Bu gün Azərbaycanda bütöv Qarabağ mövcuddur
Siyasət

Bu gün Azərbaycanda bütöv Qarabağ mövcuddur

Almaniyanın həftəlik "Die ZEİT" qəzeti avqustun 10-da "Dünyanın unutduğu: Dağlıq Qarabağ" adlı məqalə nəşr edib. İlk növbədə, məqalənin adı Azərbaycan Respublikasının mövqeyinə tamamilə ziddir. Azərbaycan tərəfi dəfələrlə bildirib və sübut edib ki, "Dağlıq Qarabağ" bölgəsi yoxdur.

Vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847) əsərində "Dağlıq, yoxsa sadəcə Qarabağ?" məsələsindən bəhs edərək yazıb: "Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə "Krasnıy most", yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Həmin dövrlərdə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi yalnız reallığa, təcrübəyə əsaslanmır, ilk mənbələrlə də sübut olunur.

Siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən Qarabağ anlayışı olub. Onu da qeyd edək ki, "Dağlıq Qarabağ" anlayışı son dövrlərin "məhsuludur". Bu ad separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilib. Əgər "Dağlıq Qarabağ" varsa, deməli düzən və ya aran Qarabağ bölgəsi də var. Reallıq da belədir ki, bu gün Azərbaycanda bütöv Qarabağ mövcuddur. Tarix boyunca həm dağlıq hissə, həm də aranlıq Azərbaycan torpaqları olub.

Nəticə etibarilə Almaniya tərəfinin yoxlanılmamış məlumatlar, yanlış terminologiya, Azərbaycana və onun rəhbərliyinə qarşı əsassız və ədalətsiz ittihamların yer aldığı məqalə birtərəfli olaraq Ermənistanın və erməni separatçıların mövqeyinə xidmət edir. Almaniyalı alimlər də bunun fərqindədirlər. Tanınmış almaniyalı alim, Qafqaz regionunun tədqiqatçısı, "Şuşanın irsi" kitabının müəllifi Dr. Mixael Raynhard Hess "Die Zeit" qəzetinin redaksiyasına əsaslandırılmış etiraz məktubu göndərib. Orada qeyd edilib ki, məqalənin elə ilk cümləsində "Dağlıq Qarabağ anklavı" sözünün işlədilməsi məqalənin hansı mövqedən yazıldığını açıqlayır: "Qarabağ bütün hissələri, o cümlədən dağlıq hissəsi ilə Azərbaycan dövlətinin ərazisidir. Hətta erməni separatçıların qondarma qurumunun sponsoru Ermənistanın da heç vaxt anklav kimi qəbul etmədiyi ərazini necə anklav adlandırmaq olar?! "Dağlıq Qarabağ anklavı" əfsanəsinin hansı mənbədən götürüldüyü məlum deyil. Amma bundan "Spiegel" də daxil olmaqla, Almaniyanın bütün aparıcı media subyektləri istifadə edir. Maraqlı tərəflərdən birinin yoxlanılmamış məlumatlarını necə yaymaq olar?".

Dr. Hess "Die Zeit" kimi nüfuzlu bir mətbu orqanın belə mövzuda yazarkən sensasiya axtarışında olduğuna görə məyusluğunu bildirib. Və yazılan məqaləni şiddətlə qınayıb. Vətən müharibəsindən söz açan alim bildirib ki, 30 illik didərgin həyatından sonra 44 günlük müharibə nəticəsində azad edilmiş Qarabağa qayıdanlar erməni təcavüzkarların dağıdıcılıq fəaliyyəti ilə üzləşirlər.

Təəssüf ki, bu ilk dəfə deyil ki, Alman

iya tərəfindən rəsmi məktublarda, çıxışlarda heç çəkinmədən "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilir. Ötən günlərdə isə BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında Fransa və Almaniya daxil olmaqla, bir sıra ölkələr Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və bu ifadədən istifadə ediblər.

Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə almağa qadirdir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Almaniya Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsini "dağlıq" adlandırmasına cavab verib. "Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni "boz zona"ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərk-silah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib", - deyə XİN rəsmisi bildirib.

Azərbaycanın öz suverenliyinə xələl gətirmək istəyən hər bir qurumu, dövlətə qarşı aqressiya göstərmədən, humanist formada bölgəyə dəvət etməsi onun tolerantlığından xəbər verir. Şübhəsiz ki, iqtisadi cəhətdən yüksək səviyyədə əməkdaşlığımızın olduğu Almaniya qısa zamanda bu səhvini düzəldərək dağları və düzənləri ilə birgə, bütöv Qarabağ anlayışını rəsmi olaraq qəbul edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".