Böyük güclərin rəqabət meydanı
Siyasət

Böyük güclərin rəqabət meydanı

Ermənistan hər zaman beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edir. Yalan iddiaları ilə istədikləri dəstəyi ala bilməyən separatçıların hələ NATO xülyaları da var.

Ermənistanın NATO ilə əlaqələrinin güclənməsi və rəsmi üzv olma xəyalları da səbəbsiz deyil. Ən əsas səbəb, hərbi təhlükədən qorunmaq və bölgədə müdafiə baxımından güc əldə etməkdir. Lakin bölgədə hərbi gərginlik yaradan elə Ermənistanın özüdür. NATO-ya üzv dövlətlərdən biri də Türkiyədir. Ona görə də Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Amma Türkiyənin cavabı qətidir. Ermənistanın NATO-ya üzvlüyü məsələsi səsə qoyularsa belə Türkiyə bir veto ilə bu istəyi ləğv edə bilər. Digər tərəfdən, separatçılar ərazidə münaqişə yaratdığı, Qarabağ torpaqlarından çıxmadığı müddətcə, Ermənistan NATO-ya üzv qəbul edilə bilməz.

Ermənistanın Avropa ilə münasibətləri də çox zaman çətin bir trayektoriyada irəliləyir. Bu münasibətlər bir sıra siyasi, hüquqi və regional məsələlərdə müşayiət olunur. Həm Ermənistan, həm də Avropa İttifaqı üçün təsirli olmayan bəzi məqamlar mövcuddur. Birinci və ən əsas məsələ, erməni separatçı təşkilatlarının Gürcüstana qarşı düşmən mövqeyi və Gürcüstanın ərazi bütövlüyünə hörmət etməməsidir. Bu, Ermənistanın regional stabilliyi pozan və Avropa ilə münasibətlərini məhdudlaşdıran bir məsələdir. Buna əlavə, Ermənistanın Qarabağla bağlı məsələdə separatçı mövqedən çıxış etməsini qeyd etmək olar. Bu məsələlər Ermənistanın beynəlxalq cəmiyyətlə əməkdaşlığa olan baxışını, hüquqi norma və standartlara hörmətsizliyini əks etdirir. Avropa İttifaqı, Ermənistanın bu məsələlərin həlli üçün daha aktiv addımlar atmasını və regional stabilliyi təmin etməsini gözləyir.

Ümumilikdə, Ermənistanın Avropa ilə münasibətləri incə telə bağlıdır. Münasibətlərin normallaşması üçün ermənilər münaqişələrin diplomatik yollarla həllinə can atmalıdır, lakin separatçılardan belə davranış gözləmək bu gün absurd görünür.

Sovet İttifaqının dövründə də Azərbaycan və Ermənistan arasında mübahisələr yaranıb və bunlar SSRİ-nin dağılmasından sonra da davam edib. Azərbaycanın mərkəzə daha çox qatqı verməsinə baxmayaraq, Ermənistan həmişə İttifaq büdcəsindən əlavə pul almağa çalışıb. Onların Rusiyadan əlavə imtiyazlar alma xəyalları bu gün də davam edir. Lakin Rusiya və Azərbaycan arasındakı münasibətlər isə uzun tarixi və siyasi əməkdaşlığa dayanır. Bu iki ölkə arasındakı münasibətlər energetika, hərbi tərəfdaşlıq kimi müxtəlif sahələrdə inkişaf edir. İki ölkə hərbi tərəfdaşlıq sahəsində bir sıra müqavilələr və razılaşmalar imzalayıblar.

Bölgə zəngin təbii sərvətlərə, o cümlədən neft və qaz ehtiyatlarına malikdir və bu, onu enerji investisiyaları üçün cəlbedici məkana çevirir. Fransanın enerji şirkətləri bu resurslara çıxışı təmin etməyə və enerji sektorunda sərfəli tərəfdaşlıqlar qurmağa çalışır. Rusiya-Ukrayna arasında vasitəçi mövqeyində çıxış etmək istəyən Fransa bu vəzifəni Türkiyə öz öhdəsinə götürdükdən sonra ümidini Cənubi Qafqaza bağlayıb. Zavallı ermənilər isə problemləri başdan aşan fransızlardan kömək umur. Fransa artıq Afrikada öz gücünü itirməyə başlayıb. 60 il əvvəl Fransanın müstəmləkə siyasətindən canını qurtararaq azadlıq əldə edən Çad əhalisi Fransanın səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirərək əməkdaşların ölkəni tərk etməsini tələb ediblər. Fransa bu ölkənin bir sıra regionunda hələ də hərbi hissələr saxlayır.

Faya-Laroj şəhərində Məhəmməd Daku Həmid adlı tibb işçisi Fransa əsgərləri tərəfindən güllələnib. Hadisədən sonra yerli əhali Fransa hərbi bazasının qarşısında toplaşıb və bazanın ölkədən çıxarılmasını tələb edib. Paytaxt Nicamenada Fransa səfirliyi qarşısında avtomobil yandırılıb və kütləvi etiraz aksiyaları başlayıb.

Ermənistan öz bölücü, təxribatçı xislətindən əl çəkmədiyi müddətcə dəstək alması real görünmür. Azərbaycan hər zaman Ermənistana və erməni əsilli şəxslərə humanist mövqedən yanaşıb. Onlar Azərbaycanın şərtlərinə müsbət yanaşmalı və böyük dövlətlərin əlaltısı olmaqdan çəkinməlidirlər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".