Böyük dövlətlərin türkofobiyasının pərdəarxası
Digər xəbərlər

Böyük dövlətlərin türkofobiyasının pərdəarxası

Əksər hallarda bəzi böyük dövlətlərin türk dünyasından çəkindiyinin və xüsusi qısqanclıqla yanaşdığının şahidi oluruq. Bəs türkofobiyanın arxasında nə dayanır? Millət vəkili Vüqar İsgəndərov məsələyə münasibət bildirərək günümüzdə türk dövlətlərinin birləşməsindən, qüdrətli türk birliyinin yaranmasından hələ də qorxan ölkələrin, qurumların, təşkilatların mövcud olduğunu deyib.

Bu qorxunun isə bir sıra səbəbləri var. Birincisi, həmin dövlətlər türklərin böyük imperiyasının yüz illərlə yaşadığını bilirlər. İkincisi, həmin ölkələr fərqindədirlər ki, sözügedən imperiyalar heç vaxt dünyada dağıdıcı siyasət yürütməyib, əksinə, bu yerlərin mədəniyyəti və digər dəyərləri qorunub saxlanmış, inkişaf etdirilmişdir. Başqa bir vacib məsələ isə türk xalqının qorxmazlığı, mərdliyi, döyüşkənliyi və ən əsası ədalət üçün vuruşmasıdır. Sadaladığımız keyfiyyətlər, həmçinin türklərin məskunlaşdığı məkan, idarə etdiyi dövlət onlara nüfuz qazandırmışdır. Bütün bunlar digər böyük ölkələrdə türkofobiya yaratmışdır. Təsadüfi deyil ki, məhz bu qorxu türkçülüklə bağlı əks təbliğatlarla nəticələnmişdir. Hətta böyük dövlətlərin əksəriyyəti erməni kartından istifadə edərək saxta erməni soyqırımı məsələsini də qabartmışlar. Bu gün müasir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri dünyaya nümunə kimi göstərilir.

Ermənistanla qarşıdurmalara baxmayaraq, bu gün Azərbaycanda, Türkiyədə minlərlə erməni yaşayır və onların yaşayışına heç bir maneə törədilmir. İstanbul, Ankara kimi böyük şəhərlərdə hətta erməni məhəllələri də mövcuddur. Bütün bunlar türk xalqının tolerant, digər millətlərə hörmət edən bir xalq olduğunun göstəricisidir. Türk dövlətlərinin bu üstünlükləri onu sevməyənlərin də sayını artırır. Çünki reallığı qəbullanmaq istəməyən dövlətlər öz əhalisinin türklərə qarşı olan rəğbətindən çəkinirlər. Azərbaycanın bugünkü müasir inkişafı, son qələbələri, iqtisadi üstünlükləri, yaratdığı yeni reallıqlar, həmçinin qardaş Türkiyənin sürətli inkişafı, hərbi-sənaye kompleksinin yaradılması gücümüzü, sözümüzün kəsərini artırır. Türk dövlətləri tarixin, zamanın sifarişi ilə birləşir. Türk Dövlətləri Birliyi bu gün məhz bu ölkələrin liderlərinin səyləri nəticəsində günü-gündən inkişaf edir. Türk birliyi, həmçinin sabitliyin, sülhün, dostluğun təbliğatçısıdır. Bu birliyi gözü götürməyənlər isə daim layiqli cavabını alacaq. Gələcəkdə türk dövlətlərinin birliyi təkcə öz coğrafiyamız üçün yox, dünya birliyi üçün də vacib dəyərləri inkişaf etdirəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".