Böyük Qayıdış dövlətin əsas hədəflərindəndir
Sosial həyat

Böyük Qayıdış dövlətin əsas hədəflərindəndir

Vətən müharibəsindəki qələbəmizdən və ötən il 19-20 sentyabr antiterror tədbirlərinin uğurlarından sonra ölkəmizdə mühüm reallıqlar yarandı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması 200 illik işğal siyasətinə birdəfəlik son qoymaqla yanaşı, həm də yeni Azərbaycan formalaşdırdı. Bu baxımdan, ölkədə yeni seçkilərin keçirilməsi zərurəti yarandı. İlk dəfə olaraq növbədənkənar prezident seçkiləri vətənin hər bir guşəsində, xüsusilə də 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində də keçirildi. Xalq fevralın 7-də prezident seçkilərində layiqli namizədinə səs verməklə mütəşəkkillik nümayiş etdirdi.

Bununla da fevralın 14-də ölkəmizdə yeni dövrün başlanğıcının əsası qoyuldu. Prezident İlham Əliyev növbəti dəfə dövlətimizin başçısı kimi and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başladı.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda duran həllivacib bir çox məsələlərə toxunaraq gələcək inkişaf istiqamətlərinin konturlarını cızdı. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərə sakinlərin köçürülməsi ilə bağlı dedi: "Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir... Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir".

Yenidən qurulan Qarabağ bölgəsi Xəzər dənizini xatırladır. Estakadalar üzərində salınan şəhər və dənizçilərin rahat həyat şəraitini təmin etmək üçün inşa edilən digər infrastruktur binaları dünyanın səkkizinci möcüzəsi adlanırdısa, Qarabağda aparılan möhtəşəm, mükəmməl və nəhəng tikinti işləri dünyanın doqquzuncu möcüzəsinə bərabərdir. Düşmən zülmündən, belə demək mümkünsə, tufanından, qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. Ağalıdan başlayan köç karvanlarının ünvanı yetəri qədərdir. Hələ qarşıda yüzlərlə kənd və şəhərlərimiz öz sakinlərini səbirsizliklə gözləyir. Bəli, bu, Azərbaycan dövlətinin haqlı mübarizəsində qazandığı qələbədən cəmi üç il sonra reallaşdırdığı həqiqətlərdir. Qarabağın qala qapısı adlanan Kəlbəcərin və cənnət Laçının bir güllə atılmadan azad edilməsi Azərbaycan dövlətinin düşünülmüş siyasətinin nəticəsidir. Hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı dünyaya xalq-iqtidar birliyinin sübutu oldu. Hazırda həm Kəlbəcərdə, həm də Laçında sürətli tikinti-abadlıq işləri aparılır. Artıq Laçın şəhərində kifayət qədər keçmiş məcburi köçkün yaşayır. İlk addım isə ötən il atıldı. Prezident İlham Əliyev 28 May - Müstəqillik Günündə Laçına səfər edərək Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verərək, bir sıra obyektlərin açılışında iştirak etdi, mühüm mesajlar verdi və nəhayət, Laçına yenidən həyatın qayıtdığını elan etdi. İlkin olaraq şəhərə 20 ailə, 97 nəfər köçürüldü. Strateji əhəmiyyətə malik, təbii ehtiyatlarla zəngin Laçın həm də iqtisadi, sosial və turistik baxımından böyük əhəmiyyət daşıyır. 2025-ci ildə istifadəsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava limanı isə bölgənin dünyaya açılan hava qapısı olacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qayıdıb. Ötən il Füzuli şəhərinə 308 (1 106 nəfər), Laçın şəhərinə 363 (1 389 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 109 (545 nəfər), Laçının Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb. 2023-cü ilin dekabrına qədər işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 987 ailə (3 932 nəfər) məskunlaşıb. Bu il yanvar ayının 30-na kimi 1360 ailə, 5354 nəfər doğma yurdlarına qayıdıb. 2026-cı ilədək 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulur. Birinci mərhələdə Laçında 4 minə yaxın insanın yaşayacağı haqqında məlumat verilsə də, şəhərə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Ümumilikdə isə 2026-cı ilədək Qarabağda 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulur ki, bu da minlərlə sakinin öz doğma yurduna qayıdışını təmin edəcək.

Şairin də dediyi kimi, bəzənib başdan-başa şəhərləri, kəndləri. Qarabağ bu gün dövlətin qayğı və diqqəti ilə yaralarını sarıyıb, xoş növrağına qovuşur. Laçın da sakinlərini qoynuna aldıqca hər qarışı canlanır. Bu gün şəhər öz rahatlığı və səliqəsi ilə göz oxşayır. Hər tərəfdə abadlıq işləri aparılır, mərhələli şəkildə köçürülən əhali illərlə sürən sakitliyə son qoyaraq, şəhərdə həyatı canlandırırlar. Görülən işlər və real nəticələrə nəzər yetirmək üçün uzaqdan olsa da, Laçın şəhərinə qısa ekskursiya etdik. Ötən ilin sentyabr ayında Laçın şəhərinə köçən Həcər Kazımova ilə həmsöhbət olduq. Əvvəla, qısa arayış verək ki, Həcər xanım bu şəhərdə doğulub, böyüyüb. 1 nömrəli orta məktəbdə təhsil alıb. Xankəndi Universitetinin tarix fakültəsinin məzunu olub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünlük həyatı yaşayıb. Vətən müharibəsində Azərbaycanın 44 günə əldə etdiyi qələbə bütün keçmiş məcburi köçkünlər kimi, onun da həyatına işıq salıb. Böyük Qayıdış planına uyğun olaraq ötən il Həcər xanım da ailəsi ilə birgə doğma yurdlarına qayıdıb. Uzun illər ixtisası üzrə müəllim işləyən, hazırda isə təqaüddə olan müsahibimiz sevincli günlər yaşadıqlarından danışdı. Onu da qeyd edək ki, Həcər xanım və qohumları işğaldan əvvəl yaşadıqları evlərinə, qardaşı isə ata yurduna köçüb. Həmin evləri dövlət yüksək səviyyədə təmir-bərpa edib. Hazırkı vəziyyətlərindən qürur və fərəhlə danışaraq dövlətin onlar üçün yaratdığı şəraitdən razılıq etdi: "İllərlə xəyal etdiyimiz arzumuza çatmışıq. Lazımi bütün şərait yaradılıb, daimi qaz, su, işıqla təmin edilmişik. Heydər Əliyev kimi dahi bir şəxsiyyətin, Vətən fədaisinin oğlu, Ali Baş Komandan İlham Əliyev bizim yurd həsrətimizə son qoydu. Artıq öz doğma ocağımızda - Laçındayıq. Prezidentimizin "Laçın, sən azadsan" müjdəsi illərlə köz bağlayan yaralarımıza məlhəm oldu. Bundan fərəhli, sevincli heç nə ola bilməz. Biz də ölkə başçımıza minnətdarlığımızı 7 fevral Zəfər seçkilərində yekdilliklə bildirdik. Seçki günü Laçında da insanlar aktivlik nümayiş etdirdilər. Həmin gün sanki bir bayram idi. Hamı öz seçimini etmək üçün növbəyə durmuşdu. Layiqli namizədinə səs vermək hüququnu qürurla həyata keçirirdi. Laçında Zəfərimizi qeyd etmək üçün sanki yarışırdıq. Bu, çox gözəl, müqəddəs bir hissdir". Həcər xanımla söhbətimiz əsnasında hazırda Laçında insanların məşğulluğu ilə maraqlandıq. Bildirdi ki, bəli, sakinlər işlə təmin edilib. Oğlum da "Həkəri Balıqçılıq Təsərrüfatı"nda çalışır. Eyni zamanda şəhərdə mebel fabriki və digər iş yerləri də mövcuddur.

İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin sosial rifahı və məşğulluğu xüsusi diqqətdə saxlanılır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçınlılar bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqlar.

Ramidə YAQUBQIZI,

"Respublika".