BÖYÜK QAYIDIŞ YENİ YANAŞMALAR TƏLƏB EDİR
Digər xəbərlər

BÖYÜK QAYIDIŞ YENİ YANAŞMALAR TƏLƏB EDİR

Ötən əsrin sonlarından başlayaraq Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük inkişaf yolu keçmişdir. Cəmiyyətdə dövlətçilik ənənələri möhkəmlənmiş, müasir sosial-iqtisadi infrastruktur qurulmuş, ölkənin yüksək maliyyə imkanları makroiqtisadi sabitliyə və artıma mühüm töhfələr vermişdir. Müstəqil Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınmış, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Dövlətimizin uğurlu siyasəti sayəsində əldə olunmuş sosial-iqtisadi nailiyyətlər, milli və multikultural dəyərlər, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin bərpa edilməsi qarşıdakı illərdə ölkəmizin qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də gələcək inkişafımızın bütün istiqamətləri dolğun şəkildə öz əksini tapmışdır.

Yeni imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Azərbaycan dövləti əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatı yolunu seçib. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi durmadan möhkəmləndirilir. Özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların əlavə dəyər yaradan sahələrə istiqamətlənməsi ardıcıl surətdə həyata keçirilir.

Bütün bu məqsədlərin uğurla reallaşdırılması insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını qarşıya qoyur. Bu onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı 5 Milli Prioritetin reallaşdırılması nəzərdə tutulub: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.

Nəzərdə tutulmuş prioritetlərin reallaşması idarəetmədə yeni yanaşmalar tələb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində demişdir ki, indi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin, eyni zamanda azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik.

İnnovativ telekommunikasiya, "Böyükhəcmli məlumatlar" (Big Data), digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə olunması sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı "Ağıllı şəhər" və "Ağıllı kənd" xidmətlərinə keçidi şərtləndirir.

Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan "Ağıllı kənd", "Ağıllı şəhər" konsepsiyaları əsasında bərpa olunacaq. Prezidentin müvafiq Sərəncamı ilə "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrupu yaradılıb. İlk belə layihənin təməli işğaldan azad edilmiş Zəngilan rayonunda qoyulub. Layihənin həyata keçirilməsində Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər.

"Ağıllı kənd" layihəsinin əsas məqsədi kənddən şəhərə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara şəhərdə əldə edə biləcəyi bütün xidmətlər yaradılmalıdır. Eyni zamanda kənddə insanların məşğulluğu, daha çox gəlir əldə etmək imkanı təmin edilməlidir. "Ağıllı kənd" konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər arasında fərq faktiki olaraq aradan qalxmış olur.

Keçən il may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağalı kənd sakinləri ilə görüşüblər.

Sakinlər qarşısında çıxışında dövlətimizin başçısı işğaldan azad olunmuş torpaqlara insanların qayıdışı üçün müvafiq şəraitin yaradılmasını önə çəkərək demişdir: “Biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik”.

Müasir dövrdə şəhər və kəndlərdə xidmətlərin göstərilməsində informasiya texnologiyalarının tətbiqi, keyfiyyətinin və səmərəliliyinin artırılması, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

Bununla bağlı dünya təcrübəsində geniş yayılan bir layihəyə diqqəti yönəltmək istəyirəm. 1999-cu ilin oktyabr ayında İtaliyada "yavaş şəhər" (citta slow) beynəlxalq hərəkatı yaradılıb. Hərəkatın məqsədi şəhərlərdə həyatın ritmini yavaşlatmaqla həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Bu hərəkatın fəlsəfəsi mədəniyyətin, eyni zamanda həyat ritminin tarazlığının müəyyən edilməsi ilə bağlıdır. Hərəkatın ideoloqlarından olan Karl Onorenin dediyi kimi, tələsmək yalnız lazım olan vaxtlarda olmalıdır. Məqsəd həyatın düzgün tempini tutmaqdır.

Hazırda bu hərəkat dünyada çox populyardır və artıq bir neçə istiqamətə bölünmüşdür: yavaş şəhər, yavaş təhsil, yavaş elm, yavaş tərbiyə, yavaş incəsənət, yavaş qocalıq, yavaş qidalanmaq və s.

Hərəkat ən böyük dəstəyini İtaliyadan alsa da 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniya da buna qoşulmuşdur. Hazırda dünyanın müxtəlif ölkələrindən hərəkata 250 üzv şəhər vardır.

"Yavaş şəhər" təşkilatının üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən prinsiplərə riayət etməlidir. Əsas prinsiplər isə bunlardır: şəhərdəki həyat keyfiyyətinin yaxşılaşdırılması, qloballaşma ilə qarşıdurma, ətraf mühitin qorunması, hər bir şəhərin mədəni müxtəlifliyini və yeganəliyinin təmin edilməsi, sağlam həyat tərzi üçün şəraitin yaradılması. Üzvlük iki kateqoriya üzrə aparılır: 50 min nəfərdən az əhalisi olan şəhər təşkilatın tam üzvü, 50 mindən çox insan yaşayan şəhərlər "yavaş şəhər"in dəstəkçisi, bəzi insanlar və ailələr isə "yavaş şəhər"in dostları ola bilərlər.

Təşkilata qoşulmaq üçün şəhər əvvəlcə "yavaş şəhər" üçün tələblərin bir hissəsini qarşılamalı və hərəkat prinsiplərinə uyğun inkişaf etməlidir. Hərəkat üzvləri hər il üzvlük haqqı ödəyir. Azərbaycanla qonşu ölkələrdən Rusiyanın Svetlaqorsk, Türkiyənin isə Akyaka, Xalfeti, Pərşəmbı, Vize, Yeni Pazar şəhərləri bu təşkilata qoşulmuşdur.

"Yavaş şəhər"ə nail olmaq üçün nəqliyyatın və səs-küyün azaldılması məqsədilə tədbirlər görülür, yeni yaşıl və piyada zonaları yaradılır, yerli istehsala üstünlük verilir. Məhsul istehsalında ekoloji cəhətdən səmərəli texnologiyalar tətbiq olunur, yaxşı qonşuluq və qonaqpərvərlik mühiti yaradılır.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına artıq başlanmışdır. Ərazilər demək olar ki, bütünlüklə erməni vəhşiliyinə, böyük dağıntılara məruz qalmış, əsl xarabazara çevrilmişdir. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində hələlik "yavaş şəhər" konsepsiyasına uyğun bir neçə şəhər salmaq olar.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra

yonlarının mövcud potensialı, əlverişli coğrafi mövqeyi, iqlimi, eləcə də turizm üçün əlçatanlığı "yavaş şəhər" konsepsiyanın reallaşdırılmasına imkan yaradır. Bu, əhalinin ata-baba yurdlarında dayanıqlı məskunlaşmasının təmin olunmasına, insanların rifah halının, sağlam və uzunömürlü həyat tərzinin yüksəldilməsinə, ekologiyanın qorunub saxlanılmasına, bölgənin tarixi abidələrinin, milli-mənəvi dəyərlərinin dünyaya nümayiş etdirilməsinə mühüm töhfələr verə bilər.

Camal HACIYEV,

Azərbaycan Turizm və Menecment Universitetinin

iqtisadiyyat kafedrasının dosenti,

iqtisadiyyat üzrə fəlsəfə doktoru.