Böyük Qayıdış proqramı uğurla icra edilir
Sosial həyat

Böyük Qayıdış proqramı uğurla icra edilir

2020 -ci il sentyabrın 27-də rəşadətli Azərbaycan ordusu Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etdi.

İkinci Qarabağ müharibəsində kənd, qəsəbə, şəhər və strateji əhəmiyyətli yüksəkliklərin düşmən tapdağından azad edilməsi ilə Azərbaycan böyük tarixi nailiyyətə imza atdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyuldu. Bu tarixi zəfərimiz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Tarixi Zəfər Azərbaycan Ordusunun əsgər və zabitinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha təsdiqlədi.

Vandal ermənilər 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə haylar tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz.

Müharibədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Beynəlxalq hava limanlarının tikintisi ilə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı təmin ediləcək. Yenidənqurma işləri arasında Ağdam-Xankəndi yolunun bərpası da vacib məsələlərdəndir. 26 km uzunluğunda olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, Xankəndiyə ən qısa məsafə hesab olunur. Bundan başqa, Ağdam-Xankəndi yolu Qarabağda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Sözügedən yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə verəcək. Bu cür əlverişli yolun mövcudluğuna baxmayaraq, Ermənistan tərəfi yenə öz məkrli planlarını icra etməyə çalışır. Belə ki, qərb qonşumuz daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir. Maraqlıdır, əgər məqsəd sadəcə humanitar yüklərin daşınmasıdırsa, Ermənistan hakimiyyəti nə üçün belə əlverişli nəqliyyat xəttindən imtina edir. Şübhəsiz, bu yol onların xain planlarını həyata keçirməsinə maneə törədir.

Qarabağın "yaşıl enerji" zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Yaşayış massivlərinin məhz "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir.

Belə ki, təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdış proqramının uğurlu nəticəsi kimi, Ağalıya, Füzuliyə, Laçına əhalinin bir hissəsi artıq geri dönüb. Geri qayıdan ailələr mənzillər, eləcə də iş imkanları ilə təmin edilib. Avqustun 9-da daha 23 ailənin - 93 nəfərin Laçına qayıdışı baş tutub. Köçürülən ailələr dövlətimizin başçısının göstərişi ilə işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə yaşayacaqlar. Beləliklə, Laçın şəhərində 203 ailə, yəni 793 nəfər daimi məskunlaşıb.

Nəzrin ELDARQIZI,

"Respublika".