Bölgədə inkişafın, davamlı sülhün tərəfdarı
Digər xəbərlər

Bölgədə inkişafın, davamlı sülhün tərəfdarı

"2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. ... Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsi zamanı bu fikirləri səsləndirib. Ölkə başçımız hazırda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh sazişinin imzalanması istiqamətində danışıqların aparıldığını bildirib.

Azərbaycan Ermənistanın ərazilərimizi 30 il işğal altında saxladığı müddətdə münaqişənin həllinə danışıqlar yolu ilə nail olmağa ciddi səy göstərsə də, düşmən ölkə birmənalı şəkildə bununla razılaşmamış, ədavətini, işğalçı siyasətini davam etdirmişdir. 44 günlük müharibədə torpaqlarını geri almaqla azğınlaşmış ermənilərə dərs verən ölkə başçımız "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq" kimi fikirlər səsləndirsə də, Ermənistanın rəsmi dairələri hələ də sülh sazişi imzalamağa tərəddüd edir. Bölgədə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasının tərəfdarı olan Azərbaycan isə sülh müqaviləsinin bağlanmasının vacibliyini bildirir. Ədaləti hərb yolu ilə bərpa etmiş ölkənin işğalçı tərəfə sülh təklif etməsi onun humanistliyinin, sülhpərvərliyinin nümunəsidir. 30 il qonşu dövlətin ərazilərini zəbt edib, yeraltı-yerüstü sərvətlərini talayan, yurd yerlərini viran qoyan, soyqırımları, deportasiyalar həyata keçirən düşmənin isə bu təklifi hələ də dəyərləndirməməsi onun alçaq niyyətindən, düşmənçilik mövqeyindən əl çəkmədiyinin göstəricisidir.

Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq tanınır. Və erməni havadarları istisna olmaqla beynəlxalq ictimaiyyət bilir ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın öz ərazilərinin bütövlüyü uğrunda apardığı haqq savaşı idi.

Eyni zamanda, qalib ölkənin öz düşməninə sülh təklif etməsi və 3 ilə yaxındır ki, bu istiqamətdə fasiləsiz olaraq ciddi addımlar atması ölkəmizin nəinki bölgədə, bütün dünyada müharibələrin, münaqişələrin tərəfdarı olmadığını sübut edir.

İkinci Qarabağ müharibəsindən ötən üç ilə yaxın müddət ərzində beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərin hər birində ölkə başçımız eyni mövqe nümayiş etdirmiş, regiona sülhün gəlməsi üçün lazımi addımlar atmış, təkliflərini vermişdir. Hər dəfə bir bəhanə ilə sülh müqaviləsinin imzalanmasından boyun qaçıran, danışıqlarda başqa, danışıqlardan sonra isə bir başqa yanaşma ortaya qoyan Nikol Paşinyan havadarlarının dəstəyi ilə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmur, eyni zamanda bütövlükdə Cənubi Qafqazı münaqişə ocağına çevirməyə çalışır. Təbii ki, Ermənistan öz istəyini, arzusunu həyata keçirmək iqtidarında deyil, lakin bu da məlumdur ki, vəziyyəti gərginləşdirmək, təhlükəsizliyi, əmin-amanlığı təhdid edən əməllər törətmək ermənilərə xas olan məsələdir.

Azərbaycan bəlkə də yeganə ölkədir ki, qalib tərəf olsa da düşməninə sülh təklif edir, regionda, təhlükəsizliyin bərqərar olmasına çalışır. Lakin bunu dəyərləndirməyən Ermənistan öz acı taleyi ilə barışmalı olacaq. Çünki sülh sazişi gec və ya tez Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Müstəqil siyasət yürüdən Azərbaycan yalnız sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyir. Təbii ki, bu vasitəçilər arasında Avropa İttifaqının Prezidenti Şarl Mişelin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Azərbaycanla qarşılıqlı hörmətə, etimada, maraqlara əsaslanan əlaqələr quran Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ciddi səy göstərir və bu baxımdan Brüssel formatı fəal dialoq formatına çevrilib. Belə ki, bu il may ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Brüssel görüşündə hər iki lider tərəfindən ölkələrin ərazilərinin konkret qeyd olunması, faktiki olaraq Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməsi dövlətimizin diplomatik uğurunun növbəti mərhələsi oldu. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə baş tutan 6-cı görüşdə də tərəflər 1991-ci il Almatı Bəyannaməsinə və ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqlədilər.

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdı. Bundan sonrakı mərhələ isə bunun rəsmi sənəd kimi imzalanmasıdır ki, məhz bu halda iki ölkə arasında sülh mümkün olacaq. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərinin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona uzunmüddətli sülhü gətirmək istəyində olan Azərbaycanın mövqeyidir və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".