Bu da separatçıların son aqibəti
Gündəm

Bu da separatçıların son aqibəti

Xankəndidəki qondarma respublika rəsmi olaraq ləğv edilib. Bununla bağlı separatçıların rəhbəri Samvel Şahramanyan "fərman" imzalayıb. Bildirilib ki, 2024-cü il yanvarın 1-dək qondarma qurumun tabeliyində olan bütün dövlət qurumları və təşkilatlar ləğv edilsin və "respublika"nın mövcudluğu dayandırılsın. Qarabağın erməni əhalisi, o cümlədən "respublika"dan kənarda yerləşən əhali bu "fərman" qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalmağın mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Əslində bu proses başlanğıcını qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyanın sentyabrın 27-də Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılmasından götürüb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karleni Vardaryanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı irəli sürülən ittihama əsasən müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə dövlətimizin qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində iştirak edib. Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib. Törətdiyi qeyri-qanuni əməllərə görə hazırda Ruben Vardanyanın barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vardanyanın həbs edilməsi digər separatçılara mühüm mesajdır. Köçəryan, Sarkisyan, Arutyunyan, Balasanyan və digərləri tezliklə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətiriləcək. Bunun mesajını əslində Xankəndidən qaçmağı bacaran terrorçu-xunta rejimində bir vaxtlar "vəzifə" daşıyan Samvel Babayan da verib. O, mübarizə apardığı Bako Saakyan, Arkadi Qukasyan və digərlərinin Azərbaycanda həbs olunmasına sevinəcəyinə eyham vurub. Bu açıqlama isə təsadüfi sayıla bilməz. Çünki hazırda Ermənistanda Qarabağ məsələsi Paşinyan hakimiyyətinə qarşı ittiham kimi irəli sürülür. Müxalifət bu motiv ətrafında birləşir və hakimiyyətə gəlməyə çalışır. Sözsüz ki, Bako Saakyan, Arkadi Qukasyan kimi separatçılar Ermənistana gedə bilsələr, keçmiş "Qarabağ klanı" ətrafında Paşinyan hakimiyyətinə qarşı mübarizə aparacaqlar. Bu isə Nikol Paşinyanla birgə çalışan Samvel Babayanın maraqlarına ziddir.

Ermənistanda da separatçılara olan bu münasibəti nəzərə alsaq, görərik ki, onların etdiklərinin cəzasını çəkməkdən başqa çarələri qalmayıb. Belə ki, onlar Qarabağdan çıxa bilməyəcəklərsə, Azərbaycan qanunvericiliyinin qarşısında cavab verəcəklər. Necə ki, Ruben Vardanyan həbs edildi, eyni taleyi onlar da yaşayacaqlar. Yox, əgər bu şəxslər İrəvana qaça bilsələr, separatçıları Ermənistanda həbs təhlükəsi gözləyir.

 

Jalə QASIMZADƏ,

"Respublika".