətli ərzaq məhsulundan bazarlıq etmək üçün adını çəkdiyimiz şəhərlərdən deyil, Sabirabaddan, Bakıdan təşrif buyuran müştərilər də var. Hacı Qəhrəmanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Dadaş Fərzəliyev deyir:

-Qəsəbənin 2484 nəfər əhalisinin 484 təsərrüfatı var. Təsərrüfatların böyük əksəriyyəti istixanalardan ibarətdir. Sakinlər öhdələrində olan torpaq sahəsindən yüksək səviyyədə səmərəli istifadə edirlər. Həyətyanı sahədə çox da böyük olmayan istixanadan əlavə, quşçuluq, heyvandarlıq üçün damlar, tövlələr tikilir, göy-göyərti yetişdirmək üçün sahələr ayrılır. Təsərrüfatlardan ilin bütün fəsillərində pomidorla yanaşı, xiyar, badımcan, bibər, digər məhsullar götürülür. Məhsulun keyfiyyətini yüksəltmək yolları barədə zəngin təcrübə əldə olunub. Hacı qəhrəmanlılılar bazarın nəbzini tutmağı bacarırlar. Burada hamı üçün bir həqiqət var; “markanın qiymətini gözdən salmaq olmaz”.

Yeri gəlmişkən deyək ki, qəsəbədə yetişdirilən bostan-tərəvəz məhsulları xarici bazarlara da çıxarılır. Təkcə keçən il daxili və xarici bazarlara 900 tondan artıq məhsul yola salınıb.

Qəsəbədə müxtəlif vaxtlarda “TIR”-lar görmək mümkündür. Buradan gedən məhsula bir çox şəhərlərdə yüksək tələbat var.

Dadaş müəllim son illərdə təqaüdə çıxıb təsərrüfatla məşğul olan qəsəbə sakinlərindən Nəbi Quliyevin, Hüseynəli Baladadaşovun, Mirzəli Aşurovun adını çəkir. Bu müəllimlərin hər üçü uzun illər qəsəbədə rəhbər vəzifələrdə işləyiblər; məktəb direktoru, qəsəbə Sovetinin sədri və sair... Öz əməksevərliyi, istiqanlılığı ilə hər üçü qəsəbədə öz qohumlarına, həmyerlilərinə nümunə olublar. Onların yetirmələri olan gənclərin böyük əksəriyyəti doğma qəsəbədən ayrılıb haralarda isə iş axtarmaq fikrinə düşmürlər. Çünki qarşıda Nəbi, Baladadaş, Mirzəli müəllim kimi nümunələr var. Hacı Qəhrəmanlıda ailə büdcəsinə normal gəlir gətirməli olan iş yerləri kifayət qədərdir və burada işsizlik heç kəsi narahat etmir.

Tofiq HÜSEYN,

“Respublika”.