Baba Samid türbəsi
Sosial həyat

Baba Samid türbəsi

Sovet dövründə inanc yerlərimizi nəinki tanımaq, hətta adını çəkmək bizə yasaq edilib. Bu qadağalar götürüldükdən sonra Baba Samid məqbərəsi bizim inanc yerlərimizdən biri kimi daima ziyarət olunur. Türbə Sabirabad rayonunun Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir.

Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətirlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətirlər Həzrəti Əlinin (ə.s) tərifinə həsr olunmuş, qalan 4 sətirdə türbənin Səfəvi şahı 1-ci Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) "xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid "böyük" mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur" sözləri yazılmışdır.

Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (ə.s) (765-818) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir, ancaq Sovet dövründə olan qadağa nəticəsində həm sufiliyin tədqiqi, həm də onların ənənələrini bilmək qeyri-mümkün olmuşdur.

Tarixçi Faiq Nəsibov bildirir ki, Bəktaşilik hərəkatının 16-cı əsrdə Azərbaycanda yayıldığı məlumdur. Baba Samid Orta əsr Azərbaycan və Türkiyədə geniş yayılmış Şiə Sufi təriqətidir. Bəktaşi (bəktaşiyyə) təriqətinin bir qolu olduğu düşünülür. Səfəvilər imperiyası dövründə bu şiə təriqəti hakimiyyət tərəfindən irəli sürülüb. XVI-XIX əsrlər boyu Sufi təkkələrinin sayı çox olub. Azərbaycanda Baba Samid hərəkatının tarixi olduqca zəif tədqiq olunmuşdur.

Şirvanın ilk xanı olan Ağası xanın övladlarının bəziləri və bir xanımı burada dəfn olunub. Mərzili obasının sahibi İsmayıl bəy Sərkər (1760-1848), Haşım xan Sərkər (1773-1845), Səfər bəy Sərkər (1776-1827) və digər qəbirlər burada yerləşir.

Tofiq HÜSEYN,

"Respublika".